EN

Ayxan Abbasov: “Heyət seçimim rəhbərliklə müzakirə edilmir” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sıx qrafikdə oynayırdıq, son matçda üzücü məğlubiyyət də almışdıq. Futbolçular psixoloji tərəfdən yorğun idilər. Buna baxmayaraq, yorğun halda bu gün 90 dəqiqə yaxşı mübarizə apardıq. “İmişli” çempionatda ən çox heç-heçəsi olan komandadır. Rəqibə oynamağa imkan vermirlər, özləri də oynamırlar. Qubada da görmüşdük, burada da gördük. Yorğun olsaq da, mühüm xal qazandıq. Çünki çempionatda həm yerimizi qorumalıyıq, yuxarı pilləyə də şansımız var. Mübarizə davam edir. Komandanı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq.

Komandanın birinci məqsədi Premyer Liqada qalmaq idi. Çünki klub böyümək istəyirsə, Premyer Liqada qalmalıdır. Bəlli büdcəmiz var. Bizdən aşağı olan komandalardan heç nə ilə fərqlənmirik. İkinci dövrədən stabil olaraq yerimizdəyik. Kubokda hədəf var idi. Amma “Qarabağ” çox güclü idi. Bəlkə də bir az təcrübə, rotasiya üçün geniş heyət olsaydı, daha yaxşı oynamaq olardı. Bundan sonrakı oyunlar özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq.

Bəzi məqamlar var ki, bu, sırf mənə aiddir. Azərbaycanda son dövrə qalanda, fikirlər də dəyişir, məqsədlər də. Ona görə bu cür suallar gəlir. Amma mənim öz məqsədim, yanaşmam var. Meydana kimi buraxacağıq, kimi oynadacağıq, bu məsələlər rəhbərliklə müzakirə olunmur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
88
2
arena.az

10Sources