ain.az bildirir, 525.az saytına əsaslanaraq.
İnsanlar bəzən maddi çətinlik, müalicə xərcləri və ya ailə ehtiyacları ucbatından borc götürməli olurlar. Belə hallarda üçüncü bir şəxsin "zamin" olması, yəni borcun ödənilməsinə təminat verməsi mühüm məsələdir. Kredit verən banklar öz işlərini sığortalamaq üçün müraciət edən vətəndaşdan ona zamin duracaq şəxslər tələb edir. Pula ehtiyacı olan şəxs də dosta, tanışa, qohuma ona əl tutmaq, yardım etmək məqsədilə zaminlik etməsini xahiş edir. Belə zaminlərin sayı az deyil. Amma bir çox hallarda zaminlər öz məsuliyyətindən xəbərsiz olur. Onlara: "Bircə imza çəkirsən, qalan heç bir şeyin sənə aidiyyəti yoxdur" - deyilir. Kredit götürən zaman da bank nümayəndəsi zaminlərə çox vaxt məsuliyyəti haqda məlumat vermir. Onlar öz işlərini xırda şriftli hərflərlə tərtib etdikləri müqavilələri imzalatmaqla bitmiş hesab edir. İşə düşən isə zamin olur. Bəzi hallarda bank kredit götürən şəxsin öz əmlakını girov qoymasına baxmayaraq, zamin duracaq şəxsi tələb edirlər. Girov kimi daşınmaz əmlak qoyulursa, o zaman zaminə ehtiyac duyulmur. Bu, qanunvericilikdə qeyd olunur. Ancaq buna məhəl qoyulmur.
Kredit götürən pulu vaxtında ödədikdə zaminin gedən proseslərin heç birindən xəbəri olmur. Amma problem yarandıqda zamin kredit götürənlə ortaq olur.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, kiminsə kredit götürməsi üçün zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür: "Kredit götürən şəxslə ona zamin duran şəxs eyni statusda olur. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edilir. Bu səbəbdən zaminin gəlirləri borcalanla eyni qaydada yoxlanılır. Nadir hallarda banklar zaminlik üçün bir qədər yumşaq şərtlər qoyurlar".
Onun sözlərinə görə, əgər kimsə zaminliyə razı olursa, bu öhdəlik onun mərkəzləşdirilmiş kredit reyestrindəki (MKR) tarixçəsinə də düşür: "Zamin durduğunuz borc sizin kredit tarixçənizdə öhdəliyiniz kimi qeyd edilir və bir növ sizin kredit borcunuz olur. Bu zaman sizin kredit götürmək imkanlarınız nisbətən azalır. Çünki Azərbaycan Mərkəzi Bankı borcun gəlirə nisbətinə nəzarət edir. Həmin nisbət 70 faizi keçməməlidir. Bu şərt zaminlərə də aiddir. Söhbət ondan getmir ki, zamin duran şəxs kredit götürə bilməz. Sadəcə zaminliyi olan şəxsə kredit veriləndə onun zamin durduğu borc da gəlirindən çıxılır və kredit qalan hissəyə uyğun - az məbləğdə verilir".
X.Kərimli qeyd edib ki, bəzi banklar zamin tələb etsə də, borcalandan həyatını sığortalamağı da tələb edir: "Əslində qanunvericilikdə belə bir tələb yoxdur, sadəcə banklar bu tələbi qoyurlar ki, sabah borcalanın başına bir iş gəlsə - yəni vətəndaş vəfat etsə və yaxud əmək qabiliyyətini itirsə, borcu ilk növbədə sığorta şirkəti ödəsin. Borcalanın həyat sığortası olmadıqda isə krediti zamin qaytarmalıdır".
