EN

ABŞ lazer silahına “yaşıl işıq” yandırır ? – TRAMP ANONSUNU VERDİ

“Hazırda sahib olduğumuz lazer texnologiyası inanılmazdır. O, çox yaxın zamanda tətbiq olunacaq və lazerlər indi ‘Patriot’ sistemlərinin və digər vasitələrin gördüyü işi, lakin xeyli daha ucuz başa gəlməklə yerinə yetirəcək”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, lazer sistemləri eyni vəzifələri daha aşağı xərclə yerinə yetirə biləcək.

Tramp həmçinin qeyd edib ki, İranın raket potensialı təxminən 10 faizə qədər azalıb, bəlkə də bundan da aşağıdır.

O vurğulayıb ki, ABŞ İranın pilotsuz aparat istehsal etdiyi bütün yerləri bilir və həmin obyektlər ardıcıl şəkildə hücumlara məruz qalır.
 

“Biz onların dron istehsal etdikləri bütün yerləri bilirik və onlar bir-bir vurulur. Biz 51 gəmini batırmışıq. Ən vacib hədəflərin bəzilərini isə hələlik sonraya saxlamışıq. Əgər onları vurmalı olsaq, bərpa etmələri illərlə vaxt aparacaq. Bu, elektrik enerjisi istehsalı və bir çox digər sahələrlə bağlıdır. Buna görə də buna ehtiyac olmadıqca bunu etmək istəmirik”, – deyə Tramp bildirib.


Onun sözlərinə görə, bu obyektlər vurulması asan olsa da, zərbə endiriləcəyi təqdirdə çox böyük dağıntılara səbəb ola bilər.

“Biz gözləyirik ki, hadisələr necə inkişaf edəcək. İstəsək, hamısını bir gün ərzində məhv edə bilərik. Hazırda İran dronlarına qarşı effektiv işləyən ucuz sistemlərimiz var”, – deyə o əlavə edib.

Tramp həmçinin bildirib ki, ABŞ-ın üç əsas obyektə endirdiyi zərbələrdən sonra Tehran başqa bir obyekt üzərində silah proqramını bərpa etməyə çalışıb və eyni zamanda ballistik raketlər hazırlayırdı. Onun sözlərinə görə, bu fəaliyyət ABŞ-ın xaricdəki hərbi bazalarına təhlükə yaradırdı və hətta ABŞ ərazisinə çata bilərdi.

ABŞ prezidenti qeyd edib ki, İran rəsmiləri danışıqlar zamanı nüvə silahı əldə etmək niyyətlərini gizlətməyiblər.

“Onlar Uittkoffa açıq şəkildə dedilər: ‘Biz nüvə silahı yaratmaq istəyirik’. Onlar heç vaxt danışıqlarda səmimi olmayıblar. Uranın qəbuledilməz səviyyədə zənginləşdirilməsini istəyirdilər və hətta onlara ömürlük pulsuz nüvə yanacağı təklifini belə rədd etdilər”, – deyə Tramp bildirib.
 

Trampın sözlərinə görə, İranın qonşu ölkələrinin bir qismi də ABŞ-ın tərəfinə keçərək Tehrana qarşı hücumlarda iştirak edir. O əlavə edib ki, Hörmüz boğazının təhlükəsizliyi qorunacaq, çünki bölgədə çox sayda ABŞ hərbi gəmisi yerləşdirilib.


ABŞ prezidenti enerji məsələsinə də toxunaraq bildirib ki, neftlə bağlı vəziyyət digər ölkələrə ABŞ-dan daha çox təsir edir.

“Bu vəziyyət başqa ölkələrə bizdən daha çox təsir edir. ABŞ ciddi şəkildə təsirlənmir. Bizim çox böyük neft və qaz ehtiyatlarımız var — ehtiyacımızdan da artıq”, – deyə Tramp qeyd edib.

Bizim.Media

Chosen
51
1
bizim.media

2Sources