EN

Albayrak və “Turkuvaz”: Azərbaycana qarşı böhtanların səbəbi nədir?

Azərbaycan ilə Türkiyə arasında münasibətlər artıq uzun illərdir ki, müasir dünyanın ən unikal siyasi ittifaqlarından biri hesab olunur. Bu, sadəcə diplomatik tərəfdaşlıq və ya klassik hərbi siyasi alyans deyil. Söhbət iki xalqın dərin tarixi, mədəni və sivilizasiya bağlılığı üzərində qurulan xüsusi bir birlikdən gedir.

"Bir millət iki dövlət" formulu artıq çoxdan sadəcə poetik metafora olmaqdan çıxıb. Bu ifadə Bakı ilə Ankara arasında münasibətlərin real siyasi dayağına çevrilib. Elə buna görə də Azərbaycanla Türkiyə arasında etimad toxumunu sarsıtmağa yönəlmiş istənilən cəhd hər iki tərəfdə ciddi narahatlıq doğurur.

Son aylarda Türkiyə media məkanında və sosial şəbəkələrdə diqqət çəkən narahatedici bir tendensiya müşahidə olunur. Söhbət Azərbaycan haqqında sistemli şəkildə yayılan saxta, manipulyativ və açıq şəkildə böhtan xarakterli materiallardan gedir.

Bu tip yazı və süjetlər faktların təhrifinə, açıq uydurmalara və siyasi motivli ittihamlara söykənir. Materiallarda Azərbaycanın dövlət siyasəti gözdən salınır, onun müttəfiq roluna kölgə salınmağa çalışılır və ən qəbuledilməz məqam kimi Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına açıq təhqiramiz ifadələr səsləndirilir.

Yəni söhbət klassik jurnalistikadan yox, məqsədyönlü informasiya kampaniyasından gedir.

Türkiyə media məkanı və qəribə informasiya assimetriyası

Azərbaycanda Türkiyəyə münasibət həmişə xüsusi həssaslıqla seçilib. Türkiyə dövlətini və ya onun rəhbərliyini gözdən salmağa yönələn istənilən cəhd dərhal cəmiyyətin sərt reaksiyası ilə qarşılaşır.

Sosioloji araşdırmalar göstərir ki, Azərbaycan vətəndaşlarının doxsan faizdən çoxu Türkiyəni qardaş ölkə kimi qəbul edir. Türkiyədə baş verən hər bir müsbət hadisə Azərbaycanda da sanki öz sevincimiz kimi qarşılanır, türk dövlətinin üzləşdiyi çətinliklər isə cəmiyyətdə səmimi həmrəylik hissi yaradır.

Bu, təsadüfi emosional bağlılıq deyil. Bu, iki xalq arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş uzunmüddətli dövlət siyasətinin nəticəsidir.

Fəqət Türkiyə media məkanında Azərbaycana münasibətdə eyni həssaslıq hər zaman müşahidə olunmur. Hətta son illər bu məkanda Azərbaycanın mənfi obrazını formalaşdıran materialların sayının artdığı da diqqətdən qaçmır.

Türkiyə cəmiyyətinin müəyyən hissəsi uzun müddətdir mənfi informasiya narrativlərinin təsiri altına düşür.

"Turkuvaz" media qrupu və onun rolu

Bu kontekstdə "Turkuvaz" media holdinqinin fəaliyyəti xüsusi diqqət çəkir.

Bu qurum Türkiyənin ən iri media konqlomeratlarından biri sayılır və bir sıra nüfuzlu televiziya kanallarını, qəzetləri və internet platformalarını nəzarətdə saxlayır. Bu resursların ictimai rəyə təsir imkanları olduqca genişdir.

Məhz buna görə də bu media qrupunun platformalarında mütəmadi şəkildə Azərbaycana qarşı yönəlmiş materialların yayımlanması ciddi suallar doğurur.

Söhbət tək tük yazılardan getmir. Burada Azərbaycanın sistemli şəkildə diskreditasiya edildiyi təkrarlanan informasiya xətti müşahidə olunur.

Belə materiallarda faktiki əsasdan məhrum ittihamlar səsləndirilir. Üstəlik, bəzi hallarda ölkə rəhbərliyinə qarşı açıq təhqir elementləri də yer alır.

Bu cür praktikanı sadəcə redaksiya siyasəti kimi təqdim etmək çətindir. Çünki belə iri media strukturu ardıcıl şəkildə mənfi narrativləri tirajlayanda, bu qaçılmaz olaraq cəmiyyətdə müəyyən ictimai ovqat formalaşdırır.