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycanda kredit borcuna zaminliyin qanunvericilikdə iki forması var: "Bunlar subsidiar zaminlik (əlavə zaminlik) və birgə zaminlikdir. Birincisi odur ki, borcalan krediti ödəyə bilmədiyi halda, bank onu məhkəməyə verməli, borcalanın qanunla borcu ödəyə bilməməsi təsdiqləndikdən sonra borcu zamindən tələb etməlidir. Birgə zaminlikdə isə bank ödənilməyən krediti birbaşa (dərhal) zamindən tələb edir. Zamin ödəniş edib, sonradan həmin məbləği borcalandan tələb edə bilər. Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir. Bütün bunlar zaminlik müqaviləsində göstərilməli, zamin öhdəliyi hansı şərtlərlə götürdüyünü bilməlidir. Qanunvericiliyə əsasən kreditin şərtləri dəyişdirildikdə və bu dəyişiklik zaminin vəziyyətini ağırlaşdırırsa, onun razılığı mütləq tələb olunur. Zamin razılıq vermədiyi halda isə zaminliyə xitam verilir. Məsələn, vətəndaş 3 illik kredit götürüb və başqa şəxs ona zamin durub. Sonradan borclu bankla razılaşaraq kredit müddətini 5 ilə uzadarsa, bu, artıq zaminin üzərinə düşən məsuliyyəti artırır. Çünki zamin əvvəl 3 il üçün öhdəlik götürmüşdü, müddətin uzadılması isə onun zərərinə hesab olunur və bu halda zaminlik qüvvədən düşə bilər. Lakin kredit şərtlərində edilən dəyişiklik zaminin xeyrinədirsə, vəziyyət fərqli olur. Məsələn, kreditin müddəti dəyişmədən faiz dərəcəsi azaldılarsa, borclunun ödəyəcəyi məbləğ də aşağı düşür. Bu isə zamin üçün əlavə risk yaratmadığından zaminlik əvvəlki kimi qüvvədə qalır".
Ekspert vurğulayıb ki, kredit yenilənərkən zaminlər müqavilə dəyişikliklərini diqqətlə yoxlamalı və onların hüquqlarına necə təsir etdiyini nəzərə almalıdırlar: "Hətta borcalanın vəfat etməsi zamini öhdəlikdən azad etmir. Ola bilər ki, borcalan vəfat etdiyi zaman hansısa bir əmlakı olsun, o zaman kredit borcu həmin əmlakdan tutula bilər. Əgər vəfat edən şəxsin əmlakı vərəsələrinə keçirsə, bu halda onlar borcu ödəməlidirlər. Borcalanın əmlakı yoxdursa və yaxud kredit götürülən məbləği qarşılamırsa, bu halda ödəniş zamindən tələb olunur. Vətəndaşlar zamin olduqları zaman bu kimi halları nəzərə almalıdırlar".
Ə.Həsənov həmçinin bildirir ki, Azərbaycanda yalnız 20-25 illik müddətə verilən ipoteka keditlərində zaminə ehtiyac olmur: "Bu kreditlərdə mütləq həyat sığortası tələb olunur. Bəzi hallarda borcalanlar həyatını sığortalamaq istəmədiyi üçün zamin vasitəsi ilə kredit götürmək istəyirlər. Buna razılaşan zaminlər ən azı kredit götürən şəxsdən həyat sığortasını tələb edə və riski azalda bilərlər. Bu halda borcalan şəxsin vəfat etməsi və yaxud əmək qabiliyyətini itirməsi hallarında sığorta şirkəti qalan ödənişi tamamlayır".
