EN

Pezeşkian Bakı əvəzinə Rusiyanı seçdi – Nə baş verir?

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında ölkəsinin Azərbaycana qarşı hər hansı hücum həyata keçirmədiyini bildirib. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Pezeşkian söhbət zamanı İranın heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını və Cənubi Qafqazda vəziyyəti qeyri-sabitləşdirməkdə maraqlı olmadığını vurğulayıb. İran prezidenti qeyd edib ki, Tehranın siyasəti region ölkələri ilə mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə, münaqişələrin qarşısının alınmasına və əməkdaşlığın genişləndirilməsinə yönəlib. Onun sözlərinə görə, İran dövlətlərin ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və bölgədə davamlı sülhün təmin olunması istiqamətində səylərin artırılmasının tərəfdarıdır.

Məlumata görə, Pezeşkian ötən gün axşam saatlarında Vladimir Putinlə telefon danışığı aparıb. İran prezidentinin bu gün isə qonşu ölkələrə qarşı həyata keçirilmiş hücumlara görə üzr istədiyi bildirilib. İran liderinin bu açıqlamadan sonra Azərbaycan Prezidenti ilə də telefon danışığı aparacağı gözlənilir.

Xatırladaq ki, martın 5-də İran mənşəli pilotsuz uçuş aparatlarının Naxçıvanda bir neçə obyektə zərbə endirdiyi barədə məlumat yayılmışdı. Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və uçuş-enmə zolağına ziyan dəyib. Həmçinin yaxınlıqda yerləşən orta məktəb binası da zərər görüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilib. Baş verənlərdən sonra Naxçıvan Beynəlxalq Hava Limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz hesab edir ki, İran rəhbərliyinin son açıqlamaları regionda yaranmış gərginliyin diplomatik yolla yumşaldılması cəhdinin göstəricisidir. Onun sözlərinə görə, Tehran hazırkı şəraitdə Azərbaycanla münasibətlərin daha da kəskinləşməsinin öz maraqlarına uyğun olmadığını anlayır.

Heydər Oğuz

“İranın Azərbaycana qarşı hücum həyata keçirmədiyini deməsi və ardınca üzr mesajının verilməsi göstərir ki, Tehran vəziyyətin böyüməsini istəmir. Çünki Cənubi Qafqazda yeni qarşıdurma ocağının yaranması həm region, həm də İran üçün ciddi risklər yaradar. İran rəhbərliyi hazırda beynəlxalq və regional təzyiqlərin artdığı bir dövrdə əlavə gərginlikdən qaçmağa çalışır”, – deyə Heydər Oğuz bildirib.

Politoloqun sözlərinə görə, diqqət çəkən məqamlardan biri də İran prezidentinin bu məsələ ilə bağlı ilk olaraq Azərbaycanla deyil, Rusiya ilə əlaqə saxlamasıdır. Onun fikrincə, bu addım regionda mövcud geosiyasi balans və Rusiyanın Cənubi Qafqazdakı rolunun göstəricisi kimi qiymətləndirilə bilər.

“Burada maraqlı və sual doğuran məqam odur ki, Naxçıvana hücumla bağlı açıqlama verən İran prezidenti ilk olaraq Bakı ilə deyil, Moskva ilə danışır. Bu, faktiki olaraq İranın baş verən hadisə ilə bağlı izahı əvvəlcə Rusiyaya verməsi anlamına gəlir. Tehran yəqin ki, regiondakı proseslərdə Rusiyanın təsir imkanlarını nəzərə alaraq Moskvanı əvvəlcədən məlumatlandırmağa çalışıb. Digər tərəfdən, İran Cənubi Qafqazda mümkün hərbi-siyasi eskalasiyanın qarşısını almaq üçün Rusiyanın vasitəçi rolundan istifadə etmək niyyətində ola bilər”, – deyə Heydər Oğuz qeyd edib.

Ekspert hesab edir ki, bu addım həm də İranın regiondakı geosiyasi oyunçular arasında balans yaratmağa çalışdığını göstərir: “Tehran yaxşı anlayır ki, Azərbaycan regionda güclü siyasi və hərbi mövqeyə malikdir. Buna görə də İran rəhbərliyi gərginliyin böyüməməsi üçün həm Bakıya mesaj verməyə, həm də Moskva ilə koordinasiya aparmağa çalışır. Bununla belə, belə həssas məsələlərdə birbaşa Bakı ilə dialoq daha məntiqli və effektiv olardı”.

Heydər Oğuzun fikrincə, yaxın günlərdə Bakı ilə Tehran arasında birbaşa təmasların baş tutması ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, baş verən hadisənin bütün detalları aydınlaşdırılmalı və gələcəkdə bu cür insidentlərin təkrarlanmaması üçün mexanizmlər müəyyən edilməlidir. Politoloq əlavə edib ki, regionda sabitliyin qorunması həm Azərbaycan, həm də İran üçün strateji əhəmiyyət daşıyır və tərəflər bu məsələni diplomatik kanallar vasitəsilə həll etməyə çalışmalıdır.

Tunar
NOCOMMENT.az

Chosen
151
nocomment.az

1Sources