EN

Siyasi şərhçi: Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər iradəsi var

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İran Silahlı Qüvvələrinin Naxçıvanda mülki obyektlərə dron zərbələri endirməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq və hiddət doğurub.

Baş vermiş hadisədən dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi dövlətin məsələyə son dərəcə ciddi yanaşdığını göstərir. İclasda dövlətimizin başçısı hadisəni sərt şəkildə qınayaraq bunu terror hücumu kimi qiymətləndirib, İran tərəfinin üzr istəməsini, izahat verməsini və hücumu törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Baş verən insident beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına səbəb ola bilər. İran tərəfinin mülki infrastruktura, o cümlədən məktəb binasına zərbə endirməsi birmənalı şəkildə terror aktıdır. Mənəvi baxımdan isə bu hadisə Azərbaycana qarşı nankorluq, riyakarlıq və xəyanət kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli bildirib.

O qeyd edib ki, İranın müxtəlif rəsmi strukturları hadisə ilə bağlı təkzib bəyanatları versələr və araşdırmaların başlandığını bildirsələr də, Azərbaycan-İran münasibətlərinin uzun illər ərzində formalaşmış təcrübəsi və iki ölkə arasında baş vermiş hadisələrin tarixi göstərir ki, belə insidentlər təsadüfi xarakter daşımır. Ötən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilirdi. İranın dövlət strukturlarının nəzarətində olan media resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirməyə yönəlmiş təbliğat həyata keçirilirdi. Bu proseslərin həm daxili, həm də beynəlxalq ictimai rəyi müəyyən istiqamətə yönəltmək və gələcək addımlar üçün zəmin yaratmaq məqsədi daşıdığı ehtimal edilir.

Ə.Abbasbəylinin sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin sağlam və səmimi təməllər üzərində qurulmasına mane olan bir sıra amillər uzun illərdir dilə gətirilir. Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran, bunu Cənub Azərbaycanda zülm və istibdad içində yaşayan soydaşlarımız üçün bir qürur mənbəyi, arxa-dayaq, xilas və ümid yeri hesab edərək, qısqanclıqla, hətta xofla qarşılamış, zaman-zaman bu və digər vasitələrlə, o cümlədən Azərbaycan daxilində “din və təriqət” pərdəsi altında təxribatçı qruplar yaratmaqla, torpaqlarımızı işğal etmiş, minlərlə insanlarımızı, o cümlədən dinc sakinləri, qadın və uşaqları qətlə yetirmiş, şəhər və kəndlərimizi xaraba qoyan, tarix və mədəniyyət abidələrini, xüsusilə də məscidlərimizi yerlə-yeksan edən, xain, şərəfsiz yağı düşmənə daim dəstək olub, onu ərzaq, yanacaq və silah-sursatla təmin etməklə dövlətimizi zəiflətməyə yönəlik fəaliyyətlər sərgiləyib.

“İranın şovinist dairələrinin Azərbaycan dövlətinə və xalqına qarşı gizli qısqanclıq və düşmənçilik münasibəti uzun illər müxtəlif şüar və ideoloji pərdələr arxasında gizlədilib. “İslam təəssübkeşliyi”, “şiə qardaşlığı” kimi şüarların arxasında, əslində, geosiyasi maraqlar və regiondakı təsir uğrunda mübarizə dayanıb.

Son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər, xüsusilə torpaqların işğaldan azad edilməsi, regionda artan nüfuz, türk dövlətləri arasında güclənən əməkdaşlıq və Turan ideyasının aktuallaşması İranın müəyyən dairələrində ciddi narahatlıq yaradıb. Bu baxımdan iki ölkə arasında münasibətlərin gərginləşməsini istəyən qüvvələrin mövcudluğu ehtimalı da istisna edilmir.

Belə qüvvələr Azərbaycanın tərəfdaşlarını zəiflətmək, onu regional müstəvidə təkləmək və daha sonra ölkəyə qarşı daha sərt addımlar atmaq kimi məqsədlər güdə bilərlər. Bu qüvvələrin fəaliyyətinin arxasında nə dini ideologiya, nə də başqa ideoloji məqsədlər dayanır, əsas məqsəd geosiyasi üstünlük əldə etməkdir”, - deyə siyasi şərhçi bildirib.

Azərbaycan öz prinsiplərinə hər zaman sadiq qalıb

O deyib ki, Azərbaycanın İranla münasibətlərdə daim səmimi və xoşməramlı mövqe nümayiş etdirməsinə baxmayaraq, qarşı tərəfin təxribatları davam edib. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq və bu prinsipə hər zaman sadiq qalınıb. Prezident İlham Əliyevin son hadisələrdən sonra İranda baş verən hadisələrlə bağlı İran səfirliyinə gedərək başsağlığı verməsi, həmçinin Azərbaycanın Livanda qalmış İran səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək göstərməsi də Azərbaycanın humanist və xoşməramlı siyasətinin göstəricisidir.

Belə addımlar yalnız yüksək mənəvi dəyərlərə malik dövlətlərin davranışına xasdır. İran dövlətinin tarixinin yalnız fars dövlətçiliyi ilə əlaqələndirilməsi də tarixi baxımdan doğru deyil. İran tarixində türk dövlətlərinin və türk mənşəli hakim sülalələrin mühüm rolu olub. Səfəvilər dövləti, Nadir şah Əfşarın qurduğu Əfşar imperiyası və Qacarlar dövləti bu ərazilərdə uzun müddət mövcud olmuş türk dövlətləri kimi tarixdə yer alıb.

Yalnız 1925-ci ildə Rza xan Pəhləvinin həyata keçirdiyi dövlət çevrilişindən sonra Qacar hakimiyyətinə son qoyulub və bununla da regionda uzun müddət davam edən türk monarxiyası sona çatıb. Sonrakı dövrdə Pəhləvi rejimi sekulyar və milliyyətçi ideologiyaya əsaslanan bir idarəetmə sistemi qurub. 1979-cu ildə baş verən inqilab nəticəsində isə Pəhləvi rejimi devrilib və Ruhullah Xomeyninin rəhbərliyi ilə İran İslam Respublikası yaradılıb.

Siyasi şərhçi vurğulayıb ki, bu tarixi faktlar İran dövlətinin yalnız bir millətə deyil, müxtəlif xalqlara və mədəniyyətlərə aid olduğunu göstərir və bu reallıq hər iki tərəfdən qəbul edilməlidir. Özünü islam dəyərlərinin müdafiəçisi kimi təqdim edən İranın bir çox müsəlman ölkələri ilə münasibətlərində gərginlik yaşanması da diqqətçəkən məqamlardandır.

“Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır və xüsusilə milyonlarla soydaşımızın yaşadığı bir ölkədə insan tələfatının baş verməsini arzulamır. Azərbaycan hər zaman mənəvi dəyərləri üstün tutub, qonşu ölkələrə qarşı heç vaxt riyakar siyasət yürütməyib və çətin anlarda onlara dəstək göstərib.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmayacaq və bu prinsipə bundan sonra da sadiq qalacaq. Azərbaycanı təhdid edənlər və onu regional qarşıdurmalara cəlb etməyə çalışan qüvvələr bilməlidirlər ki, ölkənin öz ərazi bütövlüyünü qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücü və iradəsi var. Bu məsələyə dair Prezident İlham Əliyev də qəti mövqeyini ifadə edərək bildirib ki, Azərbaycan istənilən təhlükəyə qarşı öz gücünü göstərməyə hazırdır”, - deyə Ə.Abbasbəyli vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
110
2
cebheinfo.az

3Sources