EN

İsazadə: Azərbaycanı konfliktə cəlb etmək istəyirlər

ain.az bildirir, Reyting.az portalına istinadən.

“Ötən həftə ABŞ-İsrail koalisiyası İrana hücuma başlayanda və buna cavab olaraq İran bir neçə ərəb ölkəsinə zərbə endirəndə mən bir qədər təəccübləndim ki, Azərbaycana qarşı nə bəyanat, nə hədə-qorxu, nə də hansısa hücum baş vermədi. Əslində buna sevindik ki, nəhayət İran əsassız və faktsız şəkildə Azərbaycanı ittiham etmir. Çünki İran rəsmiləri, xüsusilə də yüksək rütbəli hərbçilər tez-tez Azərbaycanı hədələyirdilər. İddia edirdilər ki, ABŞ və İsrailin obyektlərini vuracaqlar və s. Müharibə başlayan kimi Azərbaycan çox ehtiyatlı addımlar atdı, neytral mövqe tutdu və bunu İrana əməldə də nümayiş etdirdi. Konkret olaraq Azərbaycan Prezidenti İran səfirliyinə getdi”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, sonradan məlum olub ki, Bakı Tehranın xahişi ilə Livandakı İran səfirliyinin əməkdaşlarının evakuasiyasına kömək edib. “Ancaq bütün bunlara baxmayaraq, Naxçıvana dron hücumu həyata keçirilib. İndi sual budur ki, Azərbaycana bu zərbəni İrandan kim vurub və hansı məqsədlə”,- deyə ekspert sual ünvanlayıb.

Azad İsazadə hesab edir ki, hazırda İranda vahid rəhbərlik yoxdur, müəyyən xaos və koordinasiyasız fəaliyyət hiss olunur:

“Azərbaycanın əlaqələri və kontaktları daha çox İrandakı islahatçılarladır. Məsələn, Prezident Əliyevin Prezident Pezeşkianla münasibətləri yüksək səviyyədədir və istənilən məsələni dövlət rəsmiləri asanlıqla müzakirə edə bilirlər. İndiyədək bu vəziyyət Azərbaycanda xüsusi rəğbətlə qarşılanıb. Ancaq biz bilirik ki, konservatorlar, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu islahatçı qanada qarşı kəskin mövqe tutublar və ən əsası, hazırda İran daxilində əsas söz sahibləri məhz onlardır. Real hakimiyyət də onların əlindədir. ABŞ-İsrail cütlüyü də əsas zərbəni məhz onlara vurur”.

Hərbi ekspertin fikrincə, Naxçıvana hücumla Azərbaycanı da konfliktə cəlb etmək məqsədi güdülə bilər:

“Diqqət edin, İranı vuran ABŞ-İsrail koalisiyasının İranla birbaşa quru sərhədi yoxdur. Halbuki Azərbaycanın İranla kifayət qədər uzun quru sərhədi mövcuddur və hətta dəniz sərhədimiz də var. Sözsüz ki, Azərbaycanı təxribat yolu ilə prosesə qoşa bilsəydilər, İranın əli daha da açılmış olardı. Hazırda İran quru qoşunlarını istifadə edə bilmir, çünki onun üçün birbaşa quru düşməni yoxdur. Konflikti genişləndirmək və mümkün qədər çox dövləti münaqişəyə cəlb etmək İranın maraq dairəsindədir. Biz istisna etməməliyik ki, İran tərəfindən belə təxribatlar gələcəkdə də baş verə bilər. Ona görə də bu kimi təxribatlara hazır olmalıyıq”.

Nemət ORUCOV

Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
reyting.az

1Sources