EN

Hörmüz boğazında gərginlik qlobal yükdaşımaya mənfi təsir göstərir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 10 mart, AZƏRTAC

İran ətrafında baş verən hərbi əməliyyatlar Hörmüz boğazında yükdaşıma əməliyyatlarına mənfi təsir göstərib. Boğazdan keçən yüklər illik qlobal ticarətin təxminən 4,5 faizini təşkil edir.

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Hörmüz boğazında yaranan problemlərdən əsasən neft tankerləri zərər görüb. Qlobal neft və LNG daşımalarının təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir.

Bundan əlavə, Hörmüz boğazından keçidin azalması mədən sənayesi malları və gübrələrin daşınmasında da azalmaya səbəb olub. Bu vəziyyətdən ən çox Körfəz və Afrika ölkələri təsirlənir.

“Bloomberg”in araşdırmasına görə, bu bölgədəki hadisələr nəticəsində Hindistanda alüminium və sement, Avstraliya və Cənubi Afrikada gübrə idxalçıları, həmçinin Hindistan, Türkiyə və Cənubi Afrikada qiymətli metal ixracatçıları risklə üzləşiblər. Körfəz boyu limanları olan ölkələr və qonşu limanlardan tranzit kimi istifadə edən digər Yaxın Şərq dövlətləri, eləcə də Körfəz regionu ilə ticarət aparan ölkələr Hörmüz boğazının bağlanmasından birbaşa zərər görürlər.

Eyni zamanda, bu hadisələr qeyri-neft ticarətinin təxminən 2,4 faizini də risk altına alır. Körfəz dövlətləri gübrə, qiymətli metallar, alüminium və sementin böyük ixracatçısı olduqlarından qlobal idxalçıların 4–7 faizi risklə üzləşir.

G20 ölkələri arasında Hindistan, Türkiyə, Cənubi Afrika və Argentinanın qeyri-neft ixracatının ən azı 4 faizi risk altındadır. Vəziyyət hələ də qeyri-sabitdir və təsirin miqyası Hörmüz boğazının faktiki bağlı qalma müddətindən asılı olacaq.

Bəzi pozulmuş ticarət axınları alternativ marşrutlara yönləndirilə bilər ki, bu da dəniz yollarında sıxlıq yaradaraq daşımaların qiymətinə təsir edə bilər. Eyni zamanda, Qırmızı dənizdə husilərin hücumlarının təkrarlanma ehtimalı daşımalarda yaranmış problemi daha da dərinləşdirir. Hava məkanlarının bağlı qalması isə hava yükdaşımasına təsir göstərir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
2
azertag.az

3Sources