EN

İranda "nüvə reydi" həyəcanı – Tramp xüsusi təyinatlıları hərəkətə gətirə bilər

Britaniyanın "Daily Mail" qəzetinin martın 8-nə olan məlumatına görə, Prezident Donald Trampın administrasiyası İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün xüsusi təyinatlı qüvvələrin ("Special Forces") qurudan əməliyyat keçirməsi variantını ciddi şəkildə nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu ssenari hava zərbələri ilə tam məhv edilməsi mümkün olmayan yeraltı laboratoriyalara qarşı tətbiq edilə bilər.

Nəşrin kəşfiyyat mənbələrinə istinadən yazdığına görə, əməliyyat planına aşağıdakı detallar daxildir:

"Delta Force" və "Navy SEALs": ABŞ-ın ən seçmə bölmələri birbaşa İran daxilinə sızaraq nüvə obyektlərinə (məsələn, Fordo və ya Natanz) hücum edə bilər.

Hədəf: Əsas məqsəd bütün binanı partlatmaq deyil, uran zənginləşdirən sentrifuqaları və digər kritik texnoloji avadanlıqları fiziki olaraq məhv etməkdir. Bu, İranın nüvə proqramını onilliklərlə geri salmaq üçün nəzərdə tutulub.

Quru qoşunları: Tramp bir neçə gün əvvəl verdiyi bəyanatda "quru qoşunlarının yeridilməsini (boots on the ground) istisna etmədiyini" bildirmişdi. "Daily Mail" qeyd edir ki, xüsusi təyinatlıların reydi bu bəyanatın ilk addımı ola bilər.

Hazırda əməliyyat "masadadır", lakin Ağ Ev və Pentaqon bunun yarada biləcəyi riskləri – xüsusilə də Amerika hərbçilərinin əsir düşməsi və ya bölgədəki radiasiya sızması ehtimalını qiymətləndirir. Eyni zamanda, "Axios" nəşri də ABŞ-ın İranın nüvə ehtiyatlarını ələ keçirmək üçün xüsusi əməliyyat planlaşdırdığını təsdiqləyib. Martın 8-i səhər saatlarında Tramp "Truth Social" hesabında "Əməliyyat genişlənəcək, hədəf almadığımız yerlərə də girəcəyik" deyərək bu iddiaları dolayısı ilə gücləndirib.

Musavat.com

Chosen
115
50
musavat.com

10Sources