EN

Bank sektorunda canlanma: Kredit qoyuluşları artsa da, faizlər aşağı düşmür

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda təmin edilmiş sağlam və münbit investisya mühiti ölkə iqtisadiyyatına yönələn sərmayələrin və kapital axınlarının artmasına səbəb olmaqdadır. Ötən ildə əhəmiyyətli həcmlərdə iqtisadiyyata yatırılan sərmayə qoyuluşları 2026-cı ilin ilk aylarında da davam edib. Cari ilin ilk ayında əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz artıb. İnvestisiyanın 758,6 milyon manatı və ya 54 faizi məhsul  istehsalı  sahələrinə, 551 milyon  manatı xidmət sahələrinə, 96,3 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub. Kapital qoyuluşlarının 1 milyard manatı və ya 71,4 faizini daxili investisiyalar təşkil edib.

Qeyd edilən dövrdə iqtisadiyyata kredit qoyuluşları da əhəmiyyətli həcmdə  artıb və yanvarda kreditlərin həcmi 31 milyard 863,7 milyon manat təşkil edib. Bu, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 8,7 faiz çoxdur. Kredit qoyuluşunun 22 milyard 142,7 milyon manatı və yaxud 69,5 faizi özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,1 faiz çoxdur. Dövlət banklarının kredit qoyuluşu 7 milyard 837,3 milyon manat təşkil edib ki, illik müqayisədə 8,7 faiz artım deməkdir. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,6 faiz olub. Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyon manat olub. Bu, illik müqayisədə 4 faiz çoxdur.

Depozit portfeli 41 milyard manatı ötüb

Yanvarda banklarının depozit portfeli 41 milyard 319,6 milyon manat təşkil edib ki, bu, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 2,8 faiz çoxdur. Bunun 47,8 faizi  yaxud 19 milyard 762 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb.

Ev təsərrüfatlarının əmanətləri 13,4 faiz artaraq 16 milyard 666,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,5 faiz artaraq 4 milyard 891 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin 21 milyard 550,5 milyon manatı qısamüddətli, 19 milyard 769,2 milyon manatı isə uzunmüddətli olub.

Kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsi də son aylarda artım tempi nümayiş etdirməkdədir. Fevralın 1-nə olan məlumata görə, aqrar sektora yönələn kreditlərin həcmi 2 milyard 70 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 293,5 milyon manat və ya 16,5 faiz artım deməkdir.

Yeri gəlmişkən, ötən dövrdə bank sektorunun “yaşıl layihə”lərə də kredit qoyuluşları artıb. Mərkəzi Bank tərəfindən ötən il təsdiqlənmiş “Yaşıl Taksonomiya” sənədi ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsi, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsi, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsini nəzərdə tutur. Məhz bu prinsiplərə uyğun olaraq bank sektoru bərpa olunan enerji, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” sahələrinə kreditləşməni artırıb.

Tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 712,8 milyon manat olub ki, bu da  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 340,7 milyon manat və ya 24,8 faiz artım deməkdir.

Banklar müştərilərə verdiyi kreditlərdən 356 milyon manat qazanıb

Kredit bazasının genişlənməsi bankların da gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Fevralın 1-nə qədər bankların müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri 356,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 20,8 faiz artım deməkdir. Kreditlərdən gəlirlər bankların cəmi faiz gəlirlərinin böyük hissəsini. təxminən 80 faizini təşkil edir.

Göründüyü kimi bankların kreditlər üzrə faiz gəlirləri kifayət qədər çoxdur. Bu, rəqəm həm də ona dəlalət edir ki, kreditlərin faiz dərəcələrinin yüksək olması banklar üçün kifayət qədər gəlir əldə etməyə imkan verir. Yəni son bir ildə kredit faizləri nəinki aşağı salınıb, hətta yüksəlib. Halbuki bankların faizləri aşağı salmaqla, yenə də gəlir əldə etmək potensialları var. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması, bankların kredit portfelinin böyüməsi  faizləri artırmağa yox, azaltmağa imkan yaradır. Hazırda ölkə üzrə kreditlərin orta faizi isə 17-18 faizdir. Hətta, bundan yüksək faiz dəhlizi mövcuddur, xüsusilə də regionalrda 19 faizə çatır. Məsələn, Dağlıq Şirvanda 19,67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19,13, Lənkəran-Astara iqtisadi rayonunda 19,1, Şirvan-Salyan iqtisadi rayonunda 18,75, Mərkəzi Aranda 18,59, Qazax-Tovuz iqtisadi rayonunda 18,42 faizdir.

Reallıq ondan ibarətdir ki, banklar dövlətin verdiyi resurslar hesabına, yəni Sahibkarlara Kömək Fondu və digər dövlət mənbələri ilə güzəştli kreditlərdən başqa, öz resursları hesabına 5 dəfə daha çox real sektora ucuz fazilərlə kredit yönəldə bilər. Mövcud iqtisadi şərait, bank sektorunun vəziyyəti, həyata keçirilən kredit siyasəti və digər amillər isə bank kreditlərinin bahalaşmasını deyil, əksinə daha da aşağı salınması diqtə edir. Ona görə də, banklar kredit faizlərini daha da aşağı salmalı, iqtisadi dəyər yaradan sahələrin təşviqində güzəştli kredit həcmlərini və çeşidlərini artırmalıdır.  

ELBRUS

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
1
yeniazerbaycan.com

2Sources