EN

Yeyib-içdikdən sonra həmkəndlisinə araq butulkası ilə xəsarət yetirdi - QƏRAR

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Bəşir Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama görə, Bəşir Ömərov 24 fevral 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Göyçay rayonunun İnçə kəndində yerləşən fərdi yaşayış evində həmkəndlisi, zərərçəkmiş Xəlil Kərəmovla (adı, soyadı şərtidir) birlikdə spirtli içki qəbul edib. Sonra tərəflər arasında heç bir əsaslı səbəb olmadan mübahisə yaranıb. Təqsirləndirilən şəxs zərərçəkmişin evdən çıxıb getməsini bəhanə edərək cəmiyyətdə qəbul olunmuş davranış normalarına açıq-aşkar hörmətsizlik nümayiş etdirib. O, öz iradəsini zor tətbiq etməklə qarşı tərəfə qəbul etdirmək, şəxsi üstünlüyünü nümayiş etdirmək və eqoist niyyətini zorakı formada ortaya qoymaq məqsədilə xuliqanlıq zəminində hərəkət edib.

 

İstintaq materiallarında qeyd olunur ki, Bəşir əvvəlcə Xəlilin sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirib. Daha sonra masanın üzərində olan şüşə araq butulkasını götürərək onun başının alın nahiyəsinə vurub və nəticədə Xəlilə xəsarət yetirib.

 

Göyçay Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilib. Eyni zamanda, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, Bəşir barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Qərardan narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

 

Kamal Məmmədov

Tarix: 6 Mart 2026, 10:30   
Chosen
110
pravda.az

1Sources