EN

Finlandiyada məişət zorakılığı ilə bağlı yardım üçün müraciətlərin sayı artıb

Stokholm, 6 mart, AZƏRTAC

Finlandiyada yaxın münasibətlər zamanı yaşanan zorakılıq halları səbəbindən yardım istəyənlərin sayında rekord artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ötən il Ana və Uşaq Sığınacaqları Assosiasiyasının xidmətləri təxminən 12 min nəfərə kömək edib. Bu rəqəm onilliyin əvvəlindəki göstəricilərlə müqayisədə xeyli çoxdur.

Müraciətlərin artması regionlardakı mərkəzlərdə də müşahidə olunur. Belə ki, Seynyayoki şəhərindəki sığınacaq 2024-cü ildə 57 gün tam dolu olub. Mütəxəssislər bunu ailədaxili problemlərin daha da mürəkkəbləşməsi və zorakılıq qurbanlarının sığınacaqlarda daha uzun müddət qalması ilə izah edirlər. Orta hesabla qalma müddəti təxminən 16 gündür.

Qeyd olunur ki, yeni tendensiyalardan biri də gənclər arasında romantik münasibətlərdə zorakılıq hallarının artmasıdır. Ötən il 13–21 yaş arasında 400-dən çox gənc zorakılıqla üzləşdikdən sonra yardım üçün müraciət edib.

Ekspertlər vurğulayırlar ki, erkən mərhələdə kömək üçün müraciət etmək ağır nəticələrin və ailə faciələrinin qarşısını ala bilər. Sığınacaqda qaldıqdan sonra zərərçəkənlərin bir çoxu böhran xidmətləri və qarşılıqlı dəstək proqramları vasitəsilə yardım almağa davam edir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Chosen
90
3
azertag.az

4Sources