“Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan bəri cənub qonşumuz İranın ölkəmizə qarşı zaman-zaman apardığı ikili və çirkin siyasətin şahidi olub. Bu siyasətin müxtəlif mərhələlərdə fərqli formalarda ortaya çıxmasına baxmayaraq, mahiyyəti dəyişməyib. Azərbaycana təzyiq göstərmək, onu zəiflətmək və regionda güclənməsinin qarşısını almaq”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, tarixə nəzər salsaq, İranın Azərbaycana qarşı həyata keçirdiyi planların siyahısı kifayət qədər uzundur: “Qarabağ münaqişəsi dövründə tutulan mövqe, İkinci Qarabağ müharibəsi zamanı sərgilənən davranışlar, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və nəhayət, martın 5-də Naxçıvana qarşı həyata keçirilən dron hücumu bu siyasətin ən açıq və bariz nümunələridir.
Naxçıvan istiqamətində həyata keçirilən bu hücum təkcə hərbi təxribat deyil. Bu, açıq şəkildə Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı törədilmiş terror aktıdır. Azərbaycan dövləti bu çirkin və qəbuledilməz addımı qətiyyətlə pisləyir və bu cinayətin məsul şəxslərinin dərhal məsuliyyətə cəlb edilməsini tələb edir.
Lakin Tehran rejimi bir məsələni qətiyyən unutmamalıdır: Azərbaycana qarşı təhdid və terror dili ilə danışmaq həmişə çox baha başa gəlib və bundan sonra da belə olacaq.
Tarix artıq bunu dəfələrlə sübut edib. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktından sonra rəsmi Bakı sərt mövqe ortaya qoydu və nəticədə Tehran Azərbaycanın tələblərini qəbul etməyə məcbur oldu. Bu gün baş verən hadisələr də fərqli nəticə verməyəcək”.
F. İbrahimli əlavə edib ki, Azərbaycan heç vaxt öz suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hücumlarla barışmayacaq: “Silahlı Qüvvələrə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı verilən təlimatlar bunun açıq göstəricisidir. Ordunun yüksək hazırlıq vəziyyətinə gətirilməsi isə Tehrana ünvanlanan ciddi və aydın mesajdır.
Eyni zamanda İranın dövlət qurumlarının nəzarətində olan media resursları uzun müddətdir Azərbaycana qarşı çirkin təbliğat və böhtan kampaniyası aparır. Məqsəd aydındır – İranda yaşayan milyonlarla azərbaycanlının diqqətində güclənən Azərbaycan dövlətinin nüfuzunu zədələmək və onu gözdən salmaq.
Çünki Tehran yaxşı bilir ki, müstəqil və güclü Azərbaycan bu gün İranda yaşayan azərbaycanlılar üçün də bir ümid simvoluna çevrilib.
Lakin bütün bu təbliğata baxmayaraq həqiqət dəyişmir. Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı öz ərazisindən istifadə olunmasına imkan verməyib və verməyəcək. Azərbaycanın siyasəti qarşıdurma deyil, sabitlik və əməkdaşlıq üzərində qurulub.
Buna baxmayaraq Naxçıvana endirilən zərbə açıq şəkildə nankorluq və siyasi riyakarlığın nümunəsidir.
Azərbaycan hətta gərgin dövrlərdə belə humanist mövqeyini qoruyub. Son hadisələr zamanı belə İran tərəfinə başsağlığı mesajları göndərilib, diplomatik əlaqələr saxlanılıb və çətin vəziyyətdə qalan İran diplomatlarının təxliyəsinə yardım göstərilməsi qərarı verilib.
Belə bir münasibətin qarşılığında Naxçıvana zərbə endirilməsi isə sadəcə siyasi səhv deyil, həm də böyük strateji korluqdur.
Bu gün İranın regionda izlədiyi siyasət getdikcə daha çox “batırıamsa hamını batırım” strategiyasını xatırladır. Daxili və xarici problemlərlə üzləşən Tehran gərginlik yaratmaq yolu ilə vəziyyətdən çıxmağa çalışır.
Lakin tarix göstərir ki, bu cür siyasət heç vaxt uğur gətirməyib. Əksinə, bu yol dövlətləri daha dərin siyasi və geosiyasi bataqlığa sürükləyib.
Tehran rejimi anlamalıdır ki, regionda sabitliyi pozmaq, qonşulara qarşı təxribatlara əl atmaq və terror üsullarına müraciət etmək ilk növbədə elə İranın özünü daha ağır böhrana aparır.
Azərbaycan isə öz mövqeyində qətiyyətlidir. Ölkənin suverenliyi və vətəndaşlarının təhlükəsizliyi qırmızı xətdir. Bu xətti keçmək istəyən hər bir qüvvə Azərbaycanın gücü ilə üzləşəcək.
44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan dövlətinin səbrinin də, gücünün də həddi var. O hədd keçildikdə isə region “Dəmir yumruq”un nə demək olduğunu görür.
Bu gün Naxçıvana edilən hücum da cavabsız qalmayacaq. Diplomatik, siyasi və hərbi müstəvidə bütün lazımi addımlar atılacaq.
Tehran isə bir reallığı gec olmadan anlamalıdır: Azərbaycana qarşı düşmənçilik siyasəti regionu xaosa aparmaqla yanaşı, İranın özünü də təhlükəli uçuruma sürükləyir. Son olaraq onu deyə bilərəm ki, bu siyasətin ən ağır bədəlini sonda elə İran rejiminin özü ödəməli olacaq”.
Mürtəza