EN

“Barclays” neftin qiymətinin bir barel üçün 120 dollara qədər yüksələсəyini proqnozlaşdırır

“Barclays” bankının analitikləri bildiriblər ki, Yaxın Şərqdəki münaqişə daha bir neçə həftə davam edərsə, Brent markalı neftin qiyməti bir barel üçün 120 dollara çata bilər.

“Bu rəqəmlər şişirdilmiş görünə bilər, xüsusilə də bu il neft bazarının perspektivləri ilə bağlı geniş yayılmış pessimizmi nəzərə alsaq. Lakin bir daha vurğulayırıq ki, fundamental amillər daha güclüdür və risklər Rusiya-Ukrayna münaqişəsi dövründə bu səviyyələri gördüyümüz vaxtdakından daha yüksəkdir”, — deyə “Barclays” bildirib.

ABŞ və İsrailin İranla münaqişəsinin kəskinləşməsi fonunda neft qiymətləri sürətlə artıb. Bu vəziyyət faktiki olaraq Hörmüz boğazının bağlanmasına və Yaxın Şərqdən tədarüklərin məhdudlaşmasına səbəb olub.

Dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin daşındığı Hörmüz boğazından gəmiçilik İranın keçən gəmilərə atəş açacağı ilə hədələməsindən sonra pozulub.

“Barclays” analitikləri bildiriblər ki, münaqişə başlayandan bəri Yaxın Şərqdə, Fars körfəzində tankerlərdə qalan neftin həcmi təxminən 85 milyon barel artıb. Onların fikrincə, neft qiymətləri üçün risklər hələ də artım istiqamətində qalır.

Cümə günü ABŞ prezidenti Donald Tramp İrandan “şərtsiz kapitulyasiya” tələb edib. Bu bəyanat onun İsraillə birlikdə başladığı müharibədən bir həftə sonra tələblərin kəskin sərtləşdirilməsi kimi qiymətləndirilir və hərbi əməliyyatların tezliklə dayandırılması ilə bağlı danışıqları çətinləşdirə bilər.

“İraqda və Küveytdə artıq hasilatın dayandırılması halları baş verir və zamanla bu proses BƏƏ-yə və hətta Səudiyyə Ərəbistanına da yayıla bilər”, — deyə “Barclays” bildirib.

Bankın analitiklərinin sözlərinə görə, daha kritik və uzunmüddətli ssenari — ehtimalı hazırda 10% qiymətləndirilir — Brent markalı neftin qiymətinin ayın sonuna qədər bir barel üçün 150 dollara qədər yüksəlməsini nəzərdə tutur.

Chosen
41
banker.az

1Sources