Son zamanlar problemli kreditlərin həcmi artıb. Problemli kreditlərin həcmi artdıqca zaminlərin də vəziyyəti ağırlaşır. Banklar kredit götürəndən götürülən pulu ala bilməyəndə zaminləri narahat edir. Gah onlara tez-tez zəng edib zamin durduğu şəxsin kreditini ödəməyi tələb edir, zaminlərə psixoloji təsir göstərirlər. Bankların zaminləri narahat etməsinin düzgün olmadığını deyən Əkrəm Həsənov bildirib ki, zamin elə borcluya bərabər bir şəxsdir: "Yəni bank qarşısında zamin də borcludur. Ona görə də borc qaytarılmırsa, bank onu həm zamindən, həm də borcludan tələb edə bilər. Kimdən ala bilirsə, borcu alacaq, daha sonra borclu olan şəxs zamin qarşısında borclu sayılacaq. Zamin kredit götürəndən tələb edə bilər ki, onun yerinə banka ödənilən vəsaitləri müəyyən vaxt ərzində geri qaytarsın. Bizdə əksər insanlar zaminlik müqaviləsinə qol çəkərkən başa düşmürdülər ki, bu, əslində borcdur və sabah gəlib səndən də borcu tələb edə bilərlər". Borcluya qarşı tətbiq olunan tədbirlər zaminə qarşı da həyata keçirilə bilməz: "Əmlakı məhkəmə qərarı ilə satışa çıxarıla bilər. Lakin əmlakı yoxdursa, ona qarşı hər hansı tədbir görülə bilməz. Amma borclu ilə zamin arasındakı münasibətlər də qanunla tənzimlənir. Yəni sonradan zamin kredit götürən şəxsdən pulunu tələb edə bilər və qarşı tərəf də borcunu ödəməlidir. Əlbəttə, əgər imkanı varsa... Bizə müraciət edən şəxslər var ki, hazırda işsiz qalıb və onun banka olan borcunu ona zamin durmuş keçmiş iş yoldaşı ödəyir. Lakin zamin ondan borcunu ala bilmir. Çünki həmin şəxsin gəliri yoxdur və məhkəməyə versə belə, yenə də borcunu ala bilməyəcək. Banklar kreditin qaytarılması üçün zaminə psixoloji təsir göstərə bilməz. Nə zaminə, nə də krediti götürən şəxsə hədə-qorxu gəlmək düzgündür".
Ekspertin sözlərinə əsasən, əgər zamin vəfat etsə belə, zamin öz əmlakı ilə cavabdehdir: "İstənilən şəxs, istənilən öhdəliyinə görə, zaminlik, kredit, nisyə alqı-satqı olsun, əmlakı ilə cavabdehdir. Həm insan sağlığında da, istər vəfat etdikdən sonrada belədir. Sağlığında nə əmlakı varsa, gəlib həmin əmlakdan tuta bilərlər. Vəfat etdikdən sonra da proses eynidir. Əgər əmlak varsa və əmlak onun vərəsələrinə keçibsə, həmin əmlak hesabına o borc bağlana bilər. Zaminlə borclunun bir fərqi var ki, əgər borclunun borcunun hansısa bir hissəsi, yaxud tam hissəsi zamindən tutulursa, zamin və ya onun vərəsələri borcludan sonra həmin ondan tutulan pulu tələb edə bilər. Məsələn, 10 min manat kredit götürülüb, onun 5 mini manatı qaytarılıb. Qalan 5 min manatı isə gəlib zamindən tutdular. Sonra zamin həmin pulu borcludan tələb edə bilər. Yaxşı olar ki, insanlar atdıqları addımın məsuliyyətini dərk etsinlər. Birinə zamin durmaq bankı həmin borcun ödəniləcəyinə əmin etməkdir. Tutaq ki, krediti götürən şəxsdə də, zamin olanda da pul yoxdur. Bəs götürülən məbləği kim ödəyəcək? Axı, bu pul hansı yolla olursa-olsun geri qaytarılmalıdır. Vətəndaşlarımız hansı sənədə imza atdıqlarını dərk etməlidirlər. Təəssüf ki, insanlarımız hüquqi baxımından istənilən biliyə sahib deyillər. Təbii ki, onlarda bir hüquqşünas səviyyəsində bilik tələb olunmur, ən azından, bu kimi məsələlərdə hüquqlarını, imza atmaqla hansı məsuliyyəti çiyinlərinə götürdüklərini bilməlidirlər. Kreditləşdirmənin prinsiplərindən biri və ən vacibi təminatlılıqdır. Bank təbii ki, krediti təminatla verməlidir. Zamin durarkən, siz, banka təminatçı olursunuz ki, həmin şəxsə kredit versin. Düşünürəm ki, bu kimi mövzularda maarifləndirmə işi aparılmalıdır. Vətəndaşlarımız kiməsə zamin duranda, gələcəkdə onları nələrin gözlədiyini bilməlidirlər".
