EN

Bakıda Qərbi azərbaycanlıların milli geyim irsi albom kitabın təqdimatı keçirilib

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi baş tutub.

Tədbir 8 Mart - Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunub.

Mərasim görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edilib.

"Qərbi azərbaycanlıların milli geyim irsi" layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanıb. Tədbirin moderatoru Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı olub.

Təqdim olunan albom-kitabda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb.

Burada təqdim edilən geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb. Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa olunmuş iki dəst milli geyim daxil edilib.

Tədbirin açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir.

Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva isə çıxışında deyib ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı çıxışında bildirib ki, Qərbi Azərbaycanın maddi və mənəvi mədəni irsi Azərbaycan xalqının ümumi mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, bu irsin araşdırılması və təbliği milli yaddaşın qorunmasına xidmət edir.

Milli geyimlər üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova layihə barədə ətraflı məlumat verərək bildirib ki, təqdim olunan geyim nümunələri müxtəlif tarixi mənbələr və rəssamların əsərləri əsasında araşdırılıb və bərpa edilib. O qeyd edib ki, məqsəd Qərbi azərbaycanlıların zəngin geyim mədəniyyətini elmi əsaslarla təqdim etmək və geniş ictimaiyyətə çatdırmaqdır.

Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirilib.

Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı olub.

Ziyarətçilər burada Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus geyim ənənələrini əks etdirən nümunələrlə tanış olmaq imkanı əldə ediblər. Sərginin martın 8-dək davam edəcəyi bildirilib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
8
baku.ws

9Sources