Rəqib lideri aradan qaldırmaq sabit siyasi nəticə əldə etməkdən daha asan görünür...
Müəllif: Devid İqnatius
The Washington Post qəzeti, ABŞ
ABŞ prezidenti Donald Tramp bir həftə əvvəl İranın ali lideri Əli Xameneinin öldürüldüyü aviazərbə haqqında danışarkən belə deyib: “O məni aradan götürməmişdən əvvəl mən onu aradan götürdüm”.
Trampın sözlərinə görə, İran ona qarşı sui-qəsd planlaşdırırdı.
“Beləliklə, mən onu qabaqladım”, deyə Tramp vurğulayıb.
İrandan kənarda çox az adam amerikalıların, israillilərin və öz siyasi rəqiblərinin öldürülməsinə yönəlmiş uzunmüddətli kampaniyaya rəhbərlik etmiş Xameneinin ölümünə yas tutacaq. Lakin Trampın sözləri göstərir ki, məqsədli öldürmələr, açıq desək siyasi məqsədli qətllər müasir müharibənin normallaşmış alətlərindən birinə çevrilib. Kriminal aləmin “onu götürmək” və ya “onu aradan qaldırmaq” kimi jarqon ifadələri artıq adi səslənir.
“Başsızlaşdırma” tədricən ABŞ-nin müharibə aparmaq üsullarından birinə çevrilir. Bu yanaşma İraq və Əfqanıstanda iki onillik ərzində uğursuz nəticələnmiş “dövlət quruculuğu” cəhdlərindən sonra formalaşıb. ABŞ və İsrailin birlikdə həyata keçirdiyi İran əleyhinə kampaniyanın başlanmasından bir həftə sonra Vaşinqtonun məqsədi İran rəhbərliyini və hərbi infrastrukturunu məhv etmək kimi görünür. Ümid edilir ki, dağıntılar içindən daha qəbul edilə bilən bir rejim meydana çıxacaq, lakin bu ümid kifayət qədər qeyri-müəyyəndir.
Bu strategiya mahiyyət etibarilə “at və unut” raketinə bənzəyir. Məqsəd İran rejiminin rəhbərliyini və repressiv strukturlarını dağıtmaqdır. Yeni İranın qurulması isə ikinci dərəcəli məsələ kimi görünür. ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri mənə demişdi: “Bəlkə də bəxtimiz gətirər”. Lakin kəşfiyyat hesabatları ilə tanış olan şəxslərin sözlərinə görə, ABŞ kəşfiyyat analitikləri hesab edir ki, bu kampaniyanın nəticəsində sabit və modernləşən bir hökumətin yaranma ehtimalı yüksək deyil.
Tramp özü də ötən həftə improvizə etdiyi çıxışlardan birində bu strategiyanın çətinliyini etiraf edib. Bombardmanlar bitdikdən sonra ABŞ-nin kiminlə danışıqlar aparacağı barədə sualı cavablandırarkən o deyib: “Danışmağı düşündüyümüz insanların əksəriyyəti artıq ölüdür... Tezliklə ümumiyyətlə heç kimi tanımayacağıq”.
ABŞ dövlət katibi Marko Rubio bu həftə Konqres üzvlərinə bildirib ki, Vaşinqton əvvəlcə rejimin dağıdılmasını başa çatdıracaq, daha sonra siyasi yenidənqurma perspektivlərini qiymətləndirəcək. Mənim üçün bu, strategiya üzərində taktikanın qələbəsi kimi görünür: əvvəl hər şeyi dağıtmaq, sonra isə necə qurmaq barədə düşünmək. Trampın cümə axşamı günü İranın növbəti liderinin seçilməsində iştirak etməli olduğunu deməsi vəziyyəti daha da mürəkkəbləşdirib.
ABŞ hərbçilərini yeni İran qurmaq üçün bölgəyə göndərmək əvəzinə, Tramp İran müxalifət qruplarına dəstək verməyi təklif edir. Bu dəstəyə kürd silahlı birləşmələri üçün hava örtüyü də daxil ola bilər. Belə yanaşma ABŞ və İsrail rəsmiləri tərəfindən 1979-cu il İran inqilabından bəri müzakirə olunub, lakin ondan imtina edilib. Çünki bu, parçalanmış və xaotik İranın yaranmasına gətirib çıxara bilər və regionda qeyri-sabitliyi daha da artıra bilər.
“Rejim bir toxumaya bənzəyir və Tramp hələ onun toxunma quruluşunu sökə bilməyib. Əgər rejimin qərar qəbul etmə üsulunu dəyişmək istəyiriksə, sistemin öz toxumasını dəyişdirmək lazımdır”, deyə MKİ-nin İran üzrə ən təcrübəli ekspertlərindən biri xəbərdarlıq edir.
