EN

YAP Binəqədi təşkilatının 33 illiyinə həsr olunan tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il: Bir qərinəlik yol” adlı tədbir və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilib.

"Unikal"  xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. Rayon İcra Hakimiyyətinin başçısı bütün sahələrdə öz elmi, zəkası, əməyi ilə fədakarlıqlar göstərən xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara uğurlar arzu edib.

Tədbirdə nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq əlamətdar günlər münasibəti ilə təbrik edib. YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib. Sədr, həmçinin rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov çıxışında qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil ölkəmizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində Ümummilli Lider Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəflər – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsasını və prioritet istiqamətlərini təşkil edir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının şöbə müdirinin müavini Rafael Gülməmmədov çıxışında Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən partiyanın ilk iclaslarından bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyası və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söyləyib. Bu gün ölkəmizin dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında qeyd eib ki, YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 750 mindən artıq üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar.

Çıxışlardan sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup fəal Fəxri fərmanla təltif olunub. Partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Chosen
62
50
unikal.az

10Sources