ain.az bildirir, Azertag portalına istinadən.
London, 5 mart, AZƏRTAC
Böyük Britaniyada sığınacaq müraciəti rədd edilmiş və uşaqları olan ailələrə ölkəni könüllü tərk etmələri üçün 40 min funt sterlinqədək maliyyə təklifi olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud yeni miqrasiya və sığınacaq islahatlarını açıqlayarkən bildirib.
Yeni plana əsasən, sığınacaq müraciəti rədd edilmiş və uşaqları olan ailələrə Böyük Britaniyanı könüllü şəkildə tərk etmələri üçün hər ailə üzvünə 10 min funt olmaqla ümumilikdə 40 min funtadək vəsait təklif ediləcək. Ailələrə bu təklifə cavab vermək üçün yeddi gün vaxt veriləcək. Təklifi qəbul etməyənlər isə sonradan məcburi qaydada ölkədən çıxarıla bilərlər.
Daxili İşlər Nazirliyi artıq miqrantların yerləşdirildiyi hotellərdə yaşayan 150 ailə üçün pilot proqram başladıb və ilk təkliflər göndərilib.
Hökumət bildirir ki, bu addım vergi ödəyiciləri üçün daha sərfəlidir. Rəsmi hesablamalara görə, üç nəfərlik bir ailənin sığınacaq hotellərində bir il yerləşdirilməsi təxminən 158 min funt sterlinqə başa gəlir. Bununla yanaşı, hökumət uşaqlı ailələrin ölkədən hüquqi şəkildə çıxarılması ilə bağlı yeni qaydalar üzrə ictimai məsləhətləşmələrə də başlamağı planlaşdırır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.