Əgər kredit götürən şəxs zaminlik müqaviləsi və öhdəliyi ilə təmin edilən əsas kredit müqaviləsinin şərtlərini dəyişdirirsə və ya vaxtını uzadırsa, əlavə vəsait götürürsə, bu zaman zamin məsuliyyət daşımır. Əks təqdirdə, heç bir halda zaminin pulu ödəməmək kimi seçimi yoxdur.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə əsasən, kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır: "Lakin buna baxmayaraq, bəzi hallarda vətəndaşın yenidən kredit əldə etmək imkanı yarana bilər. Bunlardan birincisi, kredit borcu olan bankla əməkdaşlıq çərçivəsində kreditin restrukturizasiyasıdır. Yeni ödəniş qrafiki müəyyən edilir və vətəndaş bu qrafikə uyğun şəkildə kredit öhdəliklərini yerinə yetirir. Bu, son nəticədə kredit tarixçəsinin sağlamlaşmasının əsasını formalaşdırır və gələcəkdə yenidən kreditlərə müraciət etmək imkanı yaradır. Digər variant problemli kredit öhdəliyinin müəyyən müddətdən sonra tam icra edilməsidir. Yəni vətəndaşın kredit borcu və problemli kredit tarixçəsi olsa da, həmin borcu sonradan bağlayarsa, müəyyən dövr keçdikdən sonra banklar bu istiqamətdə nisbətən müstəqil qərar qəbul edirlər. Bəzi banklarda altı ay, bəzilərində isə bir ildən sonra kredit tarixçəsində mövcud olan məhdudiyyətlər və ya kredit müraciətinə qoyulan daxili məhdudiyyətlər aradan qaldırıla bilər. Nəticədə kredit əldə etmək imkanı yenidən formalaşır"
İqtisadçı vurğulayıb ki, əgər vətəndaş kredit öhdəliyini yerinə yetiribsə, müəyyən müddətdən sonra onun problemli müştəri kimi qiymətləndirilməsi və ya "qara siyahı"da olması məsələsi də öz həllini tapa bilər: "Lakin vətəndaş kredit tarixçəsini yenidən formalaşdırmalıdır. Bu mərhələdə adətən daha kiçik məbləğdə və nisbətən yüksək faizlə kredit götürülür. Zaman çərçivəsində öhdəliklər düzgün icra edilərsə və etibar sübut olunarsa, maliyyə institutları növbəti mərhələdə şərtləri yumşalda və kredit məbləğini artıra bilərlər. Beləliklə, mərhələli şəkildə vətəndaş öz problemli kredit tarixçəsini sağlamlaşdıra bilər".
Rəşad Həsənov söyləyib ki, tələb kredit götürənə birbaşa ünvanlanır. Həmin şəxslə kommunikasiya edilir, onun borc öhdəliklərini yerinə yetirilməsi ilə bağlı məsələ qaldırılır. Əgər bunlardan imtina edilərsə, müvafiq proseslər zaminə və gəlirlərinə yönəldilir: "Zaminin əmlakına yönəlməsi ilə bağlı məhkəmə qərarları qəbul etdirilməsi prosedurları başladıla bilər. Vətəndaşlar birmənalı olaraq, bilməlidirlər ki, kredit götürən şəxslə zamin eyni öhdəliklərə sahibdir. Proses məhkəməyə yönəldilibsə, məhkəmə kredit götürənin əmlakına, gəlirlərinə , öhdəliyin yerinə yetirilməsi ilə bağlı mövqeyini ortaya qoyur və qərarlar qəbul edilir. Proses mümkün olmadıqda, bütün məsələlər zaminə tərəf çevrilir. Həmin öhdəliklərin yerinə yetirilməsi məqsədilə zaminin əmlakı və gəlirləri ilə bağlı rəsmi qaydalar tətbiq edilir".
Sevinc QARAYEVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.