EN

Deputatdan muzdla döyüşə gedən azərbaycanlılara ÇAĞIRIŞ

Yazını böyüt
Yazını kiçilt

Rusiya–Ukrayna müharibəsində Azərbaycan əsilli şəxslərin həlak olması ilə bağlı xəbərlər artmaqda davam edir. Məlumatlara əsasən döyüşlərdə daha 5 azərbaycanlının ölümü təsdiqlənib. Bu fakt bir daha göstərir ki, regiondan kənarda baş verən müharibələrdə də müxtəlif ölkələrin vətəndaşları, o cümlədən azərbaycanlılar iştirak edir və bu proses itkilərlə müşayiət olunur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hafta.az-a bildirib ki, əgər Azərbaycanda yaşayan şəxs Ukrayna vətəndaşıdırsa, bu döyüşlərə qatılmaq artıq onun şəxsi problemidir. Lakin Azərbaycan Respublikasının vətəndaşı könüllü şəkildə bu müharibəyə qoşulursa, bu artıq onun ölkəmizin qanunları qarşısında ciddi məsuliyyət daşımasına səbəb olur. “Bizim qanunvericiliyə görə vətəndaşlarımızın xarici hərbi münaqişələrdə iştirakı ağır cinayət sayılır. Bu fakt təsdiqini taparsa, həmin şəxs məhkəmə qarşısında cavab verməlidir”, -deyə deputat əlavə edib.

A.Mirzəzadə yaxın keçmişdə qarşılaşdığımız nümunələrə diqqət çəkib:

“Bir müddət əvvəl bəzi vətəndaşlarımız Suriya–İraq sərhədinə keçərək İŞİD sıralarında döyüşlərdə iştirak edirdilər. Onların iştirakı sübuta yetiriləndə bu gün uzunmüddətli həbs cəzalarına məhkum olunurlar.
Mən vətəndaşlarımızı nəinki bu müharibədə, ümumiyyətlə, xarici hərbi münaqişələrdə iştirakdan çəkinməyə çağırıram. Birincisi, bu hüquqi məsuliyyət yaradır. İkincisi isə onların özləri və ailələri üçün çox ciddi mənəvi və sosial problemlərə səbəb olur”.

A.Mirzəzadə deyib ki, belə hallarda həmin şəxslər həlak olduqda və ya yaralandıqda, döyüşdükləri ölkə onların müalicəsi, pensiyası və ya ailə başçısının itkisinə görə ailəsinə hər hansı ödəniş etmir:

“Bu, ciddi problemlərdən biridir. Digər tərəfdən, başqa bir dövlətin müharibəsində iştirak etmək həm psixoloji, həm də sosial ağır nəticələr doğurur. Müharibədə iştirak edən şəxs sonradan bu ağır psixoloji yükü öz ailəsinə və ətrafına gətirə bilər. Uzun müddət ailədən uzaqda qalmaq uşaqların atasız böyüməsinə səbəb olur. Cavan oğlanlar isə ya həyatlarını itirir, ya ailə qurmaq imkanından məhrum olur, ya da müharibədən aldıqları ağır psixoloji travmanı gələcəkdə ailələrinə daşıyırlar. Bir sözlə, bu məsələdə gənclərimiz kifayət qədər məsuliyyətli və ciddi olmalıdırlar. Azərbaycan dövləti və xalqı heç bir yerdə müharibə olmasını istəmir. Ümid edirik ki, bütün münaqişələr danışıqlar yolu ilə, sülh şəraitində həll olunacaq. Əgər kimsə duyğusal hisslərlə və ya pul müqabilində bu döyüşlərdə iştirak etməyi düşünürsə, yuxarıda sadalanan bütün riskləri və nəticələri əvvəlcədən nəzərə almalıdır”,- deputat deyib.

Tahirə Qafarlı

Chosen
39
hafta.az

1Sources