EN

Baharın ilk sevimli bayramı

Martın gəlişi baharın, təbiətin canlanmasının müjdəçisidir, həm də bəşəriyyətdə ən zərif, amma güclü iradəyə sahib olan qadınların da bayramıdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi tarixi sözlər qadınlığın uca tərəfidir: “Qadın ucalıq, ülvilik məbədi, qüdrət rəmzidir”. Xoşbəxtlikdən baharın gəlişini müjdələyən ilk dünya bayramı da qadınların bəxtinə düşüb.

Hələ müasir dünyanın “haqq və bərabərlik” anlayışları formalaşmamışdan çox əvvəl, Azərbaycan qadını öz torpağında mənəvi ucalığın və qətiyyətin rəmzi olub. O, beşik başında layla çalanda nə qədər qayğıkeşdirsə, xalqın və vətənin taleyi həll olunanda bir o qədər məğrur və sarsılmaz idi. Tariximizdə elə qadınlar olub ki, onların siyasi zəkası, diplomatik məharəti və strateji uzaqgörənliyi dövlətlərin taleyini müəyyən edib. Bu baxımdan, Azərbaycanın və ümumilikdə, Şərqin ilk diplomat qadını Sara Xatunun dövlətçilik tariximizin nadir simalarındandır. Qadınlar tarixin hər dövründə istedad və zəkaları ilə siyasi səhnənin formalaşmasında iştirak ediblər.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, mədəni, humanitar və diplomatik kimliyinin tanıdılması bilavasitə birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə bağlıdır. Birinci vitse-prezident Azərbaycan milli mədəniyyətini, musiqimizi, poeziyamızı, ədəbiyyatımızı dünya ictimaiyyətinə tanıtmaq üçün genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycanın qədim musiqi incisi olan muğamın və aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi milli irsimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm dönüş nöqtəsidir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar diplomatiya sahəsində misilsiz uğurlar qazanıb. Fondun təşəbbüsü ilə Fransa, İtaliya, Almaniya, Rusiya kimi ölkələrdə tarixi və dini abidələrin bərpası, dünyəvi miras kimi qorunması istiqamətində konkret layihələr həyata keçirilib.

Sülh quruculuğunda, gender bərabərsizliyi ilə mübarizədə, humanitar siyasətdə və iqlim diplomatiyasında qadınların iştirakı getdikcə zərurətə çevrilir. Xüsusilə də BMT-nin “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində qadınların münaqişələrin həlli və postkonflikt cəmiyyətlərin bərpasında oynadığı rol açıq şəkildə vurğulanır. Qadınların potensialını düzgün qiymətləndirmək və qərarvermənin bütün səviyyələrində onların iştirakını təmin etmək bu günün və gələcəyin əsas çağırışıdır.

Bu münasibətlə cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərən ziyalı və fəal qadınlarımızın bir neçəsi ilə həmsöhbət olduq.

Mehriban ZEYNALOVA,
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri:

– Parlamentlərarası Birliyin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində açıqladığı hesabatlar göstərir ki, son 20 ildə dünyada qadın parlamentarların sayı iki dəfə artıb. Azərbaycanda da qadınların qərarvermə prosesində iştirakının artdığı müşahidə olunur. Bu tendensiya parlamentdə, bələdiyyələrdə və müxtəlif icra strukturlarında da özünü göstərir. Həyatın bütün sahələrində fəal iştirak edən qabiliyyətli və işgüzar qadınlar öz potensialları ilə irəli çıxmalı və cəmiyyətdə layiq olduqları mövqeyi tutmalıdırlar.

Cəmiyyətdə sağlam münasibətlərin formalaşması üçün qarşılıqlı hörmət vacibdir və hər kəs öz hüquqlarını qorumağı bacarmalıdır. Lakin bəziləri düşünür ki, qadın hüquqlarını bilsə, daha çox tələb irəli sürər və ya bu, müəyyən narahatlıqlar yaradar. Halbuki əksinə, tərəflər öz hüquq və vəzifələrini yaxşı bildikdə, cəmiyyətdə balans yaranır və cinsi ayrı-seçkilik aradan qalxır.

Fikrini ifadə etmək və düşünmək azadlığı müstəqil Azərbaycanda həm qadınlara, həm də kişilərə verilən əsas hüquqlardan biridir. Konstitusiyada, digər qanunvericilik aktlarında kişi və qadın bərabərliyi açıq şəkildə qeyd olunur. Qadınlar öz məsuliyyət və öhdəliklərini yaxşı anlayırlar.

