EN

“Müharibəni SEPAH generalları aparır”- İranda hakimiyyət uğrunda gizli savaş

İranda son hadisələr ölkədə real hakimiyyətin kimlərin əlində olması sualını yenidən gündəmə gətirib. Ali dini liderin öldürülməsindən sonra siyasi sistemdə yaranan boşluq hələ də doldurulmayıb, yeni lider seçilməyib. Bu fonda prezident Məsud Pezeşkian faktiki olaraq qərarvermə prosesindən kənarda qalıb və ölkədə təşəbbüsün əsasən hərbi dairələrin, xüsusilə də SEPAH rəhbərliyinin əlinə keçdiyi barədə müzakirələr güclənib. Analitiklərin fikrincə, regionda artan gərginlik, qonşu ölkələrə raket və dron hücumları ilə müşayiət olunan sərt addımlar da məhz bu hərbi xəttin nəticəsi kimi qiymətləndirilir. Bu isə İranın gələcəyinin hansı istiqamətə yönələcəyi ilə bağlı ciddi suallar doğurur.

Turkustan.az Musavat.com-a istinadən bildirir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib ki, müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır:

"Strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlatümlərə sürükləyirlər. Belə ki, İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları dondurulub. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən İslam Keşikçiləri Korpusunun bu ölkədəki banklarda müxtəlif hesabları var. İslam Keşikçiləri Korpusu bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər".

Chosen
15
3
turkustan.az

9Sources