EN

Türkiyəli generaldan MÜHÜM açıqlamalar

Yücel Karauz: “Ankara və Bakı bu məsələdə koordinasiyalı və soyuqqanlı mövqe nümayiş etdirməyə çalışırlar”

Məlum olduğu kimi, İrandan Türkiyə istiqamətində daha bir raket buraxılıb. Türkiyənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qalıqlarının Adıyaman bölgəsində tapılıb.

Xatırladaq ki, bundan əvvəl də İrandan Türkiyə ərazisinə raket atıldığı barədə məlumat yayılmışdı. Naxçıvana dron hücumundan sonra Türkiyə istiqamətində yenidən raket buraxılması sualları artırıb.

Bu insidentlər Türkiyə–İran münasibətlərinə necə təsir göstərə bilər? İki ölkə arasında diplomatik gərginlik hərbi qarşıdurmaya çevrilə bilərmi? İranın eyni vaxtda həm Azərbaycan istiqamətində - Naxçıvana dron hücumları, həm də Türkiyə istiqamətində raket buraxması regionda yeni hərbi-siyasi bloklaşma riskini artırırmı?

Picture

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Musavat.com-a deyib ki, son günlər baş verən hadisələr regionda təhlükəsizlik mühitinin çox həssas və riskli mərhələyə daxil olduğunu göstərir: "Türkiyənin hava hücumundan müdafiə sistemlərinin raketi zərərsizləşdirməsi və qalıqlarının Adıyaman bölgəsində tapılması, hadisənin təsadüfi texniki insident deyil, regional təhlükəsizlik kontekstində qiymətləndirilməli ciddi bir hadisə olduğunu göstərir. Bu cür hadisələr dövlətlərin suverenliyi və hava məkanının toxunulmazlığı baxımından son dərəcə həssasdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən verilən açıqlamalar göstərir ki, Ankara və Bakı bu məsələdə koordinasiyalı və soyuqqanlı mövqe nümayiş etdirməyə çalışırlar. Hər iki ölkə gərginliyin nəzarətdən çıxmasının region üçün ağır nəticələr doğura biləcəyini yaxşı anlayır. Bununla yanaşı, ardıcıl hücumlar təbii olaraq həm Türkiyədə, həm də Azərbaycanda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə səbəb olacaq".

Picture

Yücel Karauzun fikrincə, bu hadisələrin Türkiyə-İran münasibətlərinə təsiri qaçılmazdır və onsuz da son illərdə müəyyən etimad problemləri yaşayan Ankara-Tehran xəttində diplomatik gərginliyin artması mümkündür:


"Lakin hazırkı mərhələdə bunun birbaşa hərbi qarşıdurmaya çevrilməsi ehtimalı hələ də aşağı qiymətləndirilir. Çünki belə bir qarşıdurma yalnız iki ölkəni deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz regionunu genişmiqyaslı böhranla üz-üzə qoya bilər. İranın eyni vaxtda həm Azərbaycan istiqamətində Naxçıvana dron hücumları, həm də Türkiyə istiqamətində raket buraxılması isə regionda yeni siyasi və təhlükəsizlik bloklaşmalarının müzakirə olunmasına səbəb ola bilər. Xüsusilə Türkiyə–Azərbaycan strateji müttəfiqliyinin daha açıq təhlükəsizlik koordinasiyası mərhələsinə keçməsi ehtimalı artır. Bu isə regiondakı güc balansını yenidən formalaşdıra bilər".

General həmçinin vurğulayıb ki, gərginliyin azaldılması üçün bir neçə mühüm addım vacib görünür: "Birincisi, hadisələrin obyektiv araşdırılması və texniki-hərbi məlumatların şəffaf şəkildə paylaşılmasıdır.  İkincisi, diplomatik kanalların, xüsusilə Ankara, Bakı və Tehran arasında birbaşa hərbi-diplomatik əlaqə xətlərinin aktiv saxlanılmasıdır. Üçüncüsü isə regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və qarşılıqlı ittihamların hərbi eskalasiyaya çevrilməsinin qarşısını alacaq siyasi dialoqun davam etdirilməsidir".

Xalidə Gəray,
Musavat.com

 

Chosen
125
musavat.com

1Sources