Bu gün qadınlarla bağlı müəyyən mənada hələ də qalmaqda olan stereotiplər onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Halbuki cəmiyyətin inkişafı üçün qadınların potensialının sərbəst şəkildə reallaşmasına daha geniş imkanların yaradılması vacibdir.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi qadınların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Mərkəzdə sığınacaqdan ayrılmış qadınların əmək bazarına çıxışı zamanı uşaqların nəzarətsiz qalmaması üçün postsığınacaq da var. Yardım xətti üzrə yüksək müraciət sayı təşkilata olan ictimai etimadın və əlçatanlığın göstəricisidir. Müraciətlərin əhəmiyyətli hissəsinin sığınacaq tələbi ilə bağlı olması ilkin risklərin geniş yayıldığını və erkən müdaxilə mexanizmlərinin zəruriliyini ortaya qoyur. Arzu edirəm ki, Azərbaycan qadını heç vaxt sığınacaqlara müraciət etmək məcburiyyətində qalmasın.

Aynur MƏMMƏDOVA,
qadın para-taekvandoçu, Prezident mükafatçısı:

– Mən sağ əlimdə inkişaf qüsuru ilə dünyaya gəlmişəm, biləkdən aşağı hissə formalaşmayıb. Yaşadığımız ərazi pambıqçılıq zonası idi və kənd təsərrüfatında müxtəlif kimyəvi maddələrdən istifadə olunurdu. Həkimlərin ehtimalına görə, həmin dərmanların təsiri və ya başqa bir amil nəticəsində bu qüsur yaranmış ola bilər. Anama da bir müddət vəziyyətimi deməyiblər. Sonradan atama bu barədə məlumat verildikdə çox ağır qarşılayıb. Kənd yerində bu xəbər tez bir zamanda yayılıb və təəssüf ki, bəziləri hətta mənim yaşamağımın mənasız olduğunu deyəcək qədər amansız fikirlər səsləndiriblər.

Ailəmdə anam mənə ən böyük dayaq olub. O, heç vaxt məni gizlətməyib, əksinə, mənimlə fəxr edib. Bu gün əldə etdiyim bütün nailiyyətlərdə onun dəstəyinin xüsusi rolu var.

Uşaqlıq illərimdə bəzən əlimi gizlətməyə çalışır, insanların baxışlarından çəkinirdim, amma heç vaxt geri qalmaq istəmirdim. Özümə söz vermişdim ki, heç kim məni zəif bilməyəcək, fiziki fərqliliklər insanın bacarıqlarını və iradəsini məhdudlaşdıra bilməz.

Bütün çətinliklərə baxmayaraq, maliyyə ixtisası üzrə təhsil aldım. Daha sonra Bakıya gəldim və bir müddət Əlillərin Bərpa Mərkəzində qaldım. 1996-cı ildə yaradılmış Paralimpiya Komitəsi vasitəsilə idmana yönəldim və əvvəlcə atıcılıq idman növü ilə məşğul olmağa başladım. Bu sahədə də müəyyən çətinliklər var idi. Çünki istifadə olunan avadanlıqlar əsasən sağ əl üçün nəzərdə tutulmuşdu. Mən isə sol əlimlə çalışmalı idim və bu səbəbdən məşqlər çətin keçirdi. Bu sahədə fəaliyyət göstərdiyim dövrdə respublika səviyyəli yarışlarda ikinci və üçüncü yerlərə layiq görülmüşəm. Lakin bir müddət sonra başqa sahədə özümü sınamağa qərar verdim.

2009-cu ildə para-taekvondo idman növünün yaradılması ilə əlaqədar mənə bu sahədə özümü sınamaq təklif olundu. Qeyd edim ki, respublikada para-taekvondo ilə məşğul olan ilk qadın idmançı mən olmuşam. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Dünya Çempionatında 3-cü yerə layiq görülmüşdüm. 2011-ci ildə Moskva şəhərində keçirilən Avropa Çempionatında qızıl medal qazanaraq Avropa çempionu oldum. 2014-cü il noyabrın 27-də Türkiyənin Antalya şəhərində keçirilən növbəti Avropa Çempionatında isə yenidən qızıl medal qazanaraq ikinci dəfə Avropa çempionu titulunu əldə etdim. Bu uğurların qazanılmasında əsas rol oynayan amil özümə olan inam və qarşıma qoyduğum məqsədlərə sadiq qalmağım olub.

