ABŞ İrana qarşı hərbi əməliyyatlarını davam etdirərkən, administrasiya daxilində strateji müzakirələrin getdiyi iddia edilir. "Middle East Eye" ilə danışan üç keçmiş ABŞ rəsmisi və yüksək vəzifəli regional rəsminin sözlərinə görə, müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubio İranla müharibənin necə aparılacağı barədə fikir ayrılıqları yaşayırlar.
Hafta.az yazır ki, Heqset İsrailin tələblərinə uyğun olaraq İrana qoşun göndərmək fikrinə daha çox meyllidir, Rubio isə ABŞ-ı regional bataqlığa sürükləyə biləcək uzunmüddətli müharibəyə ehtiyatla yanaşır.
Körfəz rəsmisi bildirib ki, ABŞ həmçinin İrana xüsusi əməliyyat qüvvələri göndərmək və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvlərini hədəf almaq kimi variantları da nəzərdən keçirir.
Müdafiə naziri Heqset jurnalistlərin ABŞ qoşunlarının quru əməliyyatlarında iştirak edib-etməyəcəyi ilə bağlı suallarına kəskin cavab verib. "Xeyr, amma nə edəcəyimiz və ya etməyəcəyimiz barədə müzakirəyə girməyəcəyik", - deyə əlavə edib: "Niyə düşmənə və ya başqasına məqsədə çatmaq üçün hansı addımları atacağımızı deməliyik?"
Qeyd olunur ki, Heqset müharibə prosesi boyunca mətbuat konfranslarında daha aqressiv mövqe tutub və hərbi planlar haqqında ətraflı məlumat verməkdən yayınıb.
Mənbələrə görə, Rubio hesab edir ki, ABŞ qoşunlarının yerləşdirilməsi daxili siyasətdə və ictimai rəydə ciddi əks-səda yarada bilər.
Keçmiş yüksək vəzifəli hərbi məmur Rubionun quru qoşunlarına münasibətdə xüsusilə ehtiyatlı olduğunu və Heqsetin sərt ictimai ritorikasından narahat olduğunu bildirib.
"Middle East Eye" ilə danışan mənbələr həmçinin İranla müharibəni dini missiya kimi təsvir edən bəzi açıqlamalarla bağlı administrasiyada narahatlıq olduğunu bildiriblər.
Bəzi hərbi personalın komandirlərin müharibəni "Tanrının planının bir hissəsi" kimi təsvir etməsindən şikayətləndikləri bildirilir. Heqsetin mühafizəkar xristian kimliyi və sinəsindəki xaç döyməsi də mübahisənin mərkəzindədir. Lakin ABŞ prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilib-göndərilməməsi ilə bağlı dəqiq mövqe bildirməkdən yayınır.
Bir qəzetə verdiyi müsahibədə Tramp deyib: “Mən qoşun göndərməmək barədə təşvişə düşmürəm. Hər prezident deyir ki, “Biz qoşun göndərməyəcəyik”. Mən bunu demirəm”.
Tramp həmçinin, “Yəqin ki, buna ehtiyac olmayacaq” və ya “Lazım gələrsə, nəzərdən keçirəcəyik” kimi ifadələrdən istifadə edib.