EN

Pezeşkianın Əliyevə zəngi – İranla münasibətlərdə YENİ DÖNƏM

Xəbər verdiyimiz kimi, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.

Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və İran arasında bu telefon zəngi iki ölkə münasibətlərində nə qədər strateji rol oynayacaq? Bu, gələcəkdə regional təhlükəsizlik və humanitar əməkdaşlıq baxımından hansı nəticələrə təsir edə bilər? Eyni zamanda müştərək iqtisadi layihələrin inkişafına hansı istiqamətlərdə təkan verə bilər və Naxçıvanda baş verən insidentin araşdırılmasının bu əlaqələrə potensial təsirləri nələrdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə İranın dövlət başçısı Pezeşkianın zəngi proseslərin gedişatında gərginlik fonunun azaldılmasına təsir edə bilər:

“Məlum dron hücumundan sonra Azərbaycan prezidenti İlham Əliyev özünün etirazını bildirmiş və qarşı tərəfdən izah tələb etmişdi. Bu baxımdan həmin zəngi bu tələbə ilkin reaksiya kimi qiymətləndirmək mümkündür. Hər bir halda iki dövlət başçısı arasında birbaşa ünsiyyət çox önəmlidir”.

Şərhçinin sözlərinə görə, bu məsələlərə üçüncü tərəflər olmadan çevik reaksiya verilməsinə kömək edən amil kimi izah edilə bilər:

“Hər bir halda Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülh və əmin-amanlıq şəraitində dövlətlərarası münasibətlərdə maraqlıdır”.

Tunar
NOCOMMENT.az

Chosen
105
nocomment.az

1Sources