Berat Albayrak və "Turkuvaz": tüstünün bu qədər çox olduğu yerdə "od yoxdur" demək çətindir

Berat Albayrakdan söz düşəndə bir çox şərhçilərin buraxdığı əsas səhv onu sadəcə keçmiş nazir kimi təqdim etməkdir. Bu, miqyası yanlış qiymətləndirmək deməkdir. Albayrak adi sabiq məmur və ya sadəcə iki mühüm quruma rəhbərlik etmiş keçmiş hökumət üzvü deyil. O, uzun illər Türkiyədə iqtisadiyyatın, energetikanın, informasiya gündəminin və idarəetmədəki qeyri-şəffaf mexanizmlərin bir nöqtədə kəsişdiyi siyasi fiqur kimi formalaşıb.

Bu konturun yanında isə daim "Turkuvaz Media Group" dayanır. Türkiyənin ən iri və ən təsirli media maşınlarından biri hesab olunan bu holdinqdə rəhbər mövqelərdən birini Berat Albayrakın qardaşı Serhat Albayrak tutur.

Məhz bu nöqtədə əsas sual yaranır. Niyə bu çevrə ilə əlaqəli media resursları vaxtaşırı Azərbaycanın imicinə, ölkənin reputasiyasına və Azərbaycan Türkiyə strateji müttəfiqliyinin məntiqinə zərbə vuran informasiya xətlərinə yol verirlər?

2025 və 2026-cı illərdə Azərbaycanda rəsmi səviyyədə dəfələrlə qeyd olunub ki, Türkiyə mediasının müəyyən seqmentində ölkə haqqında saxta, təhrif olunmuş və manipulyativ materiallar yayılır. Xüsusilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA( bəzi türk nəşrlərində, o cümlədən "Sabah" qəzetində dərc olunan saxta məlumatları açıq şəkildə tənqid edib və belə praktikanın yolverilməz olduğunu bəyan edib. Qurum vurğulayıb ki, bu cür materiallar ictimai etimada və müttəfiqlik münasibətlərinin atmosferinə zərbə vurur.

2026-cı ilin yanvarında agentlik yenidən bəyanat yayaraq Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyalarını və iki qardaş ölkə arasındakı bağları hədəfə alan informasiya manipulyasiyalarını pislədi. Bu artıq təsadüfi informasiya xətası deyil. Bu, təkrarlanan bir modeldir.

Amma Albayrakı müdafiə edənlər üçün narahatlıq doğuran başqa bir məqam da var. Rəsmi sənədlərə baxsaq, Albayrak açıq şəkildə TANAP və Cənub Qaz Dəhlizi layihələrinə qarşı çıxış etməyib. Əksinə, bu layihələrə dəstək bəyanatları səsləndirilib. Bəs onda niyə onun siyasi və media orbitində zaman zaman Azərbaycana zərər vuran informasiya xəttləri üzə çıxır?

Bu artıq emosional yanaşma məsələsi deyil. Bu, siyasi məntiq və belə kampaniyaların mənşəyi ilə bağlı sualdır.

Albayrakın idarəçilik fəaliyyətinin real nəticələrinə baxanda mənzərə daha sərt və amansız görünür. Onun dövrünün ən səs-küylü simvolu 128 milyard dollarlıq valyuta ehtiyatları ilə bağlı qalmaqal oldu. Məzkur məbləğ 2019-2020-ci illərdə Türkiyə lirəsini dəstəkləmək üçün valyuta bazarında satılmış ehtiyatlarla bağlı idi.

Türkiyədə bu mövzu son illərin ən böyük maliyyə siyasi qalmaqallarından birinə çevrildi.

Burada məsələni açıq demək lazımdır. Ehtiyatlar "yoxa çıxmadı", onlar məzənnə sabitliyi görüntüsü yaratmaq uğrunda yandırıldı. Albayrakın siyasi uğursuzluğunun mahiyyəti də məhz bundadır. Struktur iqtisadi problemlərin həlli yox, institutlara etimadın bərpası yox, iqtisadi siyasətdə proqnozlaşdırıla bilənlik yox, sadəcə bahalı idarəetmə imitasiyası.

Belə praktika adətən eyni ssenari ilə bitir. Əvvəl məmur sabitlik barədə hesabat verir, sonra bazar sözlərə inanmağı dayandırır, daha sonra isə dövlət ikiqat bədəl ödəyir: həm ehtiyatları itirir, həm də etimadı. Albayrak dövrünün Türkiyə iqtisadi hekayəsi bu modelə tam uyğun gəlir.

"128 milyard haradadır?" şüarı Türkiyədə sadəcə müxalifətin siyasi şüarına çevrilmədi. Bu sual həmin idarəçilik modelinə qarşı geniş ictimai etimadsızlığın dilinə çevrildi.

