Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb. Əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xİdmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat axtarış tədbirləri təşkil edilib.
Publika.az xəbər verir ki, bu barədə məlumat "AzTV"-nin hazırladığı video- materialda vurğulanıb.
Məlum olub ki, İran vətəndaşları - Rustamzada Behnam Sahibali və Zandkian Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran vətəndaşı Zandkian Yaser Rahimin tapşırığı ilə Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 14 ünvanında yerləşən “Hamam Bath” sağlamlıq kompleksinin yaxınlığında qoyulmuş 1 ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı, içərisində yerin 6 metr dərinliyində olan obyektlərin, yəni, boru və ya digər konstruksiyalar, eləcə də beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kq 730 qram ağırlığında olan “C-4” partlayıcı maddənin olduğu aşkar edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicat Zaman oğlu ilə birlikdə avtomobil ilə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonrakı günlərdə onların Bakı şəhəri, Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib.
Daha sonra SEPAH-la birbaşa əlaqələri olan - İran vətəndaşı Azarundbileh Hosein Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Onun içərisində uzaqdan idarə olunan, “C-4” tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiq oğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığından həmin halın təsbit edilməsi üçün saxlanc yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonrakı gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi, Bağlar massivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Ə.Əbdullayevin yaşadığı evin yaxınlığında gizlətdikləri aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşlarının narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi keşikçiləri Korpusunun əlaqələndirici agentləri olduqları təsbit olunub.
Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasında terror-təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞ dolları vəd edən İran vətəndaşı Sheikhzadeh Sajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışında olub. Eyni zamanda, S.Sheikhzadehin Azərbaycanda yaşayan yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasında SEPAH-dan xüsusi tapşırıqlar aldığı məlum olub.