EN

Azərbaycan nefti bahalaşır: Büdcəyə yenidən baxıla bilər?




"Büdcəyə yenidən baxılması bir neçə günün və ya həftənin neft qiymətləri əsasında deyil, ilin ilk aylarının, xüsusilə ilk rübünün və ya 4 ayının orta yekunu əsasında müəyyənləşir. Bununla bağlı hökumətdə müzakirələr aparılır və aparılan müzakirələrə nəticəsində bu istiqamətdə qərarlar verilir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu baxımdan növbəti dövrlərdə və xüsusən 4 aylıq yekundə neftin dünya bazar qiymətinin necə olması əhəmiyyətli meyarlardan biridir:

"Bununla bağlı layihə hökumətdə hazırlanır və hökumət tərəfindən təqdim olunur. Əgər büdcəyə baxılması ilə bağlı layihə hazırlanarsa və Milli Məclisə təqdim olunarsa, müzakirələr zamanı büdcəyə yenidən baxılması nətciəsində yaranan əlavə vəsaitin xərclənməsi ilə bağlı təkliflərimizi təqdim edəcəyik. Neftin dünya bazar qiymətinin artması bir sıra prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yarada bilər", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub. Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

aia.az



Chosen
18
1
aia.az

2Sources