EN

Epşteynin 18 milyonluq SİRLİ əməliyyatı

ABŞ-da cinsi istismar qalmaqalının mərkəzində olan maliyyəçi Cefri Epşteyn həbsindən cəmi bir gün əvvəl Mərakeşdə milyonlarla dollar dəyərində saray almağa cəhd edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən ötən ay açıqlanan sənədlərdə maraqlı detallar ortaya çıxıb.

Sənədlərə görə, Epşteyn 2019-cu ilin iyulunda – həbs olunmazdan bir gün əvvəl Mərakeşdə yerləşən dəbdəbəli mülkü almaq üçün milyonlarla dollar köçürmə edib. Sənədlərə görə, Epşteyn 5 iyul 2019-cu ildə Mərakeşin məşhur Palmeraie bölgəsində yerləşən və “Bin Ennakhil” adlanan lüks saraya sahib olan ofşor şirkətin alınması üçün təxminən 14,95 milyon dollar məbləğində bank köçürməsi edib. Əslində, bu əməliyyat 18 milyon avro dəyərində planlaşdırılıbmış və sənədlərdə göstərilir ki, bu, Epşteynin həbs olunmazdan əvvəl həyata keçirdiyi son böyük maliyyə əməliyyatı olub. Lakin Epşteyn həbs edildikdən üç gün sonra onun mühasibi Riçard Kan köçürməni ləğv edib və alış prosesi yarımçıq qalıb.

Mərakeş mediası iddia edir ki, Epşteyn ABŞ-da yeni ittihamların irəli sürüləcəyini hiss etdiyi üçün bu ölkədə sığınacaq tapmaq istəyib. Bunun səbəbi isə Mərakeşlə ABŞ arasında ekstradisiya müqaviləsinin olmamasıdır. Epşteynin adının açıqlanmasını istəməyən keçmiş əməkdaşlarından biri isə fərqli versiya səsləndirib. Onun sözlərinə görə, Epşteyn yaxınlaşan həbsdən xəbərsiz olub, sadəcə, yeni lüks iqamətgah əldə etmək istəyib. “Onun üçün dünyadan kənarda, kral kimi yaşaya biləcəyi yeni bir məkan axtarmaq tam məntiqli idi”, – deyə keçmiş əməkdaş bildirib.

Sənədlər göstərir ki, Epşteynin Mərakeşlə əlaqələri ən azı 2000-ci illərin əvvəllərinə gedib çıxır. Onu ən çox ittiham edən şəxslərdən biri olan Virciniya Cuffre xatirələrində Epşteyn və onun yaxın tərəfdaşı Gisleyn Maksvell tərəfindən Mərakeşə aparıldığını yazır. Onun sözlərinə görə, həmin səfərlər zamanı onlar Tanjer şəhərində bir neçə lüks mülkün interyerini araşdırırdılar. Epşteyn Karib adalarındakı iqamətgahını Mərakeş üslubunda yenidən dizayn etdirmək istəyirdi. 2002-ci ildə isə o, Bill Klintonun dəvəti ilə Mərakeş kralı VI Məhəmmədin sarayında keçirilən bir tədbirdə iştirak edib.

Epşteynin almaq istədiyi “Bin Ennakhil” sarayı Mərakeş memarlığının nadir nümunələrindən sayılır. Məlumata görə, sarayın tikintisində 1300-dən çox sənətkar çalışıb. Mülk incə daş oyma naxışlar, əl işi mozaikalar və ənənəvi Mərakeş memarlıq elementləri ilə bəzədilib. Bu saray bir vaxtlar alman milyarder iş adamı Günter Kissə məxsus olub. Sənədlərdə maraqlı bir plan da yer alır. Daşınmaz əmlak şirkəti Epşteynə belə bir vergi strategiyası təklif edib - əmlak rəsmi sənədlərdə 10 milyon avroya satılmış kimi göstəriləcək, əsl əməliyyat isə ofşor şirkətin səhmləri vasitəsilə 20 milyon avro üzərindən həyata keçiriləcək.

Bu üsul Epşteynə həm vergiləri azaltmağa, həm də əmlak sənədlərində öz adının görünməməsinə imkan verəcəkdi. Sənədlərdə göstərilir ki, Epşteyn Mərakeşə səfərləri zamanı varlı əcnəbilərin yaşadığı Palmeraie bölgəsində qalıb. O, Qətər kral ailəsinin üzvü olan Cabor əl-Tani ilə yaxın münasibətlər saxlayır və onu “ərəb qardaşı” adlandırırdı.

Epşteyn 2019-cu ilin iyulunda ABŞ-da yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ittihamı ilə həbs olunmuşdu. Bir ay sonra isə Nyu-Yorkdakı həbsxanada ölü tapıldı. Rəsmi versiyaya görə, o intihar edib. Lakin bu hadisə dünya mediasında hələ də müzakirə olunan ən böyük qalmaqallardan biri sayılır.(Musavat.com)

Chosen
102
3
olke.az

4Sources