EN

Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumunu pisləyib - YENİLƏNİR

Bakı, 5 mart, AZƏRTAC

Beynəlxalq ictimaiyyət İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumunu pisləyib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmiləri İranın hücumunu qəti şəkildə qınayıb, Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında yazıb ki, iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir. “Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə səfir bildirib.

Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib. Qətər Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib ki, Türkiyənin ballistik raketlə və Azərbaycanda isə hava limanının İran PUA-ları ilə hədəf alınması düşmənçilik hərəkətləridir. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib. Nazirlik, həmçinin Qətər Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Litvanın xarici işlər naziri Kestutis Budris İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumu qəti şəkildə pislədiklərini bildirib. XİN başçısı ölkəsinin Azərbaycanla həmrəy olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığı da İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb. Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb. Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir. Bəyanatda, həmçinin qeyd olunur ki, Krallıq hökuməti və xalqı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb. Həmçinin regionda eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərilən səylər yüksək qiymətləndirilib.

Moldova Naxçıvan Muxtar Respublikasının mülki obyektlərini hədəf alan və iki mülki şəxsin yaralanması ilə nəticələnən hücumları qətiyyətlə pisləyib. Ölkənin xarici işlər və inteqrasiya naziri Mixail Popşoy teleqram kanalında daha sonra yazıb: “Moldova Azərbaycanla həmrəydir və onun suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”.

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilən pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə qınayıb. Nazirlik bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin genişlənməsi riskini artıran hücumlara ən qısa zamanda son verilməsinin zəruriliyini bir daha qeyd edib. XİN Türkiyənin hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Küveyt Dövləti də İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb. Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir. Nazirlik, həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında bir neçə vətəndaşın xəsarət alması ilə nəticələnən pilotsuz təyyarə hücumunu pisləyən bəyanat yayıb. Gürcüstan XİN vurğulayıb ki, beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən hərəkət qəbuledilməzdir.

“Gürcüstan möhkəm dostluq və strateji tərəfdaşlığını nəzərə alaraq bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir", - deyə bəyanatda bildirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Naxçıvan şəhərindəki hava limanına İranın pilotsuz uçuş aparatlarının hücumunu qətiyyətlə pisləyib. Dövlət başçısı baş verənləri qardaş və müttəfiq Azərbaycan dövlətinə qarşı akt kimi qiymətləndirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın Yaxın Şərq və Avropa ölkələrinə hücumlarından sonra Azərbaycana qarşı hücumunu pisləyib. Nazirin fikrincə, bu ölkənin Azərbaycana hücumu bir daha göstərir ki, İran regional deyil, qlobal təhlükədir.

Fransa da İranın Azərbaycana dron hücumunu pisləyən ölkələrdəndir.

“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır”, - deyə bu barədə Fransanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayılıb.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut da İranın Naxçıvana dron hücumunu pisləyib.

Səfir “X” sosial media hesabında yazıb: “İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də təəssüf ki, yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi Azərbaycana qarşı hücumla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın üzv dövlət kimi üzləşdiyi hadisələrlə bağlı dərin narahatlıq bildirilib, Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilib. Təşkilat baş verən hadisələrdən zərər çəkən insanlara səmimi dəstəyini verərək vurğulayıb ki, bütün hallarda mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunması əsas prioritet olaraq qalmalıdır. Bildirilib ki, heç bir mülki şəxs qeyri-sabitlik və zorakılığın qurbanına çevrilməməlidir.

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq hücumlardan dərin narahatlıq ifadə ediblər.

Chosen
73
4
azertag.az

5Sources