EN

Prezident tapşırıq verdi: ordu hazır vəziyyətə gətirildi İrana cavab variantları...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvana dron hücumlarından sonra Prezident İlham Əliyev bir sıra qurumlara tapşırıq verdi. Bunlardan biri də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi ilə bağlı idi. Prezident bildirib ki, Silahlı Qüvvələrimiz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.

Naxçıvanda, cənub bölgəsində, Bakı da daxil olmaqla iri şəhərlərdə Hava Hücumundan Müdafiə (HHM) sistemləri hazır vəziyyətə gətirilibmi? Hazırda Azərbaycan özünü müdafiə gücünə malikdirmi?

Globalinfo.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib ki, dövlət başçısının bu tapşırığı ölkəmizin təhlükəsizliyinə yönəlmiş preventiv və məsuliyyətli addımdır:

“Bu qərar Azərbaycanın istənilən təhlükəyə operativ reaksiya vermək imkanına malik olduğunu bir daha nümayiş etdirir. Məlum olduğu kimi, orduda müxtəlif döyüş hazırlığı mərhələləri və səfərbərlik səviyyələri mövcuddur. Bir nömrəli səfərbərlik vəziyyəti isə artıq bütün Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi deməkdir. Azərbaycan Ordusu yalnız quru qoşunları ilə deyil, həm də müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və yüksək hazırlıqlı xüsusi təyinatlı qüvvələri ilə regionun ən güclü ordularından biridir. Strateji əhəmiyyət daşıyan ərazilərdə, o cümlədən Naxçıvanda, cənub bölgəsində və Bakı kimi iri şəhərlərdə hava məkanının qorunması üçün müasir texnologiyalara əsaslanan çoxpilləli müdafiə mexanizmləri mövcuddur. Son illər, xüsusilə 44 günlük müharibədən sonra postmüharibə dövründə də hərbi islahatlar və texniki modernləşmə prosesi davam etdirilib. Bu çərçivədə Azərbaycanın hava hücumundan müdafiə sistemi əhəmiyyətli dərəcədə gücləndirilib və ölkənin hava məkanını etibarlı şəkildə qorumaq imkanına malikdir”.

Arzu Nağıyev

Deputat bildirib ki, Azərbaycanın müttəfiqləri, xüsusilə Türkiyə ilə hərbi-strateji əməkdaşlığı ölkəmizin təhlükəsizlik imkanlarını daha da artırır:

“Bu baxımdan Azərbaycan həm özünü effektiv şəkildə müdafiə edə bilər, həm də milli təhlükəsizliyini qorumaq üçün kifayət qədər koordinasiyalı hərbi potensiala malikdir. Əminliklə demək olar ki, Prezidentin Ali Baş Komandan kimi verdiyi bir nömrəli səfərbərlik əmri Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin ölkəmizin suverenliyini, vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün tam hazırlıq vəziyyətində olduğunu göstərir. Rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatların gündəliyinə çıxara, diplomatik kanallar vasitəsilə regional müttəfiqlərlə məsləhətləşmələr apara bilər.

Bununla yanaşı, mümkün hərbi cavab variantlar da nəzərdən keçirilir. Prezident İlham Əliyev çıxışında hərbi hazırlıq səviyyəsinin artırıldığını və müvafiq qurumlara lazımi tapşırıqlar verildiyini bildirib. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi hazırda əsas prioritetlərdən biridir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
109
globalinfo.az

1Sources