Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin başqa ölkələrə verilməsini qadağan edən federal qanunu imzalayıb.
Ölkə.Az xəbər verir ki, sənəd Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 464-cü maddəsinə dəyişikliklər edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, Rusiya ordusunda və ya digər hərbi birləşmələrdə müqavilə ilə xidmət edən və döyüş əməliyyatlarında iştirak etmiş xarici vətəndaşlar xarici dövlətlərin ekstradisiya sorğuları əsasında həmin ölkələrə təhvil verilə bilməz.
Qanun 26 fevralda Rusiya Dövlət Duması tərəfindən qəbul edilib, martın 4-də isə Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənib.
Putinin imzaladığı sənəd martın 8-də rəsmi hüquqi məlumat portalında dərc olunub.