İkinci ağır məsələ onun iqtisadi irsinin ümumi toksikliyi ilə bağlıdır. Siyasi qiymətləndirmələri bir kənara qoysaq belə, faktlar kifayət qədər sərtdir. Berat Albayrakın rəhbərlik etdiyi dövrdə maliyyə bloku lirənin dəyərdən düşməsi, bazarların əsəbiliyi, inflyasiya sıçrayışları və pul siyasətinə etimad böhranı ilə assosiasiya olunurdu.

Strateji idarəetmə əvəzinə tez-tez əl rejimində qərarlar qəbul olunurdu. İctimai yaddaşda B.Albayrak sistemli modernizator obrazı qoymadı. O, daha çox arxasınca yanğın söndürmək məcburiyyətində qalan bir idarəçilik dövrünün simvolu kimi yadda qaldı.

Bəlkə də ən dəqiq idarəetmə diaqnozu budur: onun daxil olduğu sistemlərdə inkişaf müzakirələri tez bir zamanda növbəti uğursuzluğu izah etmək cəhdlərinə çevrilirdi. Valyuta ehtiyatları qalmaqalı isə bu piramidanın sadəcə ən səsli zirvəsi oldu.

Üçüncü qat informasiya mühiti ilə bağlıdır. Berat Albayrakın adı uzun illərdir jurnalistlərə təzyiq, narahat materialların silinməsi cəhdləri və araşdırma yazılarına qarşı aqressiv hüquqi reaksiyalarla bağlı qalmaqallarda hallanır.

Onun elektron məktublarının sızdırılmasından sonra məsələ yalnız siyasi deyil, həm də media hüquqi müstəviyə keçdi. Türkiyədə bu mövzunu işıqlandıran və materialları dərc edən jurnalistlər təqiblə üzləşdi. Bu barədə beynəlxalq media və hüquq müdafiə təşkilatları məlumat yayıb.

"Bianet" həmin sızma işi ilə bağlı bəraət almış jurnalist haqqında qərardan sonra Albayrakın apellyasiya şikayəti verdiyini qeyd etmişdi. "Mapping Media Freedom" və digər media azadlığı monitorinq qurumları isə bu sənədlərin dərcində iştirak etdiyi iddia olunan jurnalistlərin təqib edildiyini bildirirdi.

Sızmaların mənşəyi ilə bağlı mübahisələri bir kənara qoysaq belə, diqqət çəkən məqam başqadır. Albayrakın adı yenə şəffaflıq və açıq izahatlarla deyil, narahat məlumatların yayılmasına qarşı sərt hüquqi və cinayət təqibi reaksiyası ilə yanaşı çəkilirdi.

ARTICLE 19 təşkilatı da bu işlərdən birində həm Berat Albayrakın, həm də Serhat Albayrakın adlarının hallandığını xüsusi qeyd etmişdi.

Burada əsas məsələ hər bir məhkəmə işinin necə başa çatması deyil. Əsas məsələ davranış modelinin təkrar olunmasıdır. Faktlarla açıq təkzib yox, maraqların strukturunun şəffaf izahı yox, əksinə sənədləri və əlaqələri araşdırmağa çalışanlara qarşı sərt təzyiq.

İqtisadi siyasətin memarı roluna iddia edən siyasətçi üçün bu, reputasiya baxımından ağır zərbədir.

İndi isə "Turkuvaz" məsələsinə qayıdaq. Bu ölçüdə media imperiyası sadəcə neytral platforma deyil. Bu, informasiya çərçivəsini formalaşdıran mexanizmdir. "Sabah", "A Haber" və qrupun digər resursları təkcə xəbərləri ötürmür. Onlar hansı mövzunun xəbər sayılacağını, harada vurğunun qoyulacağını, kimin demonizə ediləcəyini və kimin legitim müzakirə sahəsindən kənara çıxarılacağını müəyyənləşdirən sistemin bir hissəsidir.

Türkiyə media sistemi üzrə aparılan müxtəlif araşdırmalar dövlət reklamları və digər ictimai resurslara çıxışda ciddi disbalans olduğunu göstərib. Bu sistemdə hakimiyyətə yaxın media qrupları, o cümlədən "Turkuvaz", qeyri-mütənasib üstünlüklər əldə edib.

Belə bir informasiya maşını Azərbaycana dair təhrif olunmuş narrativləri yaymağa başlayanda bunu tam təsadüf kimi qəbul etmək çətindir. Ona görə yox ki, haradasa "Bakıya hücum edin" məzmunlu açıq bir göstəriş dərc olunub.

Sadəcə ona görə ki, bu cür media sistemlərində belə redaksiya xətləri adətən boşluqda yaranmır.

