Bakı, 6 mart, AZƏRTAC
Yenidoğulmuşlarda pnevmoniya həyatın ilk 28 günü ərzində yaranan ağciyərlərin infeksion-iltihabi xəstəliyidir. Bu dövrdə uşağın immun sistemi hələ tam formalaşmadığı üçün orqanizmin infeksiyalara qarşı müqaviməti çox zəif olur. İnfeksiya ağciyər toxumasını tez zədələyə və normal qaz mübadiləsini poza bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun neonatoloqu Sevinc Yusubova deyib.
O qeyd edib ki, yenidoğulmuşlarda pnevmoniya çox vaxt qəfil başlayır və sürətlə inkişaf edir. Xəstəliyin ilkin mərhələsində simptomlar zəif ola bilər ki, bu da erkən diaqnozu çətinləşdirir. Vaxtında aşkarlanmadıqda infeksiya qana keçərək sepsisə səbəb olur. Bu vəziyyət isə uşağın həyatı üçün birbaşa təhlükə yaradır. Pnevmoniya xüsusilə vaxtından əvvəl doğulmuş və az çəkili uşaqlarda daha ağır keçir:”Yenidoğulmuşlarda pnevmoniyanın yaranmasının əsas səbəbləri bakterial və viral infeksiyalardır. Bəzi bakteriyalar, məsələn, “Group B Streptococcus”, “Escherichia coli” və “Staphylococcus aureus” körpələr üçün xüsusi təhlükə daşıyır. Viruslar isə ağciyər toxumasına zədələyici təsir göstərərək tənəffüs yollarının iltihabına səbəb olur və xəstəliyin inkişafını sürətləndirir”.
Sevinc Yusubova vurğulayıb ki, yenidoğulmuşlara pnevmoniya diaqnozu qoyulandan dərhal sonra müalicə başlamalıdır. Çünki müalicənin gecikdirilməsi xəstəliyin sürətlə ağırlaşmasına səbəb olur. “İlkin mərhələdə əsas müalicə infeksiyaya qarşı antibiotiklərin verilməsindən ibarətdir. Çox vaxt infeksiyanın konkret törədicisi məlum olmadan empirik müalicəyə başlanılır və sonradan analiz nəticələrinə uyğun olaraq dərmanlar dəqiqləşdirilir. Dəstəkləyici müalicə pnevmoniyanın idarəolunmasında çox vacibdir. Körpənin orqanizminə kifayət qədər oksigen çatdırılması əsas məqsədlərdən biridir. Bu məqsədlə, oksigenoterapiya tətbiq olunur. Nəfəs çatışmazlığı dərin olduqda CPAP və ya süni tənəffüs aparatlarından istifadə edilə bilər. Bu üsullar ağciyərlərin açıq qalmasına və oksigen mübadiləsinin yaxşılaşmasına kömək edir. Maye və elektrolit balansının qorunması da müalicənin mühüm hissəsidir. Qidalanma pozulduğu üçün körpənin maye ehtiyacı venadaxili yolla ödənilə bilər. Eyni zamanda, bədən temperaturunun stabil saxlanılması üçün körpə termonevtral mühitdə yerləşdirilir. Bu, əlavə enerji itkisinin qarşısını alır və sağalma prosesini sürətləndirir. Əgər pnevmoniyanın səbəbi virus və ya göbələk infeksiyasıdırsa, müvafiq antiviral və ya antifungal preparatlar təyin olunur. Müalicə prosesi ərzində körpənin vəziyyəti daim nəzarətdə saxlanılır, analizlər təkrar qiymətləndirilir və müalicə planı zərurət olduqda dəyişdirilir. Bu kompleks yanaşma pnevmoniyanın uğurla müalicə olunmasının əsas şərtidir”, - deyə o diqqətə çatdırıb.