2015-ci ildə isə Dünya çempionu adını qazandım. Daha sonra Soçidə keçirilən yarışda qızıl medal əldə etdim. 2018-ci ildə Bolqarıstanda keçirilən Avropa Çempionatında isə üçüncü dəfə Avropa çempionu oldum. Bu uğurlar mənə göstərdi ki, çəkilən zəhmət və əziyyət heç vaxt qarşılıqsız qalmır. Dövlət bayrağımızın yüksəldiyini və himnimizin səsləndiyini eşitmək mənim üçün bütün çətinlikləri unutduran ən böyük qürur anı idi.

Sonralar təhsilimi davam etdirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumağa, eyni zamanda, Fövqəladə Hallar Nazirliyində fiziki hazırlıq şöbəsində təlimatçı kimi fəaliyyət göstərməyə başladım.

Həyat hekayəmi ictimaiyyətlə bölüşdükdən sonra sosial şəbəkələr vasitəsilə bir çox insan mənimlə əlaqə saxladı. Xüsusilə əlilliyi olan uşaqların valideynləri mənə yazır, məsləhət və dəstək istəyirdilər. Bu müraciətlər məni daha böyük bir təşəbbüsə sövq etdi. “Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İctimai Birliyini yaratdım. Məqsədim özünü qüsurlu hesab edən gənclərin cəmiyyətə inteqrasiyasına, onların öz bacarıqlarını kəşf etməsinə kömək etməkdir. Bu gün artıq təşkilatımızın çoxsaylı üzvləri var və biz yalnız idman deyil, müxtəlif sahələr üzrə də uşaqların inkişafına dəstək göstəririk.

Bir müddət əvvəl sosial şəbəkələrdə bir ailə haqqında məlumat gördüm – onların tək qollu övladı dünyaya gəlmişdi. Həmin ailə ilə əlaqə saxladım və onlara mənəvi dəstək göstərməyə çalışdım.

Qadınlar yalnız ailədə deyil, həm də cəmiyyətdə, təhsil və idman sahəsində liderlik göstərə bilirlər. Hətta fiziki məhdudiyyət də onların bacarıqlarını, yaradıcılığını və iradəsini məhdudlaşdıra bilməz. Beləliklə, səbir, əzm və iradə rəmzi olan qadınlar həyatımıza işıq saçırlar.

Xalidə SƏMƏDOVA,
“BakuBus”ın avtobus sürücüsü:

– Hər böyük uğur kiçik xəyalla başlayır. Hələ uşaq ikən iri avtobusları görəndə onlara heyranlıqla baxır, özümü nəhəng sükan arxasında xəyal edirdim.

Düşünürdüm ki, zaman keçdikcə, bu maraq ötüb keçəcək. Amma əksinə, daha da alovlandı. Bir müddət sonra sərnişindaşıma sahəsində fəaliyyət göstərən “BakuBus” tərəfindən elan olunan vakansiya diqqətimi cəlb etdi. Şirkətin ictimai nəqliyyatda tətbiq etdiyi müasir standartlar, təhlükəsizlik qaydalarına ciddi yanaşması və peşəkar sürücülərin hazırlanmasına verdiyi önəm məni bu addımı atmağa daha da həvəsləndirdi. Elanı görən kimi müraciət etdim və seçim mərhələlərindən keçərək nəzəri və praktiki təlimlərə qatıldım. Təlimləri uğurla başa vurduqdan sonra, nəhayət, bu peşəyə yiyələndim. Sevinirəm ki, seçdiyim yolda ən böyük dəstək ailəmdən gəldi. Onlar mənəvi dəstəklərini heç vaxt əsirgəmədilər.

Sözsüz ki, yolda bir qadını avtobus sükanı arxasında görmək ilk vaxtlar sərnişinlər üçün təəccüb doğurur. Kişilər, qadınlar və xüsusilə uşaqlar bu mənzərəni maraqla izləyirdilər. Amma ən vacibi sükan arxasında kimin olduğu deyil, həmin insanın işini necə görməsidir. Artıq sərnişinlərin baxışları dəyişib. Hətta bəzən sərnişinlərdən xoş sözlər eşidirəm, “uğurlar”, “halal olsun” kimi ifadələr məni daha da ruhlandırır. Cəmiyyət yavaş-yavaş stereotiplərdən uzaqlaşır.

Düşünürəm ki, məsuliyyət, zəhmət və peşəkarlıq əsasdır. Bu səbəbdən cəmiyyətdə qadınların müxtəlif sahələrdə fəal olması çox vacibdir. Bu, həm stereotiplərin qırılmasına kömək edir, həm də gənc qızlara öz arzularının arxasınca getmək üçün cəsarət verir. Çünki istədiyi peşəni seçmək və o sahədə uğur qazanmaq hər kəsin haqqıdır. Əsas olan insanın özünəinamı, zəhmətdən qorxmaması və qarşısına qoyduğu məqsədə doğru addımlamasıdır.

