EN

ABŞ və İsrail İran cəmiyyətindən istədiklərini ala bilmir

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pərvanə SULTANOVA[email protected]

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə bir həftəyə yaxındır ki, davam edir. Müharibə Cenevrədə fevralın 26-da baş tutan İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların üçüncü raundundan iki gün sonra, fevralın 28-də başlayıb. Diplomatiyaya müəyyən ümidlər qalsa da, hadisələrin gedişi ABŞ-ın İrana zərbələr endirəcəyini istisna etmirdi. Belə ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirdi. Müharibə davam etdikcə, narahatlıqlar da artır. Çünki artıq müharibənin arealı genişlənib, İran ABŞ hərbi bazalarının olduğu region ölkələrinə zərbələr endirir. İndi əsas suallardan biri müharibənin nə qədər davam edəcəyi, hansı mümkün ssenarilərin gündəmə gələ bilməsidir.

Politoloq İlqar Vəlizadə "525-ci qəzet"ə müsahibəsində ilk növbədə danışıqların getdiyi vaxtda niyə ABŞ-ın müharibə başlatması məsələsinə aydınlıq gətirib.

 - Hamı bu və ya digər şəkildə başa düşürdü ki, ABŞ-ın şərtləri və İranın irəli sürdüyü şərtlərlə ortaq məxrəcə gəlmək çox çətindir. Düzdür, danışıqlar gedirdi, tərəflər açıqlamasalar da, fərz etmək olar ki, İranın nüvə proqramı ilə bağlı hansısa cüzi razılaşmalar əldə olunurdu. Lakin bu minvalla hadisələr inkişaf etsəydi, danışıqlar uzanacaqdı, aylarla vaxt tələb edəcəkdir. Bu da ABŞ-a sərf etmirdi. Bundan əlavə, İranın da müəyyən qırmızı cizgiləri var idi ki, onları aşa bilməzdi. Xüsusilə də ABŞ-ın tələbləri təkcə nüvə proqramı ilə kifayətlənmirdi, məlumdur ki, burada digər tələblər də irəli sürülürdü. Onların arasında ballistik raketlərlə bağlı tələblər də var idi ki, Birləşmiş Ştatlar İranın ümumiyyətlə bu raketləri istehsal etməməsində israr edirdi. Bundan başqa, Tehranın regionda yerləşən proksi qüvvələrə dəstəyini dayandırması da əsas şərtlərdən biri idi. Söhbət HAMAS-dan, husilərdən və digər qüvvələrdən gedir. Amma bu məsələdə də İran tərəfinin mövqeyi dəyişilməz olaraq qalırdı. Bütün hallarda görünən odur ki, danışıqlar aparılırdı, amma hər halda ABŞ üçün istənilən nəticələri vermirdi. İsrailin və ABŞ-ın həm siyasətçilərinin, həm də ekspertlərinin ümumi rəyinə görə, Tehran danışıqlar aparması görüntüsünü yaratsa da, sadəcə olaraq vaxt uzatmaqla məşğul olub. Ona görə də hər iki tərəf - həm ABŞ, həm İran belə vəziyyətdə vaxtdan istifadə edərək öz qoşunlarını müharibəyə hazırlayırdılar. Proseslərin gedişi buna aparırdı və belə də oldu. Hətta danışıqlar prosesində də belə iddia olunurdu ki, danışıqlar tərəflərin müharibə planlarına təsir etməyəcək. Hər iki tərəf müharibəyə hazırlaşırdı. Sonda biz müharibəni gördük.

- Ötən yayda müharibə 12 gün davam etdi. Sizcə, indi müharibənin hansı müddətə qədər davam edəcəyini proqnozlaşdırmaq olar?