ABŞ-də siyasi likvidasiyalara artan maraq problemi daha da ağırlaşdıra bilər. İran üzrə geniş təcrübəyə malik, yaxınlarda təqaüdə çıxmış MKİ zabiti Conni GEnnon vəziyyəti belə qiymətləndirir:
“Lideri aradan götürmək bir düyünü aradan qaldıraraq daha böyük şəbəkənin fəaliyyətini poza bilər. Bu, genişmiqyaslı mobilizasiya olmadan qətiyyət nümayiş etdirməyə imkan verə bilər. Nöqtəvi güc tətbiqi ilə böyük müharibədən qaçmağa kömək edə bilər və bəlkə də varislik məsələsinə təsir göstərə bilər. Lakin risklər də var: şəhidlik effekti, daha sərt liderlərin hakimiyyətə gəlməsi, beynəlxalq normaların pozulması və kəşfiyyat imkanlarının zəifləməsi, çünki ölülər danışmır”, deyə Gennon mənə yazıb.
İsrail onilliklərdir ki, Qəzzada, İordan çayının qərb sahilində, Livanda, Suriyada və İranda rəqiblərinə qarşı “başsızlaşdırma” və likvidasiya strategiyasından istifadə edir. Ronen Berqman “Qalx və ilk öldür: İsrailin gizli məqsədli likvidasiyalarının tarixi” adlı kitabında yazır ki, İkinci dünya müharibəsindən bəri İsrail məqsədli əməliyyatlarda Qərb dünyasının digər ölkələrindən daha çox insan öldürüb.
Berqmanın sözlərinə görə, İsrail “təsirli əməliyyat imkanları” nümayiş etdirib, lakin bunun “yüksək mənəvi qiymətini” ödəyib. Bu metodlar daimi terror təhlükəsi səbəbindən zəruri ola bilərdi. Lakin zorakılıq dövrlərinin davam etməsi fonunda onları uğurlu strategiya adlandırmaq çətindir. İsrail rəsmiləri bu vəziyyəti bəzən “ot biçmək” ifadəsi ilə təsvir edirlər.
ABŞ-də siyasi qətllər rəsmi olaraq qadağandır. 1981-ci ildə prezident Ronald Reyqan tərəfindən imzalanmış 12333 saylı icra sərəncamında belə deyilir: “ABŞ hökumətində çalışan və ya onun adından fəaliyyət göstərən heç bir şəxs qətl törətmək məqsədilə əməliyyatlarda iştirak etməməli və ya belə bir sui-qəsdə qoşulmamalıdır”.
Bu qadağanın ilkin variantı 1976-cı ildə prezident Cerald Ford tərəfindən Çörç Komitəsinin araşdırmasından sonra qəbul edilmişdi və yalnız “siyasi qətlləri” qadağan edirdi. Sonradan 1978-ci ildə prezident Cimmi Karter bu qaydanı sərtləşdirdi və Reyqan onu təsdiqlədi.
Lakin hüquqşünas Stiven Knopflerin geniş hüquqi araşdırmasında qeyd etdiyi kimi, “Reyqan və ondan sonra gələn hər bir prezident faktiki olaraq bu sərəncamı ya pozub, ya da onu pozmaq niyyətində olub”. Belə əməliyyatların hədəfləri arasında Liviyada Müəmmər Qəddafinin iqamətgahı, Bağdadda Səddam Hüseynin sarayı və Əfqanıstanda Üsamə bin Ladenin təlim düşərgəsi olub.
Keçmiş yüksək vəzifəli milli təhlükəsizlik rəsmisi mənə belə demişdi: “Terrorla müharibə dövründə məqsədli öldürmələr bir növ narkotikə çevrildi və bizi indiki vəziyyətə gətirdi”. Berqmanın kitabına görə, bu cür əməliyyatların sayı prezident Corc Buş dövründə 48 olduğu halda, prezident Barak Obama dövründə 353-ə çatıb.
Bu gün belə likvidasiyalar yüksək dəqiqlikli kəşfiyyat və yüksək dəqiqlikli silahlar sayəsində daha asan həyata keçirilir. Texnologiya cəlbedicidir: ənənəvi və uzun sürən müharibələr mənasız görünə bilər, əgər rəqib rəhbərliyi bir anda məhv etmək mümkündürsə.
Lakin bu alətlər rəqiblərin də əlinə keçəcək. Süni intellekt sahəsində tanınmış mütəxəssis Mustafa Süleyman 2023-cü ildə yazdığı “Yaxınlaşan dalğa” kitabında “texnologiyanın hizbullahlaşması” anlayışından bəhs edir. O xəbərdarlıq edir ki, dünya parçalanmış və qəbilə xarakterli mühitə çevrilə bilər, burada hamı ən yeni texnologiyalara çıxış əldə edir. Keçmiş CIA zabiti Gənnon belə sual verir: “Biz səfirlərimizin və digər rəsmi şəxslərimizin xaricdə getdikcə daha çox hədəfə çevrilməsinə hazırıqmı?”
ABŞ prezidenti Donald Tramp İranın qəddar rejiminə son qoymaq istəməkdə haqlı ola bilər. Lakin müharibə başa çatdıqdan sonra sabit İranın necə qurulacağını daha ciddi şəkildə düşünmək lazımdır. Həmçinin bütün dünya üçün vacib sual budur: qlobal məkanın yüksək texnologiyalı silahlarla silahlanmış qruplar arasında sonsuz müharibə meydanına çevrilməsinin qarşısını necə almaq olar?
Poliqon.info