Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 8 mart, AZƏRTAC
Onların peşəsi həyat xilas edən, həyat qurtarandır. Amma hər saniyəsi, hər addımı böyük risk daşıyır. Hətta bu peşənin xanımlara uyğun olmadığını deyənlər də var. Lakin onlar zərif olsalar da zəif deyillər. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar xanım xilasediciləri həm zərif, həm də güclüdürlər…
Onlar fövqəladə hallarda təhlükə ilə üz-üz olanları xilas etmək üçün həyatlarını riskə atır, yüksək peşəkarlıq nümayiş etdirir və göstərdikləri xidmətlə bir növ yeni həyat bəxş edir, xilaskarlıq missiyasını yerinə yetirirlər.
Onlar müxtəlif hadisələrdə – təbii və texnogen fəlakətlər, yol-nəqliyyat qəzaları, yanğınlar, partlayışlar, sənaye qəzaları, eləcə də zəlzələlər, daşqınlar və digər böhran vəziyyətlərində xilaskarlıq etmək üçün zamanla yarışırlar.
Çox vaxt xilasedici yerində güclü və əzmli kişi obrazı təsəvvür edilsə də, qəhrəmanlarımız kişilərlə çiyin-çiyinə çalışan qadın xilasedicilərdir –özlərini təhlükəyə ataraq həyat xilas edən fədakar xanımlar...
Hər an hazır
Həmsöhbətimiz, xilasedici Gülnarə Əliyeva 2008-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət edir. Çevik və həyatsevər olması onu bu peşəyə gətirib. O, deyir: “Xilasedici ən çətin və məsuliyyətli peşələrdən biridir. Sən öz fədakarlığınla başqalarının harayına, imdadına çatmalı, onları təhlükədən qurtarmalı, bununla yanaşı, özünün sağlamlığını da unutmamalısan. Sən özün sağ-salamat olmayandan sonra başqalarına necə kömək edə bilərsən?!”
Artıq 18 ildir ki, bu işlə məşğul olan G.Əliyeva üçün fiziki hazırlıq, cəldlik və soyuqqanlı olmaq mühüm əhəmiyyət daşıyır. “Kiçik yaşımdan peşəkar şəkildə idmanın karate növü ilə məşğul oluram. Bu isə peşəmi uğurla icra etməyimdə heç də az rol oynamır. Bir qadın üçün xilasedici işləməyin müəyyən çətinlikləri var. Lakin mən artıq həmin çətinliklərə öyrəşmişəm. Həyat xilas etmək çox vacib, təhlükəli, eyni zamanda, şərəfli bir işdir", - deyə Gülnarə xanım bildirir.

Onun üçün iş günü avadanlıqların yoxlanılması və hazırlıq məşğələləri ilə başlayır: “Hadisə ilə bağlı çağırış daxil olanda dərhal həmin ünvana yola düşürük. Çağırış isə sutkalıq növbənin istənilən vaxtında gələ bilir. Lakin bizim üçün çağırışın nə vaxt gəlməyinin heç bir fərqi yoxdur, çünki kimisə təhlükədən sovuşdurmağa, həyat xilas etməyə hər an hazırıq”.
Xidmətin Çevik Xilasetmə İdarəsinin bütün postlarında qadın xilasedicilər növbədə olur. Hadisə zamanı qadınlar da kişilər qədər fəal iştirak edirlər.
G.Əliyeva söhbət zamanı onu da dedi ki, qadın xilasedicilər yalnız fiziki deyil, həm də psixoloji və intellektual baxımdan da güclü olmalıdırlar. Düzgün və çevik qərar vermək, çətin şəraitdə fəaliyyət göstərmək və stresə davamlı olmaq onların əsas keyfiyyətlərindəndir. Qadınlar həm fiziki əməliyyatlarda, həm də zərərçəkmişlərə psixoloji dəstək göstərərək əməliyyatların uğuruna mühüm töhfə verirlər.
Təlimatçı kinoloq qadınların peşəkarlığı
FHN-in Kinoloji Taborunun zərif cinsə məxsus kinoloqları xidməti itlərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirirlər. Xüsusi təlim görmüş itlərdən canlı insanların və itkin düşmüş şəxslərin, həmçinin cəsədlərin axtarışı, partlayıcı və digər təhlükəli maddələrin aşkarlanması, həmçinin mina və digər partlayış təhlükəli obyektlərin müəyyənləşdirilməsində istifadə olunur.

Xidməti itlərlə işləmək xüsusi məsuliyyət və səbir tələb edir. Bu sahədə əsas meyar hazırlıq və peşəkarlıqdır. Təlimatçı kinoloq qadınların fədakarlığı sayəsində əməliyyatlar daha effektiv və təhlükəsiz olur.
Kinoloji qrupun təlimatçı kinoloq xanımları uzunmüddətli xidməti ilə təhlükəsizlik və xilasetmə sistemində qadınların rolunun əhəmiyyətini göstərirlər. Məsələn, qadın hərbçilərin uzunmüddətli xidməti göstərir ki, təhlükəsizlik və xilasetmə sistemində onların rolu davamlı və əhəmiyyətlidir.
Akonkaquayada dalğalanan Azərbaycan Bayrağı
Sima Səfərova FHN-in təcrübəli xilasedicilərindəndir. O, alpinist kimi də böyük təcrübəyə malikdir. Görünür, Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya qalxmağı da elə bu təcrübə sayəsində mümkün olub. O, 6 min 962 metr hündürlüyündə olan zirvəyə Azərbaycan Bayrağını qaldırıb.
Zirvəyə qalxmaq ona həm böyük sevinc, həm də qürur hissi bəxş edib: “Azərbaycan Bayrağını zirvədə dalğalandırmaq bizim üçün ən böyük fəxarətdir. Ekspedisiya zamanı hava şəraiti çox sərt idi, gecə səfərlərində donma riski yüksək olur. Lakin sərt hava şəraitinə və donma riskinə baxmayaraq Azərbaycan Bayrağını zirvəyə qaldırmağa nail olduq”.

Bu dırmanış Sima Səfərovanın həm xilasedici, həm də qadın kimi fədakarlıq və əzmkarlığını göstərir. Eləcə də onun beynəlxalq miqyaslı uğuru ölkəmiz üçün əhəmiyyətli addımdır.
AZƏRTAC-ın FHN-in zərif və güclü qadınlarından bəhs edən fotoreportajını təqdim edirik.
Fotoqraf - Vüqar İbadov

















Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.