- Müharibənin daha bir neçə gün, bir neçə həftə çəkə biləcəyinə dair fikirlər var. Bir neçə aydan ümumiyyətlə söhbət getmir. Başqa bir ehtimal da bundan ibarətdir ki, müharibə fasilələrlə aparıla bilər. Yəni bu mərhələdən sonra tərəflər yenidən danışıqlara gedəcəklər, əgər növbəti danışıqlar nəticə verməsə, yenə də müharibə başlana bilər. Belə fərziyyələr var. Hər şey hadisələrin gedişatından asılıdır. Çox uzağı düşünmək çətindir. Çünki hadisələr çox sürətlə dəyişir. Bugünkü proqnozlar sabah artıq mənasız olur. Gözləyək necə olacaq.

- ABŞ müharibə, yaxud danışıqlar yolu ilə istədiyi bütün nəticələri əldə edə biləcək?

- ABŞ bu işi ötən ildən başlayıb. Bu, artıq ikinci mərhələdir. Görünən odur ki, Donald Tramp çalışacaq ki, öz səlahiyyəti müddətində İrana təzyiqlər göstərsin. Davamlı müharibədən danışmaq yəqin ki, düzgün olmaz. Çünki quru qoşunların İrana yeridilməsi, İraqdakı prosesin təkrarı mümkün görünmür. Vaxtilə Birləşmiş Ştatlar İraqa quru qoşunlar yeritdi, orda tam fərqli mənzərə yaranmışdır. İranda bu ssenarilər nəzərdən keçirilmir. Ona görə ki, İranda ABŞ-ı dəstəkləyən qüvvələr demək olar ki, yoxdur, çox az qüvvə ola bilər ki, onların təsiri də cüzidir. Başqa ssenarilər var. Məsələn, dövlət çevrilişi ilə hakimiyyətin dəyişdirilməsi və s. Mən düşünürəm ki, Tramp çalışacaq ki, təkcə raket zərbələri ilə kifayətlənməsin, bu ssenariləri də reallaşdırmağa müvəffəq olsun. Söhbət ondan getmir ki, İranda amerikapərəst qüvvələrin hakimiyyətə gəlməsinə çalışırlar, bu, belə deyil. Amerikapərəst qüvvə olmasa da belə, Birləşmiş Ştatların şərtlərini qəbul edən qüvvələrin hakimiyyətə gətirilməsi daha labüd görünür. Bu şəkildə hadisələr inkişaf edə bilər. Yenə də İranda bütün bu ssenarilərin nə dərəcədə reallaşa biləcəyini biz indidən deyə bilmərik. Lakin etiraf etmək lazımdır ki, hər bir hərbi ssenari, yaxud təzyiq ssenariləri müəyyən nəticələr verir. O mənada ki, İranın həm iqtisadiyyatı zəifləyir, həm hərbi potensialı tükənir, eyni zamanda da, İrandaxili proseslər də bu və ya digər şəkildə sürətlənir. Yəni məqsəd budur. Prosesin hansı nəticələr verəcəyini dediyim kimi, bəri başdan söyləmək çətindir. Çünki hər şey təkcə bu müharibənin gedişindən asılı deyil, eyni zamanda, dünyada, ətrafda gedən proseslərdən asılıdır. Ona görə də gözləyək. Trampın hakimiyyətinin bitməsinə hələ 3 il var. Təsəvvür edin ki, bu illər ərzində Tramp və İsrail hakimiyyəti bu siyasətdən əl çəkməsələr, İranın effektli şəkildə təzyiqlərə tab gətirməsi sual altındadır.

