EN

Şərqdə qadınlara seçib seçilmək hüququnun verildiyi ilk ölkə Azərbaycan

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da böyük ehtiram və hörmətlə qeyd olunur. Bu əlamətdar gün qadınların cəmiyyətdəki rolunun, onların hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mübarizənin rəmzi kimi qəbul edilir. Azərbaycan isə qadın hüquqları sahəsində tarixən mühüm və qabaqcıl addımlar atan ölkələrdən biri kimi tanınır.

Tarixə nəzər saldıqda görürük ki, Şərq dünyasında qadınlara seçib-seçilmək hüququnun verilməsi məhz Azərbaycanla bağlıdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərə əsaslanan mühüm qərarlar qəbul etmiş və qadınların siyasi hüquqlarını təmin edən tarixi addım atmışdır. Beləliklə, qadınlara seçib-seçilmək hüququnun verilməsi ilə Azərbaycan təkcə Şərqdə deyil, bir çox inkişaf etmiş Qərb ölkələrindən də əvvəl bu sahədə nümunə göstərmişdir.

Bu fakt Azərbaycan xalqının qadına verdiyi yüksək dəyərin, cəmiyyətdə qadın və kişi bərabərliyinin qədim ənənələrə söykəndiyinin bariz göstəricisidir. Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi, mədəni və elmi həyatında mühüm rol oynamış, dövlətçilik və milli dəyərlərin qorunmasında böyük xidmətlər göstərmişlər. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə qadınlara ən böyük dəyər verilməyə başlanmışdır. Dövlət qadın siyasəti haqqında qərar qəbul olunmuşdur

Müstəqil Azərbaycanın inkişafında da qadınların rolu olduqca böyükdür. Bu gün ölkəmizdə qadınların hüquqlarının qorunması, onların dövlət idarəçiliyində, siyasətdə, elm və təhsildə, eləcə də digər sahələrdə fəal iştirakının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələrində fəallıq göstərərək ölkəmizin tərəqqisinə mühüm töhfələr verirlər.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət qadınların hüquqlarının qorunmasına və onların cəmiyyətdə layiqli yer tutmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların liderlik imkanlarının artırılması və ictimai həyatda rolunun daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

8 Mart – Beynəlxalq Qadınlar Günü bir daha sübut edir ki, Azərbaycan qadını təkcə ailənin deyil, həm də cəmiyyətin dayağıdır. Zəngin mənəvi dəyərləri, vətənpərvərliyi, zəhmətkeşliyi və fədakarlığı ilə seçilən Azərbaycan qadınları ölkəmizin inkişafında və gələcəyinin qurulmasında mühüm rol oynamaqda davam edirlər.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və həyatlarının bütün sahələrində yeni uğurlar arzulayırıq. Azərbaycan qadını hər zaman cəmiyyətimizin qürur mənbəyi olmuşdur və bundan sonra da olacaqdır.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
sesqazeti.az

1Sources