
İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, davam edən münaqişə fonunda regiondan ABŞ-a və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə neft ixracının qarşısı tamamilə kəsiləcək.
Korpusun rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini bildirib ki, ABŞ-ın İrana qarşı təcavüzü şəraitində İslam Respublikasının silahlı qüvvələri düşmən tərəfə və onun tərəfdaşlarına "bir litr də olsun" neftin çıxarılmasına imkan verməyəcək. Onun sözlərinə görə, İran regionun neft resurslarını və təhlükəsizliyini qorumağa tam hazırdır.
General həmçinin vurğulayıb ki, İran ordusu müharibənin miqyasını genişləndirmək iqtidarındadır və bu münaqişənin nə vaxt bitəcəyinə yalnız Tehran qərar verəcək.
Xatırladaq ki, bu hədələr fonunda qlobal enerji bazarlarında gərginlik artmaqda davam edir.