EN

İstanbulda TDT nin Xarici İşlər Nazirləri Şurasının qeyri rəsmi iclası keçiriləcək

ain.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 6 mart, AZƏRTAC

Martın 7-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

Bununla bağlı AZƏRTAC-a Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyə XİN-in başçısı Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək toplantıda Türkiyə və dövr sədri olan Azərbaycanla yanaşı, üzv ölkələr Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunacaq.

İclasda təşkilat çərçivəsində son inkişaflar və qarşıdakı dövrdə atılacaq addımlar müzakirə ediləcək, aktual qlobal və regional məsələlər barədə geniş məsləhətləşmələr aparılacaq.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin qonaq nümayəndə heyətlərinin rəhbərlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözügedən iclasda edəcəyi çıxışda regionun və beynəlxalq sistemin sülh, sabitlik və ədalət yaratmaq baxımından çətin bir dövr keçirdiyi bu zamanda, TDT ölkələrinin regional məsuliyyət anlayışı ilə aralarındakı əməkdaşlığı genişləndirməsinin hər zamankından daha vacib olduğunu vurğulaması nəzərdə tutulur. Hakan Fidan bu çərçivədə ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurmaların, həmçinin üçüncü ölkələri hədəf alan hücumların tezliklə dayandırılması və diplomatiyaya imkan yaradılması məsələsində Türk dünyası olaraq ortaq mövqe sərgilənməsinin əhəmiyyətinə diqqət çəkəcək. Bundan başqa Pakistan ilə Əfqanıstan arasındakı gərginliyin daha da artmasının qarşısının alınması, Kipr türkləri və Şimali Kipr Türk Respublikası (KKTC) məsələsi, türk dövlətlərinin üçüncü tərəflərlə Təşkilat çərçivəsində əməkdaşlığını inkişaf etdirmək məqsədilə yaradılması qərara alınan “TDT+” formatı ilə bağlı çıxışlar da gözlənilir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
3
azertag.az

4Sources