EN

KİV: Sarkozi yenidən həbs oluna bilər

BAKI, 10 mart. TELEQRAF

Fransanın sabiq prezidenti Nikola Sarkozi yenidən həbsxanaya göndərilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məhkəmə Sarkozinin vəkillərinin iki müxtəlif cinayət işi üzrə çıxarılan hökmlərin birləşdirilməsi ilə bağlı müraciətini rədd edib.

Telekanal bildirir ki, vəkillər korrupsiya və nüfuz alveri ilə bağlı iş üzrə çəkilmiş cəzanın seçki xərclərinin həddini aşma işi üzrə cəza müddətinə daxil edilməsini xahiş etmişdilər. Martın 9-da məhkəmə bu vəsatəti təmin etməyib.

Qeyd edək ki, 70 yaşlı Nikola Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti olub. O, 2025-ci il sentyabrın 25-də seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə cinayət qrupunda iştirakda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib.

Sarkozi oktyabrın 21-də Parisin XIV dairəsində yerləşən “Sante” həbsxanasında cəzasını çəkməyə başlayıb və 21 gün təkadamlıq kamerada qalıb.

2025-ci il noyabrın 10-da isə Paris Apellyasiya Məhkəməsi vəkillərin müraciətini təmin edərək onun həbsdən azad olunmasına və məhkəmə nəzarəti altına keçirilməsinə qərar verib.

Bu qərara əsasən, Sarkozinin Fransanı tərk etməsi və məhkəmə prosesi başa çatana qədər ölkənin istənilən ədliyyə naziri ilə əlaqə saxlaması qadağan olunub.

Onun seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə apellyasiya şikayətinə baxılmasının 2026-cı ilin martında keçirilməsi gözlənilir.

Chosen
84
teleqraf.com

1Sources