EN

Dambrauskas: “Baş verənlər məni narahat etməyə bilməz” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 finalında “Qəbələ”yə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, ilk oyundan qolsuz ayrılmış komandaların cavab görüşündə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.

Penaltilər seriyasına 4:2 hesabıyla qalib gəlmiş “Sabah” yekunda yarımfinala yüksələn tərəf olub. Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm. Çox çətin oyun oldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da “Qarabağ” geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə “Qəbələ” ilə oyunumuz var. Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir.

Bu gün düşünmədiyimiz bir şey gerçəkləşdi. Birinci hissədə rəqibə ümumiyyətlə, fürsətlər vermədik. Oyunu nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Qısa müddətdə iki qol buraxmağımızın səbəblərini daha yaxşı təhlil etməliyik. Psixoloji və ya taktiki amillər ola bilər.

Hələ yarımfinal oyunlarının təqvimi bəlli deyil. Mənim fikrim qarşıdan gələn “Qəbələ”, “Sumqayıt” və “İmişli” ilə çempionat matçlarındadır. Bunlardan sonra yarımfinal matçları haqda fikirləşərik.

Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
40
7
arena.az

10Sources