EN

Bu gün Azərbaycanda Qızıl Aypara Günüdür

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasından 106 il ötür

Bakı, 10 mart, AZƏRTAC

Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında geniş şəbəkəyə və zəngin tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) xüsusi yeri var.

AZƏRTAC bu gün münasibətilə AzQAC-ın inkişaf yolunda bəzi məqamlara nəzər salır.

Bu təşkilat 1920-ci il martın 10-da Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə yaradılıb. AzQAC-ın fəaliyyətinin canlanması 1993-cü ildə yenidən hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Sonrakı dönəmdə isə Prezident İlham Əliyev bu humanitar təşkilatın fəaliyyətinin genişlənməsinə və inkişafına xüsusi diqqət göstərib. Prezidentin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən, hər il martın 10-nu ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunmağa başlayıb. Ən qocaman humanitar təşkilat olan AzQAC 106 illik şərəfli bir yol keçib və bu gün öz ətrafında 300 mindən çox üzvü, 6 minə yaxın aktiv könüllünü birləşdirir. AzQAC-ın baş qərargah, Naxçıvan Muxtar Respublikası komitəsi, həmin komitəyə daxil olan yerli rayon bölmələri, eləcə də respublikanın 94 rayon və şəhərində yerli sahə bölmələri və 8 regional mərkəzi fəaliyyət göstərir.

Təşkilatın əsas məramı hərəkatın 7 fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. AzQAC ötən müddətdə çoxsaylı yerli və beynəlxalq layihələri icra edərək, sosial sahədə aparılan dövlət siyasətinə mühüm töhfələr verib. Təşkilat müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və həssas qrupdan olan digər insanlara humanitar missiyasını hazırda da davam etdirir.

AzQAC tərəfindən 2025-ci ildə 190 nəfər balanslı qidalanma, Bakı, Abşeron və Qaradağda 90 nəfər gigiyena və körpə baxımı, 200 nəfər reproduktiv sağlamlıq, 50 nəfər erkən nikah, 70 nəfər şəxsi gigiyena və xəstəlikdən qorunma barədə məlumatlandırılıb. Həmçinin 110 nəfərə ümumi infeksiyalar, 73 nəfərə siqaret, alkoqol və digər asılılıqların fəsadları barədə məlumat verilib.

Ötən il Bərdədə 250 nəfərdən çox vətəndaş humanitar aksiya zamanı maarifləndirilib. Bakıda, Ağdamda, Abşeronda, Bərdədə, Göyçayda, Gədəbəydə, Ağcabədidə "İstidən qorunun – sağlam qalın!" adlı maarifləndirici kampaniyalar keçirilib, 1500-dən çox flayer və 2000 ədəd su paylanılıb. AzQAC-ın yaranma günü münasibətilə Azərbaycan Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib və həmin tədbirdə 100 könüllü donor iştirak edib. Təbii fəlakətlər nəticəsində zərər çəkmiş ailələrin müraciətləri əsasında İsmayıllı rayonunda 6, Sabirabadda 2, Ağsuda 2, Saatlıda 4 və Kəlbəcərdə 2 ailəyə humanitar yardım göstərilib. Oktyabr-dekabr aylarını əhatə edən NPVY layihəsi çərçivəsində Ağdərə və Xocalı rayonlarından olan 246 ehtiyaclı ailəyə 500 manat məbləğində maddi yardım edilib. Həssas məktəblilərin qışda qorunması və rifahının artırılması üçün 4 uşaq evi və 1 internat-liseydə məktəblilər isti paltarla təmin ediliblər. 950 uşaq Türk Kızılayın ianə etdiyi qış geyimləri ilə təmin olunub.

AzQAC-ın 2026–2030-cu illər üçün Strateji Planında 6 istiqamətin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan birincisi təşkilati və institusional bacarıqların inkişafı, ikincisi Qarabağ və Şərqi Zəngəzur iqtisadi ərazilərində təşkilati quruluş və gücləndirmə, üçüncüsü gənclər və könüllülərin inkişafı, dördüncüsü fövqəladə hallara hazırlıq, cavabvermə və bərpa, beşincisi sağlamlığın təşviqi və rifahın artırılması, altıncısı isə fondların artırılması və gəlirgətirmədir.

COVID-19 pandemiyası dövründə təşkilat missiyasını davam etdirməklə yanaşı, əhali arasında geniş maarifləndirmə işləri aparıb. Mövcud vəziyyətlə əlaqədar yaradılan operativ qərargah fasiləsiz fəaliyyət göstərib.

AzQAC-ın tərəfdaş donor təşkilatlarla işgüzar əməkdaşlığı bu gün də davam etməkdədir. Müxtəlif sahələr üzrə qurulan səmərəli əməkdaşlıq fəaliyyətlərin əhatə dairəsinin genişlənməsi ilə yanaşı, sosial məsələlərin həllində öz töhfəsini verməkdədir.

Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı təşkilatın əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri cəbhəyanı ərazilərdəki yerlərdə mülki əhalinin təxliyə olunması, humanitar yardımların göstərilməsi və yaralıların xəstəxanalara çatdırılmasında yaxından iştirak ediblər. Təəssüf ki, onların arasında itkilər də olub. Bərdə rayonunda humanitar fəaliyyət həyata keçirən könüllü Məhərrəm Mustafayev Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həlak olub, təşkilatın 2 könüllüsü isə yaralanıb.

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində AzQAC-ın 3 şəhərdə ofislərinin açılması nəzərdə tutulur.

Hazırda azad olunmuş şəhər və rayonlarda cəmiyyətin yerli bölməsinin əməkdaşları və könüllüləri tərəfindən mühüm işlər görülür və yardımlar göstərilir, Qızıl Aypara dünyamıza işıq salmaqda davam edir.

AzQAC-ın kollektivini, üzvlərini və könüllüləri Qızıl Aypara Günü münasibətilə təbrik edir, nəcib missiyalarında yeni uğurlar arzulayırıq.

Müxbir - Günel Türksoy

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
azertag.az

3Sources