EN

Azərbaycan qadınları yüksək mənəvi dəyərləri təcəssüm etdirir

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Meydanəli Yolçiyev

​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Tarixin bütün dövrlərində Azərbaycan qadınları Vətənə sədaqəti, mübarizliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Xanımlar yalnız ailə ocağının qoruyucusu deyil, həm də ictimai-siyasi proseslərin fəal iştirakçıları kimi tarixdə mühüm iz qoymuşlar. Xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınların igidliyi, döyüş meydanında göstərdikləri şücaət xüsusi vurğulanır.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadın hüquqları sahəsində mühüm tarixi addım ataraq qadınlara seçib-seçilmək hüququ verdi. Bununla da qadınlar ictimai-siyasi proseslərin fəal iştirakçılarına çevrildilər. Bu qərar təkcə region deyil, bir çox Avropa dövlətləri üçün qabaqcıl nümunə hesab olunurdu və qadınların cəmiyyət həyatında rolunun daha da möhkəmlənməsinə geniş imkanlar yaratdı.

Maariflənən və inkişaf edən Azərbaycan qadınları əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdur. Tariximizin unudulmaz səhifələrində yer alan görkəmli qadın şəxsiyyətlərimizin iradəsi və ağbirçək analarımızın müdrikliyi müasir Azərbaycan qadınlarında da özünü büruzə verir. Bu gün qadınlarımız elm, təhsil, mədəniyyət və digər sahələrdə əldə etdikləri uğurlarla cəmiyyətin inkişafına mühüm töhfələr verirlər.

Ulu Öndər Heydər Əliyev ölkədə gender siyasətinin formalaşmasına diqqət yetirmişdir. Ümummilli Lider dövlət və cəmiyyət həyatının bütün sahələrində qadınlara geniş imkanlar yaradılmasına, onların potensialından səmərəli istifadə olunmasına böyük önəm vermişdir. Ulu Öndərin təşəbbüsü ilə qadınların hüquqlarının qorunması və onların dövlət idarəçiliyində iştirakının artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Qanunvericiliyə əsasən, kişi ilə qadın eyni hüquq və azadlıqlara malikdir. Bu prinsiplər ictimai-siyasi həyatın bütün sahələrində gender bərabərliyinin təmin olunmasına xidmət edir. 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul edilməsi də qadınların sosial, iqtisadi və siyasi mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı gender siyasətinin inkişafında mühüm hadisə kimi tarixə düşmüşdür. Qurultayda qadınların dövlət və cəmiyyət həyatında rolu, onların hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı vacib məsələlər müzakirə olunmuşdur. O vaxtdan etibarən hər beş ildən bir keçirilən bu qurultaylar qadın siyasəti sahəsində mühüm platforma rolunu oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gender siyasəti yeni məzmun və keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Qadın hüquqlarının qorunması, onların ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qadın hüquqlarının müdafiəsində mühüm rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Ötən dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm institusional mexanizmlər yaradılmışdır. Sosial-iqtisadi islahatlar, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi qadınların iqtisadi fəaliyyətinin artmasına şərait yaratmışdır. Bu gün qadınlar dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə, elm və mədəniyyət sahələrində uğurla təmsil olunur və ictimai həyatın müxtəlif sahələrində fəal rol oynayırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva genişmiqyaslı humanitar və sosial fəaliyyəti ilə Azərbaycan qadınlarının nüfuzunu beynəlxalq miqyasda daha da yüksəldir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr milli mədəniyyətin təbliği, sosial problemlərin həlli və humanitar dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də humanitar diplomatiyanın mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Bu gün Azərbaycan qadınları ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarda fəal iştirak edirlər. Onlar dövlət quruculuğunda, elm və təhsildə, səhiyyə və mədəniyyət sahələrində böyük nailiyyətlər qazanır, həmçinin ordu quruculuğunda və digər mühüm sahələrdə şərəflə xidmət edirlər. Xanımlar öz zəhməti, vətənpərvərliyi və mənəvi gücü ilə cəmiyyətin inkişafında mühüm rol oynamaqda davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
yeniazerbaycan.com

2Sources