Mən bir məsələyə də diqqət çəkmək istəyirəm. Bu da İranda insanların, cəmiyyətin reaksiyasıdır. İran cəmiyyəti Venesuelanın, yaxud İraqın, Liviyanın cəmiyyəti kimi deyil. Onlarda müəyyən səfərbərlik müşahidə olunur. Yəni ABŞ və İsrail İran cəmiyyətindən istədiklərini ala bilmirlər. amerikapərəst qüvvələrin qalxıb hakimiyyəti devirəcəkləri kimi ssenarilər görünmür. Bunun səbəbi odur ki, hər bir cəmiyyətdə belə bir düşüncə var ki, daxili işlərmiz bizə aid olan məsələdir, xaricdən kiminsə təzyiqi ilə hakimiyyəti dəyişdirsək, onda biz necə dövlət adlana bilərik. Belə bir düşüncə tərzi var. Bu, Şahdan sonrakı dövrdə yaranmayıb, illərlə ortaya gəlmiş bir ideyadır, təfəkkür məsələsidir. Daxili problemlər var, amma onları özümüz həll etməliyik. Şahın varisinin gətirilməsi ilə bağlı müxtəlif ssenarilər səsləndiriləndə cəmiyyətin əksər hissəsi daha da qəzəblənir. Çünki o adam cəmiyyətdə yaşamayıb, onun dərd-sərini bilmir, hansı üsullarla belə mürəkkəb cəmiyyəti idarə edə biləcəyi məsələsi də açıq qalır. Ona görə də insanlar belə ssenariləri qəbul etmirlər. Hakimiyyətin ideoloji dayaqlarının dəyişilməsini istəyən qüvvələr var, amma yenə  də deyirəm ki, kiminsə təsiri altında bunu etmək istəmirlər.

- Müharibə başlayandan narahatlıq yaradan bir məqam da Hörmüz boğazı ilə bağlıdır. Ümumiyyətlə, boğazın bağlanması halında nə baş verə bilər?

- ABŞ-İsrail-İran müharibəsi dörd gündür davam edir, amma Hörmüz boğazı ilə bağlı gərginlik artıq dünya neft-qaz birjalarına təsir göstərməyə başlayıb. Neftin qiyməti artır, təminat zəncirlərində problemlər yaranır. Bu regionun, Avrasiyanın iri iqtisadiyyatlarına çox ciddi mənfi təsir göstərir. Burda təkcə Körfəz ölkələri deyil, eyni zamanda, ordan neft alan Hindistan, Çin, Yaponiya, Avropanın özü də zərər görür. Əgər bir neçə günə belə təşviş yaranırsa, təsəvvür edin ki, müharibə həftələrlə davam etsə, bu ölkələrin iqtisadiyyatlarına hansı təsirləri, təzyiqlər olacaq. Bu, çox ciddi təzyiqdir. Həmçinin İran Səudiyyə Ərəbistanının, Qətərin və digər ölkələrin neft-qaz infrastrukturuna ciddi zərbələr endirir. Tutaq ki, boğaz açılsa, gəmilər ordan keçməyə başlasa, zərər çəkən zavodlar, emal müəssisələri, yaxud da mədənləri bir-iki günə bərpa etmək mümkün olmayacaq. Bunun üçün vaxt tələb olunur. Ona görə də Körfəz ölkələri ABŞ-a müraciət edirlər ki, gərginlik azalsın. Çünki müharibə hələ də davam edir, həmin qeyd edilən obyektlər hərbi təsir altındadır, zərbə alan obyektlərin sayının artması istisna deyil. Düşünürəm ki, bunun effekti İraq müharibəsinin effektini də aşa bilər. Çünki orada İraqın özü və Küveytlə bağlı müharibə aparılırdı. Burda isə coğrafiya genişdir. Ona görə bir çox amillər var ki, bu müharibəyə birmənalı yanaşmağa imkan vermir, bu, sanki qarışqa yuvasını tərpətməyə bənzəyir.

Regionda müəyyən münasibətlər sistemi var idi, iqtisadi, siyasi balans yaranmışdı, bu balans pozulandan sonra zəncirvari proseslər gedə bilərdi və artıq gedir. Zəncirvari proseslər hansı xəttə gətirib çıxara, regiona, qonşu ölkələrə necə təsir göstərə bilər, bunları dəqiq demək olmaz. Hər halda yaxşı nəsə görünmür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz narahatıq, İran xalqının yanındayıq və müharibənin dayandırılmasına çağırış etdi. Bu, ondan xəbər verir ki, regiondakı müharibənin acı nəticələri bütün ətraf ölkələrə təsir göstərir ki, bu da heç kimə lazım deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
525.az

1Sources