İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.
Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Baş nazirin müavini Samir Şərifov təqdim ediblər.
"OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır.
Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması “OBA” marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.