Eyni mərkəzdən idarə olunan siyasi və media mühiti

Biz elə bir siyasi media mühiti ilə üz üzəyik ki, burada eyni qrup bir tərəfdən Azərbaycanla strateji layihələri açıq şəkildə tərifləyə, digər tərəfdən isə ona bağlı və ya ideoloji baxımdan yaxın resurslar vasitəsilə Azərbaycana qarşı dezinformasiya və toksik informasiya xətlərinin yayılmasına şərait yarada bilir. Bu, şübhəsiz ki, etimadın sabotajıdır, müttəfiqlik atmosferinin sabotajıdır və bütövlükdə strateji tərəfdaşlıq məntiqinə qarşı yönəlmiş zərbədir. Böyük siyasətdə isə bəzən məhz belə gizli sarsıdıcı təsirlər ən təhlükəli nəticələr doğurur.

Berat Albayrak siyasi və idarəçi fiqur kimi arxasında elə bir reputasiya qoyub ki, onun adı tez tez qeyri şəffaflıq, idarəetmədə gərginlik, tənqidə qarşı sərt münasibət, valyuta ehtiyatları qalmaqalı və ciddi etimad böhranı ilə yanaşı çəkilir. Onun ətrafında isə "Turkuvaz" adlı media konturu dayanır. Məhz həmin konturun daxilində Azərbaycana qarşı mənfi və manipulyativ informasiya xətlərinin yayıldığı Bakı tərəfindən artıq rəsmi səviyyədə də qeydə alınıb.

Ziddiyyət ondan ibarətdir ki, Azərbaycan Türkiyə enerji layihələri ilə ictimai şəkildə assosiasiya olunan bir siyasi fiqur eyni zamanda elə bir siyasi media orbitində yer alır ki, həmin orbitdə Azərbaycana qarşı informasiya zərbələrinə yol verilir. Bu artıq təsadüf yox, siyasi mühitin patoloji xüsusiyyətidir.

Vəziyyəti daha da mürəkkəbləşdirən başqa bir amil isə bəzi türk siyasətçilərinin çıxışlarıdır. Onların bəziləri parlament tribunasından istifadə edərək Azərbaycan haqqında ittiham və təhrif xarakterli bəyanatlar səsləndirirlər.

Bu cür açıqlamalar çox keçmədən "Turkuvaz" media resursları tərəfindən tirajlanır və geniş informasiya məkanına yayılır. Nəticədə qapalı bir dövrə yaranır. Siyasi bəyanatlar media kampaniyalarını qidalandırır, media kampaniyaları isə öz növbəsində ictimai rəy formalaşdırır.

Azərbaycan Türkiyə ittifaqının zəifləməsi isə bir çox qüvvələrin maraqlarına uyğundur.

Bu ittifaq Cənubi Qafqazın geosiyasi balansını dəyişdirib. O, Avropanın enerji təhlükəsizliyini gücləndirib, yeni nəqliyyat marşrutlarının formalaşmasına şərait yaradıb və türk dünyasının mövqelərini möhkəmləndirib.

Məhz buna görə Bakı ilə Ankara arasında münasibətləri sarsıtmağa yönəlmiş cəhdlərin davam edəcəyi şübhə doğurmur.

Xüsusilə təhlükəli məqam ondan ibarətdir ki, belə proseslər Türkiyənin öz informasiya məkanında meydana çıxmağa başlayır.

Azərbaycan Türkiyəyə münasibətdə hər zaman qəti və açıq dəstək nümayiş etdirib. Ankara dağıdıcı strukturların və ekstremist şəbəkələrin təhdidləri ilə üzləşəndə Bakı öz ərazisində onlarla əlaqəli təşkilatlara qarşı operativ və sərt tədbirlər gördü.

Bu gün isə təbii bir sual ortaya çıxır. Niyə Azərbaycana qarşı sistemli şəkildə böhtan və təhqir yayan strukturlara münasibətdə eyni qətiyyət nümayiş etdirilmir?

Əgər media qurumları öz təsir imkanlarından istifadə edərək müttəfiqlik münasibətlərini sarsıtmağa çalışırsa, dövlət institutları buna reaksiya verməlidir.

...Bütün informasiya hücumlarına baxmayaraq Azərbaycan Türkiyə qardaşlığının təməli möhkəm olaraq qalır və qalacaq.

İttifaq müvəqqəti siyasi maraqlara söykənmir. Onun əsasında ortaq tarix, ortaq mədəniyyət və gələcəyə dair ortaq strateji baxış dayanır.

Ancaq bu o demək deyil ki, informasiya diversiyalarına göz yummaq olar.

Türkiyə cəmiyyətində Azərbaycanın nüfuzunu zədələməyə yönəlmiş hər bir kampaniya aydın və prinsipial qiymət almalıdır.

Çünki Bakı ilə Ankara arasındakı ittifaqın qorunması təkcə siyasi ritorika məsələsi deyil. Bu, bütövlükdə regionun strateji sabitliyi məsələsidir.

Elçin Alıoğlu

Chosen
56
2
milli.az

3Sources