EN

SEPAH-dan ABŞ-yə və müttəfiqlərinə neft ixracı ilə bağlı bəyanat

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran ordusunun elit bölməsi) davam edən münaqişə zamanı regiondan ABŞ-yə və ya Vaşinqtonla əməkdaşlıq edən ölkələrə hər hansı neft ixracına icazə verməyəcəyini iddia edir.

News365.az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini bildirib.

"ABŞ-nin İrana qarşı hazırkı təcavüzü şərtlərində İslam Respublikasının silahlı qüvvələri növbəti xəbərdarlığa qədər regiondan düşmən tərəfə və onun tərəfdaşlarına bir litr də olsun neft ixracına icazə verməyəcək", - deyə o bildirib.

Onun iddiasına görə, İran "regionun neft ehtiyatlarını və təhlükəsizliyini qorumağa hazırdır".

Əli Məhəmməd Naini, həmçinin bildirib ki, İslam Respublikası ordusu "müharibəni genişləndirməyə hazırdır" və məhz Tehran "müharibənin nə vaxt bitəcəyini müəyyən edəcək".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Chosen
26
news365.az

1Sources