EN

Manatın ilk eskizlərinin müəllifi: “Mənə pul vermək istəyəndə götürmədim, müdafiə fonduna bağışladım” - ÖZƏL+FOTO

Xalq rəssamı Eldar Mikayılzadə müstəqil ölkəmizin ilk manatının ekizlərini hazırlayıb.
 
Moderator.az-a açıqlama verən rəssam həmin illəri belə xatırlayır və müəllif kimi tenderdə qalib olduğunu bildirib:
 
“1991-ci ilin sonları idi. Tender elan olunmuşdu. İrandan da, Türkiyədən də rəssamlar dəvət olundular. Mən də dəvətlilər arasında idim. Eskizləri təklif etdik. Bir də gördüm çağırırlar ki, sənin eskizlərin bəyənilib, sən işlə. Bu tarixi hadisədir, mənim bəxtimə düşdü. Mən yaxşı rəssamam deyə bu işi mənə vermədilər. Bir Təzəpir məscidinin tərtibatını verəndə, bir də manatı işləyəndə bu hadisəni yaşamışam”.
Eldar Mikayılzadə deyir ki, manatın eskizlərini təklif edəndə milliliyi əsas götürüb:
“Orkestr piano ilə köklənir, bizim milli musiqi alətləri tarla köklənir. O dövrdə çar və sovet vaxtı çap olunan pulların tərtibatına baxdım, onlar milli deyildi. Mən onu xalça sənətinin ornamentləri üzərində köklədim. Bəlkə də ona görə bəyənildi, bilmirəm. Bu cür başladıq, işlədik, ilk manatımızın nümunələri Parisdə də çap olundu. Fəxr edilməli şey idi ki, bu tarixdə mənim bəxtimə düşdü. İlk qəpiklərin də eskizini mən vermişəm. Mənim sənətdə birinci müəllimim Səttar Bəhlulzadə, ikincisi isə Lətif Kərimov idi. Lətif müəllim mənə deyirdi ki, bu sənəti yaxşı öyrən. O vaxt mənə Sabirin, Nizaminin markalarını göstərib dedi ki, bunu mən işləmişəm. Yaradıcılıq qısa bir yerdə qurtarmır. 50 minə qədər qəpiklərin müəllifi idim, sonra dəyişdi. O vaxt biz pulun çıxmağından çox zamanla vuruşurduq. SSRİ təzə dağılmışdı, milli manatın çap olunması o dövlətin müstəqilliyinin möhürü demək idi. Yəni artıq biz müstəqilik və geriyə yol yoxdur. Yarışırdıq ki, görəsən hansı respublika ilk manatını çıxaracaq? Yaradıcılıqdan, keyfiyyətdən çox o yarışda idik. Əsas öndə Belarusiya, Pribaltika ölkələri idi, bir də biz idik. Biz elə oldu ki, qabağa düşdük. Ukrayna da bizimlə bir vaxtda çıxarmışdı. O vaxt baş nazir Həsən Həsənov, prezident isə Ayaz Mütəllimov idi. Manat artıq dövriyyəyə buraxılanda prezident Əbülfəz Elçibəy oldu. Məni dəvət etdilər ki, müəllif qonorarı versinlər. Orada rəssama müəyyən qədər pul ayrılmışdı. Mən onu müdafiə fonduna keçirdim, heç əlimə pul götürmədim. Bankda ərizə yazıb qoydum ki, müdafiə fonduna köçürsünlər. Müharibə yeni başlamışdı, qızışırdı, hər vətəndaş kimi bu mənim borcum idi”.
Eldar Mikayılzadə bildirib ki, müəllifi olduğu unikal xalçalar dünya muzeylərində saxlanılır. Müsahibimiz bu gün xalçaçalıq sahəsinə gənclərinin çox az gəldiyini deyir.
“Xalça toxumaq çətin işdir. 8 saat əyilib qalmaq iynə ilə gor eşməyə bərabərdir. Mənim bir xalçam var. Amerikadan qonaqlar gəlmişdi. Boş vaxtları var idi deyə onları emalatxanaya gətirdim. Onların qabağında xalça toxumağa başladım. Baxdı-baxdı dedi ki, “buna bir-bir düyün vurursan?”. Dedim ki, əlbəttə. Ən azı bir milyon yarım, 2 milyon. Dedi ki, biz elə bildik ki, ağ toxuyub, üstünə rəng çəkirsiz. Bu qədər asan bilirlər xalça toxumağı. Təqsir bizdədir ki, bunu onlara göstərməmişik, təbliğ etməmişik. Bir dəfə İstanbulda fərdi sərgidən sonra məndən müsahibə alanda soruşdular ki, xalça nədir? Dedim xalça Azərbaycanın ana dilidir. Hər millətə danışıq dilindən sonra fəza dili verilmir. Bəzi milətlər var ki, sənəti dilə çevirir”, - deyə xalq rəssamı bildirib.
 
Qeyd edək ki, Eldar Mikayılzadə, 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb. Rəssam “Səttar dünyası”, “Şəbi-hicran-1”, “İthaf” (bu xalçası iki böyük sənətkara – Səttar Bəhlulzadəyə və Lətif Kərimova həsr edilib), “Azərbaycan nağılları”, “114. Bismillah”, “Nağıllar aləmi”, “Azərbaycanın poeziya və musiqi korifeyləri”, “Xətai”, “Xəmsə”, “İslam”, “Təbriz, “Bürclər”, “Xilaskar”, “Üç din”, “Səttar”, “Bismillahir-rəhmanir-rəhim”, “Üç peyğəmbər”, “Şəbi-hicran-2”, “Yaranış”, “Səttarın arzusu”, “Kəhkəşan” və s. xalçaların müəllifidir. Rəssamın əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistan və Küveytdəki şəxsi kolleksiyalarda saxlanılır. Üzərində Nizami Gəncəvi və Məhəmməd Əmin Rəsulzadənin rəsmləri təsvir olunmuş 500 və 1000 manatlıq əsginasların ilk dizaynı məhz ona məxsusdur.
Chosen
22
moderator.az

1Sources