Əminə İMANOVA,
nevropatoloq:

– 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində cəmiyyətdə bir canlanma, baharın ilk nəfəsi ilə gələn bayram əhvali-ruhiyyəsi duyulur. Mənim üçün bu tarix sadəcə qırmızı rənglə işarələnmiş istirahət günü və ya təbriklərdən ibarət adi təqvim deyil. Bu gün həyatın bütün ağır yükünü öz zərif çiyinlərində daşıyan, hər bir çətinliyə rəğmən gülümsəməyi bacaran qadınlarımızın daxili gücünə, dözümünə və sarsılmaz iradəsinə verilən ali dəyərin rəmzidir. Bu özəl gündə həyatın hər anına məna qatan, sevgisi ilə dünyanı gözəlləşdirən qadınların cəmiyyətdəki mühüm yerini bir daha dərk edirik.

Həyatını tibb sahəsinə və insan sağlamlığının qorunmasına həsr etmiş mütəxəssis, eyni zamanda, bir ana kimi qeyd etməliyəm ki, bu bayram xanımlara olan sonsuz hörmətin ən gözəl ifadəsidir. Bizim peşə fəaliyyətimiz sadəcə ağ xalat geyinib kabinetlərdə xəstə qəbul etməklə bitmir. Tibb sahəsini seçən qadın yolun ən başında anlayır ki, bu peşə ondan yüksək intizam, emosional dözümlülük və şəxsi həyatı ilə peşəkar məsuliyyətlərini balanslaşdırmaq bacarığı tələb edir. Haradasa köməyə ehtiyacı olan, ağrı çəkən bir insan varsa, həkim üçün yorğunluq, yuxusuzluq və ya şəxsi planlar artıq ikinci plana keçir.

İllərdir davam edən gərgin iş rejimi mənə bu həqiqəti öyrətdi: qadının gücü onun dözümlülüyündə və eyni anda üzərinə düşən bir neçə vəzifənin məharətlə öhdəsindən gələ bilməsindədir. Tibb sahəsində çalışmaq daha çox fədakarlıq istəyir. Səhər evdən çıxanda ailənin qayğılarını və övladın ehtiyaclarını qaydasına qoyub, xəstəxanaya addım atdığın an bütün problemləri unudub diqqətini qarşındakı insana yönəltmək böyük daxili enerji tələb edir. İnsanlar bizə ən çətin anlarında, bəzən ümidsizliyin son həddində pənah gətirirlər. Onları, sadəcə, tibbi biliklərlə deyil, həm də qadın qəlbinin şəfqəti ilə dinləmək, anlamaq və mənəvi dəstək vermək əsas vəzifəmizdir.

Mən peşəmi heç vaxt qazanc yeri kimi görməmişəm. Hər bir xəstənin sağalmasını, onun gözlərində yenidən parlayan ümid işığını görmək mənim üçün ən böyük mükafatdır. Əlbəttə, bu uğurun arxasında müəyyən çətinliklər də var: gecə yarı gələn təcili zənglər, bayram günlərindəki növbətçiliklər və doğmalarından uzaqda keçən saatlar... Amma bir insanın sağlamlığını geri qaytarmaq hissi bütün yorğunluqları unutdurmağa yetir.

Uzun illərin təcrübəsi mənə göstərdi ki, insanın sinir sistemi sadəcə bioloji hüceyrələrdən və elektrik siqnallarından ibarət deyil. O, həm də insanın yaşadıqlarının, kədərinin, sevincinin və dözümünün güzgüsüdür. Yanıma gələn minlərlə xəstənin simasında təkcə tibbi diaqnozları deyil, həm də onların arxasında dayanan həyat hekayələrini görürəm. Xüsusilə qadın xəstələrimin fədakarlığı, ailəsi naminə öz sağlamlığını necə arxa plana atması məni hər zaman dərindən düşündürür.

Qadın ailənin təməlidir, bu təməl möhkəm olmalıdır ki, ailə bütövlüyünü qoruya bilsin. Biz qadınlar çox vaxt özümüzü unuduruq. “Uşaqlar yaxşı olsun”, “həyat yoldaşım narahat olmasın”, “ev-eşik qaydasında olsun” deyərək keçirdiyimiz yuxusuz gecələr, daxilimizə atdığımız streslər illər sonra bizə şiddətli baş ağrıları, daxili gərginlik və tükənmişlik olaraq qayıdır. Bir həkim kimi tövsiyə edirəm ki, özünüzə vaxt ayırmaq və sağlamlığınızın qayğısına qalmaq mütləqdir. Çünki sizin sağlamlığınız və daxili rahatlığınız ailənizin xoşbəxtliyinin ən böyük təminatıdır.

