EN

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilib - Vüqar Rəhimzadə

Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında qadınlarımızın misilsiz xidmətləri vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə mübarizə salnaməmizdə silinməz izlər qoymuşlar. Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları müasir tariximizin əlamətdar hadisələrindəndir. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir.

Təqdirəlayiq haldır ki, gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının mübarizə meydanında göstərdikləri şücaət, eyni zamanda, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə olan məlumata görə,ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,4 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi son beş ildə ilbəil artaraq 2026-cı il yanvarın 1-nə 23,7 faizə çatıb. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,34 faizə yüksəlmiş, dövlət qulluqçuları arasında qadınların sayı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatıb, həmçinin hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı artıb.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə qadın siyasətinin əsasını qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınların fəaliyyətinəxüsusi diqqət göstərmiş, lider qadınların yetişməsinə xidmət edən mühüm addımlar atmışdır. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da Azərbaycanda qadın siyasətinin prioritetliyini təsdiqləyən amillərdəndir. 1998-ci ildə keçirilən Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə kimi dəyərləndirildi. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və mühüm hadisələrdən biri kimi qeyd edilir. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir. Azərbaycan digər sahələr kimi, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində də əldə etdiyi təcrübə ilə nümunədir. Ölkəmizdə qadınlara diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və bu sahədə təkmil qanunvericilik bazası mövcuddur.

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasətini son 22 ildən artıq dövrdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qadınların cəmiyyətdə rolunun ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində atdığı addımlar, qəbul olunan qanunlarda təkmilləşmə, Dövlət Proqramlarının qəbulu qadın siyasətində yeni bir mərhələnin əsasını qoydu. Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı ildə imzaladığı Fərman ilə ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını xüsusi qeyd edə bilərik.

Atılan hər bir addım Azərbaycanın bugününə və gələcəyinə, kiçik dövlət kimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə, qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanın çağırışlarının düzgün cavablandırılmasına öz töhfələrini vermələrinə xidmət edir. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının sıralarında da qadınlar böyük çoxluq təşkil edir. Ulu Öndərin partiyanın gələcəyi ilə bağlı fikirlərində bu mühüm məqam xüsusi qeyd olunmuşdur ki, YAP-ın sıralarında qadınlar və gənclər çoxluq təşkil etməlidir. Əsas hədəf onların ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmalarına dəstək olmaq idi. Hazırda YAP-ın tərkibində qadınların və gənclərin faizi çoxluq təşkil edir. Dövlət idarəçiliyində, parlamentdə və bələdiyyələrdə qadınların təmsilçilik faizləri artır. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur. Milli Məclisin I çağırışında 15, II çağırışında 13, III çağırışında 14, IV çağırışında 20, V çağırışında 20, VI çağırışında 21, VII çağırışında 26 qadın deputat seçilmişdir. 2020-ci ildən Milli Məclisə qadın deputat sədrlik edir.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun həyata keçirdiyi xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyətin başlıca məramı hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı ilin 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik Mehriban xanım Əliyevaya həvalə edildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.

Vüqar Rəhimzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bayramlarımızın tamamilə fərqli ovqatda qeyd edildiyini bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin Zəfər səhifəsini yazdı. Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən gənclərimizin vətənpərvəliyi, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir. Təbii ki, bu missiyanın yerinə yetirilməsində kiçik dövlət olan ailə, xüsusilər anaların rolu böyükdür. Dövlətimizin başçısı İlham Əliyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərində daim bu əminliyi xüsusi vurğulayır ki, qadınlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.

Bu gün - 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində hər kəs böyük inamla vurğulayır ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Bayramınız mübarək, əziz qadınlar!

Chosen
9
6
sia.az

7Sources