EN

Böyüklərin davası başladı - KÖŞƏ

“Qarabağ”la 3:3 bitən oyunun ardından “Sabah”ı çempionluğa aparan yol bir qədər də qısaldı.

Ağdamlılar həmin oyunda qələbə qazansaydı, xal fərqi 4-ə, çempionun təxirə salınan oyunda “Neftçi” üzərindəki mümkün qələbəsini də nəzərə alsaq, hətta 1-ə enəcəkdi. Amma heç-heçə hər şeyi olduğu kimi saxladı.

Sonda yaşanan qalmaqaldan da xəbərdarsız. Valdas Dambrauskas köməkçisi ilə “Qarabağ”ın məşqçi korpusu arasındakı davaya yetərincə təmkinli yanaşdı, Qurban Qurbanovdan üzr istəməklə ehtirasların gərginləşməsinə imkan vermədi. Amma və lakin...

“Sabah”ın prezidenti Maqsud Adıgözəlovun bir gün sonra “azerisport”a verdiyi açıqlamalar çempionluğa iddialı iki klub arasındakı münasibətlərin heç də xoş olmadığını göstərdi. Bir qədər sonra həmin açıqlamalara da toxunacam. Amma mənə elə gəlir ki, bu münaqişənin təməli indi yox – xeyli əvvəl, yəni AFFA İcraiyyə Komitəsinin iclasında legioner limiti müzakirəyə çıxarılanda və yola limitsiz davam etməyə qərar veriləndə qoyulub.

Sirr deyil ki, ölkənin ən güclü yerli futbolçuları “Qarabağ”da toplaşıb, limit olanda hər hansı başqa komandanın bu komponentdə ağdamlılarla ayaqlaşmaq imkanı yox idi. Bildiyim qədəri ilə İcraiyyə Komitəsində əyləşən və “Sabah”a simpatiya bəsləyən şəxslər limitin götürülməsi üçün Qurbanova və tərəfdarlarına ciddi təzyiq göstərib. Legioner limitinin götürülməsi ilə Qurban bəy əsas silahlarından birini – yerli futbolçu kartını itirdi. İndi isə münasibətlər sistemi belə qurulub: bacarana baş qurban! Açması odu ki, kim yaxşı legioner gətirə biləcəksə, o da çempion olacaq!

Maqsud bəyin açıqlamaları da çox cəlbedicidi. Belə görünür ki, “Sabah”ın prezidenti ölkə kubokunun finalından, yəni mayın 31-dən bəri Qurbanovun əlindən yanıqlıdı. Axı “Qarabağ”ın baş məşqçisi komandasının “Sabah”a 2:3 uduzduğu həmin oyundan sonra hakim qərarlarından narazılıq etmişdi. Adıgözəlov isə həmin narazılığı “Sabah”ın qələbəsinə kölgə salmaq, oyunun təmizliyini şübhə altına almaq” cəhdi kimi qiymətləndirir. Qurban bəy “Şamaxı” ilə kubok oyunundan sonra bu ittihama cavab verməsə də, yüzdəyüz əminəm ki, onun içi qaynayır, “Sabah” camiəsinə cavab vermək üçün fürsət axtarır. İlk münasib imkandaca Adıgözəlova və “bayquşlar”a cavab verəcək. Bəlkə də elə bu bu mövsüm. Amma həmin mümkün cavabın arxasında hansısa parlaq qələbə qazanmalıdı. Ölkə çempionatında da olmasa, kubokda.

İş ondadı ki, hazırda amansız çempionluq mübarizəsinə girişən bu komandalar kubokun yarımfinalında da üz-üzə gələcək. Bax, həmin oyunların hansısa qisas, vendetta imkanına çevrilə bilər.

İstənilən halda, Adıgözəlov – Qurbanov atışması bitmədi. Mən əslində məsələni məhz belə qoyardım: böyüklərin davası başladı! Sadəcə, davanın bu iki şəxslə məhdudlaşacağı da inandırıcı görünmür. Bildiyim, hiss etdiyim qədəri ilə həm Maqsud bəy, həm də Qurban bəy ölkə futbolunun tam fərqli düşüncə tərzinə malik qütblərinin aparıcı şəxslərindən biridi.

Odu ki, irəlidə bizi daha maraqlı səhnələr və atmacalar gözləyir. Seyrə davam!

Chosen
115
1
football-plus.az

2Sources