Onlar Əli Xameneinin ölümündən sonra keçirilən icazəsiz aksiyada iştirak etməkdə ittiham olunurlar...
Poliqon xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada onlarla İran vətəndaşı saxlanılıb. Bu barədə “Ostorojno, novosti” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, martın 1-i axşam saatlarında Salarievo metro stansiyası yaxınlığında 20-dən 45-ə qədər İran vətəndaşı saxlanılıb. Onlar ABŞ və İsrailin hərəkətlərinə dəstək məqsədilə keçirildiyi iddia olunan icazəsiz aksiyada iştirak etməkdə ittiham ediliblər.
Bildirilir ki, sosial şəbəkə istifadəçisi Reyhane adlı qadın insanları həmin əraziyə toplaşmağa çağırıb. O, paylaşımında “Bu sevinc bayramıdır və yanınızda siyasi plakatlar və ya buna bənzər şeylər gətirməməlisiniz” yazıb.
Saxlanılan şəxslərin əksəriyyətinə icazəsiz mitinqdə iştirak etmək maddəsi ilə ittiham irəli sürülüb. Polis orqanlarının versiyasına görə, toplaşan şəxslər “ABŞ-yə təşəkkürlər” kimi şüarlar səsləndiriblər. Lakin saxlanılan şəxslərin hamısı aksiyada iştirak etdiklərini təkzib ediblər.
“Ostorojno, novosti”nin məlumatına görə, toplaşan şəxslər Əli Xameneinin ölümünü qeyd etmək üçün yığılmış ola bilərlər. Nəşr həmçinin bildirir ki, saxlanılanların bəziləri sosial şəbəkələrdə İranda baş verən etiraz aksiyalarına dəstək ifadə edən və hakimiyyətin sərt tədbirlərini tənqid edən paylaşımlar ediblər.
Poliqon.info