Əgər bir ana, bir qadın gərgindirsə, bu, istər-istəməz ailənin digər üzvlərinə də təsir edir. Ən böyük dərman sevgidir – insanın, ilk növbədə, özünə olan hörməti və ətrafındakıların ona verdiyi dəyərdir. İnanın ki, heç bir dərman daxili hüzur qədər təsirli ola bilməz.

Müasir dünyada qadınların həm iş həyatında, həm də sosial mühitdə aktiv olması qürurvericidir. Lakin bu sürətli tempin içində özünüzə vaxt ayırmağı unutmayın. Mən inanıram ki, qadın əli dəyən hər işdə bir incəlik və ana qayğısı var. Uğurlu qadın obrazı təkcə karyera pillələrində yüksəlməklə deyil, həm də ətrafına yaya bildiyi xoş enerji, ailəsinə aşıladığı dəyərlər və insanlığa verdiyi xidmətlərlə ölçülür. Mən özümü xoşbəxt qadın hesab edirəm, çünki sevdiyim işi görürəm və tez-tez pasientlərimin “çox sağ olun, doktor” sözünü eşitməyin qürurunu yaşayıram.

Bütün qadınlarımızı, anaları, bacıları və qızlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıram. Kiçik şeylərdən xoşbəxt olmağı bacarın və ən əsası, gülümsəməyi unutmayın. Çünki səmimi bir təbəssüm ən güclü antidepressantdan daha təsirlidir. Bayramınız mübarək olsun!

Nəzakət TALIBOVA,
Bakıdakı 246 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, Əməkdar müəllim:

– Azərbaycan qadınları tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə seçiliblər. Yurdun, el-obanın çətin günlərində mübarizə meydanında kişilərlə çiyin-çiyinə dayanaraq, şücaət göstərərək hər zaman böyük hörmət, ehtiram qazanıblar. Bu gün də ölkəmizin dinamik inkişaf prosesində qadınlar fəal iştirak edir, Azərbaycanımızın tərəqqisi naminə mühüm xidmətlər göstərirlər.

Qadınların təhsil alması cəmiyyətimizin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Təhsilli qadın ailənin dayağı, uşaqların ilk müəllimi və cəmiyyətin sütunudur. Qadın oxuduqca, öyrəndikcə, inkişaf etdikcə, cəmiyyət daha işıqlı gələcəyə doğru irəliləyir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı möhtəşəm tarixi Zəfərdə imzası olan qəhrəmanları yetişdirən analarımızla daim qürur duyuruq. Azərbaycan qadını mənsub olduğu ölkənin və xalqın tərəqqisi üçün çalışan, həyatını bu ali amala həsr etməyin ən gözəl nümunəsidir. Biz Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində bunun parlaq nümunəsini bir daha görür və böyük iftixar hissi keçiririk. Mən də uzun illərdir gənc nəslin təlim-tərbiyəsi istiqamətində çalışıram. Dövlətimizə dərin minnətdarlığımı bildirirəm ki, bu sahədə əməyimi yüksək qiymətləndirərək mənə “Əməkdar müəllim” fəxri adına layiq görüb.

Hesab edirəm ki, müəllim üçün həyatda ən böyük xoşbəxtlik vaxtilə kövrək addımlarla məktəbə daxil olan şagirdlərini bu gün hansı peşədə çalışmasından asılı olmayaraq, cəmiyyət üçün faydalı, insanlara gərəkli, ləyaqətli vətəndaş kimi görməkdir. Şagirdlərimin həyatda qazandıqları nailiyyətlərdən qürur duyuram. Çünki vaxtilə dərs dediyin şagirdin həyatda qazandığı hər bir uğurdan, hər bir qələbədən müəllimə də pay düşür. Bu, müəllim həyatının mənasıdır.

Bütün Azərbaycan qadınlarını, Vətənimiz üçün dəyərli və qəhrəman övladlar yetişdirmiş müdrik analarımızı, eyni zamanda, gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışan müəllimlərimizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.

Hazırladılar:
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA,
Elenora HƏSƏNOVA,
Mehparə ƏLİYEVA
XQ

Chosen
25
1
xalqqazeti.az

2Sources