Bu gün aydın oldu ki, Misli premyer-liqasının lideri olan “Sabah” PSJ-nin 20 yaşlı qapıçısı Bilal Laurendonu heyətinə qatmaq istəyir.
Mənbə Fransanın məşhur “L'Équipe” nəşridi. Həmkarımız iddia edir ki, “əlcək sahibi” cari mövsümün sonunda Masazır təmsilçisiylə müqavilə imzalayacaq. Qolkiperin parislilərlə anlaşmasının müddəti bu ilin yayında başa çatacağından “bayquşlar”ın heyətinə azad agent kimi qoşulacaq.
“Football-plus.az” xəbər verir ki, Laurendon Mərakeşin U-20 millisinin də üzvüdü. 193 sm boya malik olan qapıçı paytaxt təmsilçisinin əsas komandasında debüt etməsə də, bir neçə matçda iştirak ərizəsində yer alıb. O, hazırda klubun U-23 komandasında forma geyir.
Maraqlıdı, bəs, “Sabah”ın formasını geyən qapıçı Stas Pokatilovun taleyi necə olacaq? Laurendonun transfer edilməsi Qazaxıstan millisinin üzvüylə yayda yolların ayrılacağına işarədi?
Bu barədə bilgi almaq məqsədilə “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında qolkiperin ayrılmasının gündəmdə olmadığını bildirdi.
Xatırladaq ki, Pokatilovun “Sabah”la müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.
KƏNAN BAHADIR