EN

Uşaqlarda artıq çəki problemi -

Növbəti 14 ildə dünyada piylənmədən əziyyət çəkən uşaqların sayının 227 milyona çatacağı proqnozlaşdırılır. Mütəxəssislər bildirir ki, xüsusilə 5–19 yaş aralığında olan uşaqlar və yeniyetmələr bu risklə daha çox üz-üzədir. Proqnozlara görə, 2040-cı ilə qədər dünyada 500 milyondan çox uşaq artıq çəkidən əziyyət çəkə bilər. Bəs valideynlər uşaqlarda artıq çəkinin qarşısını almaq üçün gündəlik qidalanma və həyat tərzində nələrə diqqət etməlidirlər?Pediatr Günay Rəsulova Metbuat.az-a açıqlamasında son zamanlar uşaqlarda kilo probleminin həddindən artıq çox müşahidə olunduğunu təsdiqləyib. Həkimin sözlərinə görə, bunun əsas səbəblərindən biri uşaqların daha çox hərəkətsiz həyat tərzi keçirməsidir: “Xüsusilə vaxtlarının böyük hissəsini telefon, planşet və kompüter qarşısında keçirən uşaqlarda hərəkətsizlik çəki artımına səbəb olur və nəticədə “obezite”, yəni piylənmə xəstəliyinin yaranmasına şərait yaradır. Hipodinamiya, yəni az hərəkətlilik piylənmənin etiologiyasında dayanan əsas faktorlardan biridir. Digər mühüm səbəblərdən biri isə uşaqların qidalanma tərzinin düzgün olmamasıdır. Fəstfudlar, qazlı sular, şəkərli içkilər və yüksək şəkər qatqılı qidalar uşaqların əlavə, gərəksiz kalori qəbul etməsinə səbəb olur və bu kalorilər orqanizmdə piy şəklində depolanır. Bundan başqa, stress faktoru da uşaqlarda kökəlmə və piylənmə probleminə səbəb ola bilər. Çünki stress yaşayan uşaq gərəyindən artıq yeməyə meylli olur və nəticədə qəbul etdiyi artıq qida çəki artımına gətirib çıxarır”.G.Rəsulova bunun qarşısını almaq üçün ailələri bir sıra məqamlara diqqət yetirməyə çağırıb: “Birincisi, uşaqlara yaşına uyğun deyilsə, telefon alınmamalıdır. Yəni məktəbli uşağın şəxsi əşyası kimi telefonunun olmasının tərəfdarı deyilik. İkinci növbədə kompüter və planşet qarşısında keçirilən vaxta məhdudiyyət qoyulmalıdır. Bu müddət mütləq limitli olmalı, gündə bir saatı, böyük məktəb yaş qrupunda isə iki saatı keçməməli və fasilələrlə istifadə edilməlidir. Üçüncü olaraq uşaqların fiziki aktivliyi artırılmalıdır. Onların idmanla məşğul olması təşviq edilməli, qız uşaqları üçün rəqs, oğlan uşaqları üçün isə sevdikləri hər hansı idman növü seçilərək həmin fəaliyyətlə məşğul olmalarına şərait yaradılmalıdır”. Pediatr qeyd edib ki, uşaqların qidalanmasına ciddi diqqət yetirilməlidir: “Fəstfud tipli qidalar, abır-cuburlar, yüksək şəkər tərkibli məhsullar və enerji içkiləri uşaqlara verilməməlidir. Bunun əvəzinə balanslı qidalanma təmin olunmalı, sutka ərzində faydalı zülal, karbohidrat və yağların qəbuluna, eləcə də vitamin və mikroelementlərlə zəngin meyvə-tərəvəzin rasionda yer almasına diqqət yetirilməlidir. Bu qaydalara əməl olunarsa, uşaqlarda kilo problemi yaranmaz”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
118
metbuat.az

1Sources