ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında rəisin keçmiş köməkçisi Rəşad Həsənov işdən qanunsuz çıxarıldığını iddia edərək, məhkəməyə müraciət edib.
Bizimyol.info xəbər verir ki, Rəşad Həsənov “əmrin qanunsuz sayılması” və “işə bərpa” tələbi ilə Penitensiar Xidmətə qarşı məhkəmədə iddia qaldırıb.
2010-cu ildən penitensiar sistemdə - 2 saylı İstintaq Təcridxanasında inspektor kimi işə başlayan Rəşad Həsənov daha sonra təcridxanada başqa vəzifələrdə çalışıb, rəisin köməkçisi təyin edilib. 2023-cü ildə isə ona töhmət verilib və iş yeri dəyişdirilib. O, Şəki Penitensiar Müəssisəsinin rejim-nəzarət şöbəsinə inspektor təyin edilib. Daha sonra isə ədliyyə orqanlarında xidmətdən xaric edilib. Onun işdən çıxması barədə əmrdə göstərilib ki, Rəşad Həsənov “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunu və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini pozub. O, üzrlü səbəb olmadan yeni iş yerində xidmətə çıxmaqdan imtina edib.
Rəşad Həsənov məhkəməyə şikayətində göstərib ki, o, səhhətindəki problemlərlə əlaqədar Şəki Penitensiar Müəssisəsinə işə gedə bilməyib. Onun sözlərinə görə, müxtəlif xəstəxanalardan verilmiş bülletenlər də bunu təsdiq edir.
Rəşad Həsənov məhkəməyə müraciətində 2 saylı İstintaq Təcridxanasındakı işinə bərpa olunmasını xahiş edib. O, qeyd edib ki, təcridxana rəisinin qərəzli münasibəti nəticəsində ona heç bir əsas olmadan əvvəl töhmət verilib. Daha sonra onun təqdimatı ilə iş yeri dəyişdirilib.
Penitensiar Xidmət isə məhkəməyə etiraz məktubunda Rəşad Həsənovun ikayətinin əsassız olduğunu bildirir: “Əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmadığına və digər ciddi pozuntulara yol verdiyinə görə “ədliyyə orqanlarından xaric etmə” növündə intizam məsuliyyətinə cəlb olunub. Xidmətə çıxmamasının guya onun xəstəliyi ilə əlaqəli olmasını göstərmək üçün Gəncə şəhəri və Samux rayonunda yerləşən müxtəlif səhiyyə müəssisələrinin işçiləri ilə sövdələşərək əmək qabiliyyətinin olmaması vərəqələri əldə edib”.
Məhkəmə Rəşad Həsənovun şikayətini təmin etməyib.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.