EN

İran: “Hörmüz boğazından bir litr də olsun neft çıxarılmayacaq” – Trampdan sərt cavab

Vətəninfo.az xəbər verir ki, İran və ABŞ arasında gərginlik yenidən artıb. İran tərəfi bölgədən neft ixracının dayandırıla biləcəyini açıqlamasına, ABŞ prezidenti sərt cavab verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü Sərdar Naini bildirib ki, ABŞ və İsrailin mümkün hərbi əməliyyatları halında İran silahlı qüvvələri Hörmüz boğazından “bir litr belə neftin” ixracına icazə verməyəcək. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ABŞ ordusu və İsrailin İran xalqına və infrastruktura qarşı təcavüzü fonunda regiondakı enerji marşrutlarına nəzarəti gücləndirib.

İranın Tasnim xəbər agentliyinə danışan Naini vurğulayıb ki, İran artıq müharibəni genişləndirmək üçün sərbəst hərəkət edə bilər və münaqişənin nə vaxt başa çatacağına Tehran qərar verəcək. O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgəyə göndərdiyi USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Hörmüz boğazına yaxınlaşmasını “səbirsizliklə gözlədiklərini” bildirib. Naininin sözlərinə görə, digər ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Lincoln hazırda bölgədən 1000 kilometrdən çox məsafədə yerləşir.

Fars xəbər agentliyi isə mənbələrə istinadən yazır ki, İran Hörmüz boğazına tam nəzarət edir. Məlumata görə, boğaz ABŞ, İsrail və onların müttəfiqlərinin gəmiləri üçün bağlanıb və onlar bu marşrutla neft daşıya bilməyiblər. Bununla belə, marşrut Çin və İranla dost münasibətlərdə olan ölkələr üçün açıq saxlanılır və enerji mübadiləsi davam edir.

İran rəsmisinin bu açıqlamalarından sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkə platforması Truth Social-da sərt bəyanatla çıxış edib. O bildirib ki, İran Hörmüz boğazında neft tədarükünü dayandırarsa, ABŞ Tehrana “indiyədək vurduğundan 20 dəfə daha ağır zərbə” endirəcək.

“Əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq hər hansı addım atsa, ABŞ onlara iyirmi dəfə daha sərt zərbə endirəcək”, – deyə Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton İranın həssas hədəflərini məhv etməyə hazırdır və belə bir ssenari İranın bir dövlət kimi bərpasını “demək olar ki, qeyri-mümkün” edə bilər. Tramp xəbərdarlıq edib ki, bu halda İranın üzərinə “ölüm, od və qəzəb yağacaq”.

CNN telekanalına danışan İran mənbəsi isə bildirib ki, Tehran Fars körfəzində ABŞ müttəfiqlərinə məxsus neft tankerləri və kommersiya gəmilərindən “təhlükəsizlik rüsumları” almaq planını tamamlayır. Mənbənin sözlərinə görə, İran qlobal neft bazarına ciddi təsir göstərə biləcək rıçaqlara malikdir.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20 faizinin və mayeləşdirilmiş təbii qazın 30 faizinin daşındığı strateji marşrut hesab olunur. Bu səbəbdən bölgədəki hərbi və siyasi gərginlik qlobal enerji bazarları üçün böyük risk yaradır.

Chosen
42
veteninfo.az

1Sources